AZƏRBAYCAN SƏNAYESİ

Müstəqil Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş mühüm proqramlardan biri də modern sənayeləşmədir. Son illərdə yeni dövrün tələblərinə uyğun həyata keçirilən uğurlu siyasət davamlı iqtisadiyyatın sənayeləşməsini daha da sürətləndirib. Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Artıq ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri yaradılıb, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi yüksəlib. Ötən il görülən işlərə nəzər yetirsək, aydın şəkildə görərik ki, ölkəmiz bu sahədə müəyyən nailiyyətlər qazanıb. 2017-ci ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 0,1 faiz artaraq 70135,1 milyon manata çatmışdır. ÜDM istehsalının 40,1 faizi sənaye istehsalının payına düşmüşdür.

Ümumi daxili məhsulun 62,8 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 37,2 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyatın neft sektorunda istehsal olunmuş əlavə dəyər 5,0 faiz azalmış, qeyri-neft sektorunda isə 2,7 faiz artmışdır. Eyni zamanda Sənayenin qeyri-neft sektoru  əvvəlki ilə nisbətən 3,7% artaraq 9 484,8 milyon manata çatmışdır. Ötən il ölkə iqtisadiyyatına 14,6 milyard dollar sərmayə qoyulub.

Azərbaycan Prezidentinin "Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır" strateji xəttinə uyğun olaraq, prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də məhz sənayeləşmə və qeyri-neft sənayesinin inkişafıdır.

2016-cı il 6 dekabr tarixli Fərman ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin başlıca məqsədi mövcud resurslar nəzərə alınmaqla və ağır sənaye və maşınqayırma sektorunda müasir tənzimləmə və təşviq siyasəti tətbiq edilməklə qeyri-neft sənayesinin dinamik inkişafı vasitəsilə ölkə iqtisadiyyatının diversifikasiyasına, ağır sənaye və maşınqayırma sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə, dayanıqlı iqtisadi inkişafa nail olmaqdan, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

2020-ci ilədək nəzərdə tutulan hədəflərə nail olunması nəticəsində Azərbaycanda real ÜDM-in 1 milyard 560 milyon manatadək artacağı, 7700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu təsirin əldə olunması üçün dövlət-özəl resursları hesabına 2,9 milyard manat investisiya qoyuluşu tələb edilir.

Artıq “Strateji Yol Xəritəsi”nə uyğun olaraq həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi uğurla davam etdi.

Ötən il ölkəmizdə Balaxanı Sənaye Parkı və Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başladı, Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması ilə bağlı sərəncam imzaladı və Sabirabad Sənaye Məhəlləsinin təməlini qoydu.

Dövlət başçısının 2011-ci il 21 dekabr tarixli fərmanı ilə yaradılan Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatdı. 2017-ci ilin dekabrında sənaye parkında daha 4 müəssisə istifadəyə verilib.

2017-ci il Ölkə Sənayesində əlamətdar hadisələrdən biri də Azərbaycanın ilk sənaye məhəlləsinin – Neftçala Sənaye Məhəlləsinin fəaliyyətə başlamasıdır. Ölkəmizdə sənaye məhəllələrinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi, əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Neftçala Sənaye Məhəlləsində 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları tərəfindən istehsal sahələrinin yaradılmasına 45,3 milyon manat investisiya yatırılıb.

2018-ci ilin fevralında Mingəçevir Yüngül Sənaye Parkının “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsi işə salınıb.

Bu il bir sıra bölgələrdə o cümlədən, Sabirabad, Masallı, Hacıqabul rayonlarında Sənaye Məhəllərinin fəaliyyətə başlaması gözlənilir.  

Dövlət başçısının tapşırığına əsasən, ölkəmizin digər regionlarında da sənaye məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır. Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye məhəllələrinin yaradılması imkanları nəzərdən keçirilir.

Ölkə iqtisadiyyatının neft amilindən asılılığının azaldılması istiqamətində son illər həyata keçirilən kompleks tədbirlər nəticəsində sənaye sahəsində əldə edilən göstəricilər bir daha sübut edir ki, artıq Azərbaycan regionun güclü sənaye mərkəzinə çevrilməkdədir.