AZƏRBAYCAN — TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) fəaliyyətinin əsas məqsədi türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır.
TDƏŞ-in əsas fəaliyyət məqsədləri və vəzifələri Naxçıvan Sazişi ilə müəyyən edilmiş və aşağıdakılardan ibarətdir:
- tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi;
- regionda və dünyada sülhün bərqərar edilməsi;
- xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi;
- beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi;
- ortaq maraq kəsb edən bütün sahələrdə regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi;
- ticarət əlaqələri və investisiyalar üçün əlverişli şəraitin yaradılması;
- hərtərəfli və balanslaşdırılmış iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi;
- elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi;
- kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi;
- hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi.
TDƏŞ-in öz vəzifələrini yerinə yetirə bilməsi və qarşıya qoyulan məqsədlərə nail ola bilməsi üçün strukturu aşağıdakı kimi formalaşdırılmışdır:
- Dövlət Başçıları Şurası;
- Xarici İşlər Nazirləri Şurası;
- Yüksək Vəzifəli Şəxslər Komitəsi;
- Ağsaqqallar Şurası;
- Katiblik;
- Koordinasiya Komitəsi;
- Türk Şurasının Budapeştdəki Nümayəndəlik Ofisi.
Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi edən üzv ölkə növbəti zirvəyə qədər TDƏŞ-ə sədrlik edir.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulan təşkilatın bu qısa müddətdə üzvlərinin sayı 7-yə çatıb, daha 2 dövlət — Macarıstan və Türkmənistan isə müşahidəçi statusu alıb. Türk Şurası ötən illər böyük inkişaf yolu keçib.
Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə yanaşı, bu qurumun əlaqəli orqan və qurumları olan TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Biznes Şurası ilə də sıx əməkdaşlıq edir və üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi sahəsində aktiv rol oynayır. Təsadüfi deyildir ki, təşkilatın 2012-ci ildə Bişkekdə keçirilmiş İkinci Zirvə görüşündə Azərbaycanın təşəbbüsü ilə yaradılmış Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci il tarixindən etibarən qərargahı Bakı şəhərində yerləşməklə beynəlxalq təşkilat kimi fəaliyyətə başlamışdır.
Qərargahı Ankarada yerləşən TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 1993-cü ildə təsis edilmişdir. Təşkilatın fəaliyyət məqsədi üzv ölkələr arasında elm, təhsil, mədəniyyət və incəsənət sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq səviyyədə türk dünyasının ortaq dəyərlərinin tanıdılması və təşviq edilməsi, eləcə də türkdilli ölkələr arasında mədəni əlaqələrin dərinləşdirilməsidir.
TÜRKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası) İstanbul sazişi əsasında yaradılmış, 2008-ci ildə fəaliyyətə başlamışdır. Qərargahı Bakıda yerləşir. Assambleyanın məqsədi türkdilli ölkələrin parlament strukturları arasında əməkdaşlığın genişləndirilməsindən ibarətdir.
Türk Akademiyası 2010-cu ildə Qazaxıstanda qeydiyyatdan keçmiş təşkilat olaraq fəaliyyətə başlamışdır. Türk Akademiyasının yaradılması haqqında Saziş 22—23 avqust 2012-ci ildə Türk Şurasının Bişkekdə keçirilən 2-ci Zirvə Görüşündə imzalanmış və Akademiyaya beynəlxalq status verilmişdir. Türk Akademiyası Astanada yerləşir. Türk dilinin, ədəbiyyatının, mədəniyyətinin və etnoqrafiyasının tədqiqini koordinasiya və təşviq etmək məqsədilə fəaliyyət göstərir. Akademiyanın digər fəaliyyət məqsədləri türk xalqlarının mədəni və mənəvi irsinin tədqiq edilməsi, dünya sivilizasiyasının inkişafında payının artırılması, dünya ictimaiyyətinin türk xalqlarının nailiyyətləri haqqında məlumatlandırılmasıdır.
Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi 22—23 avqust 2012-ci ildə Bişkek Zirvəsində imzalanmışdır. Qərargahı Bakı şəhərində yerləşən Fond türk dünyası ilə bağlı müxtəlif tədbirlər, layihələr və proqramları maliyyələşdirmək və dəstəkləmək yolu ilə türk mədəniyyətinin və irsinin qorunmasına, tədqiqinə və təbliğinə köməklik göstərir.
Türk Biznes Şurası 2011-ci ildə təsis edilmişdir. Qurum Türk Dövlətləri Təşkilatına üzv ölkələrin işgüzar dairələri və digər təşkilatları vasitəsilə türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsini həyata keçirir.
Türk Dövlətləri təşkilatı beynəlxalq qurumlarla əməkdaşlığa böyük önəm verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT-nin bir sıra qurumları ilə əlaqələr qurmuşdur. Hazırda bu gün bir çox dövlətlər Türk Dövlətləri təşkilatlarında status almaq arzusunu ifadə edib ki, bu da onun yüksək beynəlxalq nüfuzuna dəlalət edir.
TDƏŞ-in Dövlət Başçıları Şurasının Fövqəladə Zirvə Görüşü 10 aprel 2020-ci il tarixində videokonfrans vasitəsilə “COVID-19 pandemiyası ilə mübarizədə həmrəylik və əməkdaşlıq” mövzusunda keçirilmişdir. Fövqəladə Zirvə Görüşündə “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fövqəladə Zirvə Görüşünün Bakı Bəyannaməsi” qəbul olunmuşdur.
Tərəflər Dövlət Başçıları Şurası tərəfindən pandemiya ilə mübarizədə elmi, yenilikçi, texnoloji və tibbi potensialların tam səfərbər etməklə təlimatlandırılmışdır.
Fövqəladə Zirvə Görüşünün qərarlarının icrasını təmin etmək məqsədilə TDƏŞ-ə üzv və müşahidəçi ölkələrin səhiyyə, nəqliyyat, iqtisadiyyat, gömrük və miqrasiyadan məsul qurumların rəhbərlərinin videokonfrans vasitəsilə iclasları keçirilmişdir. Eyni zamanda, sözügedən iclaslar zamanı qəbul edilmiş qərarların icrası ilə bağlı işlər aidiyyəti qurumlar arasında təsis olunmuş mexanizmlər çərçivəsində davam etdirilir.
31 mart 2021-ci il tarixində videokonfrans vasitəsilə TDƏŞ-in qeyri-rəsmi Zirvə Görüşü keçirilmişdir. Zirvə görüşündə Türkistan Bəyannaməsi qəbul edilmişdir. Həmçinin Qazaxıstanın Türkistan şəhəri Türk Dünyasının “Mənəvi paytaxtı” elan edilmişdir.
TDƏŞ beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük əhəmiyyət verir. Təşkilat artıq İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi, BMT, Ümumdünya Turizm Təşkilatı ilə əlaqələr qurmuşdur.
TDƏŞ hər zaman Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. TDƏŞ katibliyi 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri və 27 sentyabr tarixindən başlayaraq Ermənistan tərəfindən həyata keçirilən təxribatlarla bağlı mütəmadi olaraq bəyanatlar vermiş, TDƏŞ baş katibi Bağdad Amreyev 2020-ci ilin 20 oktyabr tarixində Gəncə şəhərini ziyarət etmiş, Ermənistan tərəfindən Gəncənin raket atəşinə tutulması ilə bağlı Türk dünyası adından həmrəyliyi nümayiş etdirən bəyanatla çıxış etmişdir. Eyni zamanda, TDƏŞ nümayəndə heyəti işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına da səfər etmişdir.
2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə dünyanın siyasi sistemində önəmli bir platformaya çevrilməkdə olan Türk Şurasının bundan sonra Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilmişdir.
“Təşkilat” statusu türk dövlətlərinə imkan verir ki, bütün sahələrdə əlaqələri daha yüksək səviyyəyə qaldırsınlar. Tarixi İstanbul Zirvə görüşündə olduqca mühüm olan “Türk dünyasına baxış — 2040” konsepsiyası qəbul edildi və liderlər arasında Bəyannamə imzalandı. Türk dünyası dövlətlərinin gələcək hədəflərini müəyyənləşdirən bəyannamədə əhəmiyyətli məqamlar yer almışdır.
Zirvə görüşündə mühüm qərarlardan biri təşkilatın müşahidəçiləri və tərəfdaşları ilə bağlı müddəaların qəbul edilməsi olub. Daha bir mühüm qərar, türk dünyasının ilk maliyyə qurumu olan Türk İnvestisiya Fondunun yaradılması olub. Fondun yaradılması təşkilata üzv ölkələr arasında əməkdaşlığın gücləndirilməsində, ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların həcminin artırılmasında böyük rol oynayacaq. VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Prezident İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.
31 mart 2022-ci il tarixində TÜRKSOY Daimi Şurasının Bursa şəhərində keçirilən növbədənkənar iclasında Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunması haqqında qərar qəbul edilib.