AZƏRBAYCANDA KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ

Milli qanunvericilik

Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə senzura ləğv edilmişdir. İfadə, söz və informasiya azadlığı Azərbaycanda həyata keçirilən daxili siyasətin əsas tərkib hissəsidir və dövlət tərəfindən ardıcıl qaydada bu sahəyə mümkün dəstək göstərilir.

Azərbaycan Respublikasının Konstitusiyası, 1998-ci ildə qəbul olunmuş “Məlumat Azadlığı haqqında” Qanun, 1999-cu ildə qəbul edilmiş və sonrakı illər ərzində beynəlxalq təşkilatlarla aparılan məsləhətləşmələr nəticəsində təkminləşdirilmiş “Kütləvi informasiya vasitələri haqqında” Qanun, eyni zamanda 2005-ci ildə qəbul olunmuş “İnformasiyanın əldə edilməsi haqqında” Qanun ölkəmizdə söz və mətbuat azadlığı, jurnalistlərin fəaliyyətinin müstəqilliyini tamamilə təmin edirlər.

Teleradio yayımı sahəsində əhəmiyyətli qanunvericilik tədbirləri görülmüşdür. “Televiziya və radio yayımı haqqında” qanun 2002-ci ilin iyun ayında qəbul edilmiş və həmin ilin oktyabr ayında qüvvəyə minmişdir. 5 oktyabr 2002-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Avropa Şurası standartlarına tam uyğun olan Milli Teleradio Yayımı Şurasının yaradılması haqqında fərman imzalamışdır. Milli Teleradio Yayımı Şurası 2003-cü ilin yanvarında təsis edilmişdir. Şuranın 9 üzvündən 6-sı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilmişdir. Şura müvafiq qanuna uyğun olaraq, teleradio yayımı, yayım kanallarına lisenziyaların verilməsi və onların fəaliyyətinin monitorinqi sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdehdir. Qeyd olunmalıdır ki, yarandığı gündən Şura öz qarşısında duran vəzifələri müvəffəqiyyətlə yerinə yetirmişdir.

İfadə və informasiya azadlığının təmin edilməsi istiqamətində növbəti mühüm addım 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin ilk konqresində Mətbuat Şurasının yaradılması olmuşdur.

Bu orqan müstəqil surətdə, dövlətin heç bir müdaxiləsi olmadan jurnalistlərin özləri tərəfindən yaradılmışdır. Müstəqil orqan olan Mətbuat Şurasının əsas funksiyası KİV ilə fərdlər, həmçinin KİV ilə özəl şirkətlər arasında mübahisələrin məhkəməyə qədər həll etməkdən ibarətdir. Şura həmçinin qəzetlərin monitorinqi və özünün hazırlayıb qəbul etdiyi jurnalist etikası kodeksinin müddəalarının həyata keçirilməsi funksiyalarını yerinə yetirir.

Həyata keçirilmiş monitorinqlər göstərmişdir ki, KİV-in iqtisadi müstəqilliyinin təmin edilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilməsinə baxmayaraq, onların maddi-texniki bazalarının zəif olması aktual problemlərdəndir. Həmçinin KİV-də qanunvericiliyinin tələblərinin pozulması, vətəndaşların təhqir və şantaj edilməsi, onların şərəf və ləyaqətinin alçaldılması faktlarının mövcudluğu jurnalistlərin peşəkarlığının artırılması sahəsində əməli tədbirlər həyata keçirilməsini zərurətə çevirmişdir. Göstərilən problemləri aradan qaldırmaq və KİV-in müstəqilliyini inkişaf etdirmək məqsədilə 2008-ci il avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq olunması haqqında Sərəncam imzalamışdır. 2009-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılmışdır. KİV-in inkişafına dövlət dəstəyinin əsas məqsədi söz və məlumat azadlığını inkişaf etdirmək, KİV-in müstəqilliyini dəstəkləmək, redaksiyalara yardım mexanizmini təkmilləşdirmək, informasiya sektorunda yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqini stimullaşdırmaq, cəmiyyət və KİV arasında səmərəli əməkdaşlığı gücləndirmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına şərait yaratmaq, onların sosial müdafiəsini gücləndirməkdir. Nəzərdə tutulmuşdur ki, Konsepsiyanın implementasiyası KİV-in iqtisadi müstəqilliyinin güclənməsinə, jurnalistlərin peşəkarlıq səviyyəsinin artmasına və hal-hazırda müşahidə olunan problemlərin aradan qalxmasına güclü təkan verəcək.

Eyni zamanda 2010-cu il iyunun 22-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsi haqqında” fərman imzalanmışdır.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təmin edilməsi, ictimaiyyətin iştirakının genişləndirilməsi, yeni texnologiyaların tətbiqi üçün Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Sənəddə İnformasiya əldə edilməsinin asanlaşdırılması, dövlət orqanlarının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verməsi, normativ hüquqi aktların vahid elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi,  dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının genişləndirilməsi, elektron xidmətlərin təkmilləşdirilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində, vergi nəzarəti və yoxlamaları prosesində, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində şəffaflığın artırılması, açıq hökumətin təşviqi üçün görülən tədbirlərlə bağlı maarifləndirmənin və əməkaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Son illər ərzində diffamasiyanın cinayət tərkibli əməllər sırasından çıxarılması və “Diffamasiya haqqında qanun”un qəbul edilməsi istiqamətində müəyyən tədbirlər həyata keçirilmişdir. 2009-cu ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin diffamasiya ilə bağlı 147 (böhtan) və 148-ci (təhqir) maddələrinə moratorium qoyulmuşdur. 2011-ci il mayın 11-də ATƏT-in keçmiş Bakı Ofisi (2014-cü ilin yanvar ayından yeni mandata uyğun olaraq ATƏT-in Baklıda Layihə Əlaqələndiricisi) və Mətbuat Şurası tərəfindən keçirilmiş “Diffamasiyanın dekriminallaşdırılması” adlı konfransı olmuşdur. Ölkəmizdə diffamasiya haqqında qanun layihəsinin hazırlanmasında Venesiya Komissiyası tərəfindən yardımın göstərilməsi istənilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2014-cü il fevralın 21-də keçirilmiş Plenumu böhtana görə cinayət məsuliyyətinə istisna hallarda müraciət edilməsi və bununla bağlı qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinə təklif verilməsi ilə bağlı qərar qəbul etmişdir.