AZƏRBAYCAN — AVROPA ŞURASI
Azərbaycanla Avropa Şurası (AŞ) arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır. 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.
1995-ci ilin fevral ayında AŞPA Bürosu üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın “xüsusi dəvət edilmiş qonaq” statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir.
17-18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir. 1996-cı ilin iyun ayında AŞPA Bürosu Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində səylərini nəzərə alaraq, ölkəyə “xüsusi dəvət olunmuş qonaq” statusunun verilməsi haqqında qərar qəbul etmişdir.
11 sentyabr 1996-cı ildə AŞ Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan (96) 32 saylı qətnamə qəbul edilmişdir. Ölkəmizin bu təşkilata üzv qəbul edilməsi ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün olmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycanda 1993-cü ildən ölüm cəzasına moratorium qoyulmuş, 1998-ci ildə isə ləğv edilmişdir. Ölüm cəzasının ləğvi və cəza siyasətinin humanistləşdirilməsi Azərbaycanın Avropa ailəsinə qoşulmasını təmin edən mühüm amillərdən biri olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1996-cı il iyulun 8-də "Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında", 20 yanvar 1998-ci ildə “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il mayın 14-də "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi tədbirləri haqqında" sərəncam imzalamışdır.
1997-ci il 22 aprel tarixində keçirilən AŞPA-nın yaz sessiyasında Cənubi Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin toxunulmazlığı, beynəlxalq sülhü mühafizə qüvvələrinin vasitəçiliyi ilə münaqişə zonalarında təhlükəsizliyin təminatı, bütün əlaqədar tərəflər arasında danışıqlardan sonra Abxaziya və Dağlıq Qarabağ üçün geniş muxtariyyət statusu, qaçqınlar və məcburi köçkünlərin öz yerlərinə qayıtmaq hüququ ilə bağlı prinsiplərin əks olunduğu 1119 (1997) saylı qətnamə qəbul edilmişdir.
26—28 iyun 2000-ci ildə AŞPA-nın növbəti sessiyası keçirilmişdir; 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir.
17 yanvar 2001-ci ildə AŞ Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir.
Heydər Əliyev 25 yanvar 2001-ci ildə Strasburqda Avropa Şurası Parlament Assambleyasındakı tarixi çıxışında qurumla ölkəmiz arasındakı qarşılıqlı münasibətlərin əsas istiqamətlərini müəyyənləşdirdi.
2001-2003-cü illərdə AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. 2001-ci ilin aprelində AŞPA-nın yaz sessiyasında Azərbaycanın işğal olunmuş ərazilərində narkoticarətin genişlənməsi, terrorizmin inkişafına dair avropalı deputatlara lazımi bilgilər çatdırıldı. Məhz belə qətiyyətli mövqedən sonra AŞPA-da Dağlıq Qarabağ münaqişəsinə münasibətdə daha ciddi dönüş yarandı. Sessiyada britaniyalı deputat Terri Devis AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi təyin edildi. Ermənistan AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisinin təyin olunmasına qarşı çıxsa da, Azərbaycan nümayəndə heyətinin prinsipial mövqeyi ermənilərin etirazına hər hansı əhəmiyyət verilməməsilə nəticələndi. Sessiya zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 Azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər xüsusi vurğulanmışdır.
Azərbaycan Respublikası 15 aprel 2002-ci il tarixdə Avropa İnsan Hüquqları Konvensiyası və onun Protokollarının ratifikasiya edilməsi haqqında sənədi depozitariyə təqdim etmiş və həmin gündən Konvensiya və onun Protokolları Azərbaycana münasibətdə qüvvəyə minmişdir.
2005-ci il yanvarın 25-də qəbul edilən 1416 saylı qətnamə isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan mühüm addımlardan olmuşdur. Qətnamədə qeyd olunurdu: "Parlament Assambleyası silahlı əməliyyatların başlamasından on ildən artıq bir müddətin keçməsinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi üzərində münaqişənin həll olunmamış qalmasından təəssüflənir. Yüz minlərlə insan hələ də köç-kündür və acınacaqlı şəraitdə yaşayır. Azərbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də erməni qüvvələri tərəfindən işğal altındadır və separatist qüvvələr hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər". Bu prosesin davamı kimi 2006-cı il yanvar ayının 9-da AŞ PA-nın Dağlıq Qarabağ problemi üzrə alt komitəsinin Strasburqda keçirilən növbəti iclasında mərhum lord Rassel Constonun hazırladığı hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapmışdır.
Bununla belə, Avropa Şurası Parlament Assambleyasının 1416 saylı qətnaməsinə əsasən yaradılmış Dağlıq Qarabağ münaqişəsi üzrə alt komitə Ermənistan nümayəndə heyətinin qeyri-konstruktiv mövqeyinə görə əslində fəaliyyətini dayandırmışdı.
2008-ci ilin iyun ayında keçirilmiş AŞPA-nın yay sessiyası çərçivəsində, iyunun 25-də Azərbaycanla bağlı 1614 saylı Qətnamə qəbul edilmişdir. Qətnamədə xüsusilə diqqəti çəkən məqam, Dağlıq Qarabağ münaqişəsinə aid hissələrin ölkəmizin maraqlarına uyğun olması idi. Belə ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmayana qədər, davamlı demokratik inkişafın çox çətinliklə gedəcəyini vurğulayan Qətnamədə, BMT Baş Assambleyasının 2008-ci il martın 14-də qəbul etdiyi “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” barədə Qətnaməyə istinad edilirdi hansı ki, Azərbaycanın ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edildiyini vurğulayır və erməni qüvvələrinin dərhal işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edirdi.
Bakıda Avropa Şurasının bir çox tədbirləri keçirilir. Üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı da böyük əhəmiyyət kəsb edir.
2010-cu il mayın 25-də Bakıda keçirilmiş Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərinin "Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması" mövzusunda VII konfransı da bu baxımdan əlamətdardır. Konfransda Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva iştirak etmişdi.
2011-ci il yanvarın 26-da AŞ-nın binasında ölkəmizin AŞ-na üzvlüyünün 10 illiyi münasibətilə rəsmi qəbul keçirilmişdir. Tədbirdə həm Azərbaycandan, həm də Avropa Şurasından yüksək vəzifəli şəxslər iştirak etmişdir. AŞPA Bürosunun 2011-ci il yanvarın 28-də keçirilmiş iclasında AŞPA-nın Dağlıq Qarabağ üzrə ad-hoc Komitəsinin fəaliyyətinin bərpasına dair qərar qəbul edilmişdir. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin Komitənin fəaliyyətinin davam etdirilməsinə qarşı yönəlmiş səylərinə baxmayaraq, qurumun yaradılmasına dair qərar AŞPA Bürosu tərəfindən yekdilliklə (Ermənistan nümayəndə heyəti istisna olmaqla) qəbul edilmişdir.
Avropa Şurası Nazirlər Komitəsinin 2014-cü il mayın 6-da Vyanada keçirilmiş 124-cü Sessiyasında Avropa Şurası Nazirlər Komitəsinə Sədrlik Avstriyadan Azərbaycana keçmişdir. 2014-cü ilin iyun ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında nitq söyləmişdir.
2014-cü ildə Avropa Şurasının Azərbaycan üçün 2014-2016-cı illəri əhatə edən Fəaliyyət Planı təsdiq edilmişdir. AŞ ilə Azərbaycan arasında əməkdaşlığın mühüm sənədi hesab olunan Fəaliyyət Planı çərçivəsində müxtəlif sahələr üzrə bir çox layihə və tədbirlər həyata keçirilmişdir.
Azərbaycanın sədrliyi çərçivəsində Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakı ilə Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçirilmişdir.
2015-ci il noyabrın 23-də Bosniya və Herseqovinanın Sosialist Qrupundan Milica Markovicin təklif etdiyi “Azərbaycanın sərhəd rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə mətni AŞPA-nın 2016-cı ilin yanvar sessiyasında qəbul edilmişdir. Qətnamədə Azərbaycanın cəbhə bölgələrində yerləşən rayonlarının Dağlıq Qarabağdakı Sərsəng su anbarının su təminatından asılı olması, bütün cəbhə bölgəsində əhalinin ekoloji və humanitar problemlərlə, eləcə də təhlükəsizlik riskləri ilə üzləşməsi məsələləri öz əksini tapmışdır. Qətnamədə eyni zamanda su təminatı problemlərinin araşdırılması və aradan qaldırılması məqsədilə Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən geri çəkilməsi tələb edilmişdir. Lakin AŞ tərəfindən bu məzmunda bir çox qətnamənin qəbul edilməsinə baxmayaraq, onların heç biri Ermənistan tərəfindən icra olunmamışdır.
Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal altında saxlamasını təsdiqləyən digər bir sənəd 2017-ci il yanvarın 24-də AŞPA tərəfindən qəbul edilmiş “Avropada jurnalistlər və media azadlığına qarşı hücumlar” adlı 2141 (2017) saylı qətnamə olmuşdur. Qətnamədə deyilirdi ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisi separatçı rejimin nəzarəti altında olduğundan Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsasən orada media azadlığının təmin olunub-olunmamasına nəzarət yoxdur.
Azərbaycan tərəfinin AŞ Katibliyi ilə apardığı məsləhətləşmələr nəticəsində 2018—2021-ci illəri əhatə etmiş növbəti Fəaliyyət Planı layihəsi 2018-ci ilin oktyabrında AŞ Nümayəndələr Komitəsi tərəfindən təsdiq edilmişdir. Fəaliyyət Planına uyğun olaraq layihələr ədliyyə sisteminin səmərəliliyi, penitensiar sahədə islahatlar, çirkli pulların yuyulmasına qarşı mübarizə sahələrini əhatə etmişdir.
23 noyabr 2020-ci il tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun məktubuna cavabında 2020-ci il 10 noyabr tarixli atəşkəs razılaşmasını alqışladığını qeyd edərək razılaşmanın icrası ilə əlaqədar vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il 4 aprel tarixində Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanla Avropa Şurası arasında 2022—2025-ci illəri əhatə edən Fəaliyyət Proqramının qəbul olunacağını qeyd edib. Mariya Peyçinoviç Buriç Avropa Şurasının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və iki ölkənin cəmiyyətləri arasında etimadın qurulması prosesində platforma rolunu oynamağa hazır olduğunu bildirmişdi.
Hazırda, Azərbaycan Respublikası Avropa Şurası çərçivəsində qəbul edilmiş 60-dan çox beynəlxalq konvensiyanın iştirakçısıdır. Azərbaycan Respublikası Milli Məclisinin AŞPA-dakı nümayəndə heyəti 6 həqiqi və 6 əvəzedici üzv olmaqla, ümumilikdə 12 üzvdən ibarətdir. Nümayəndə heyəti sessiyanın gündəliyinə uyğun olaraq Azərbaycanın maraq və mənafelərinə xidmət edən təşəbbüslər irəli sürür, müvafiq sənədlər üzrə müzakirələrdə fəal iştirak edir.