KİV VƏ İNTERNET

Bu gün Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşmışdır. Dövlət KİV-lərin müstəqil və hərtərəfli inkişafı üçün zəruri şərait yaratmışdır. Azərbaycan dövləti hesab edir ki, kütləvi informasiya vasitələri vətəndaş cəmiyyətinin dinamik inkişafına mühüm təsirə malik güclü vasitədir. Kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə, Azərbaycan Respublikası MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Azərbaycanda 5000-ə yaxın KİV müvafiq dövlət orqanında uçota götürülmüş və ya qeydiyyatdan keçmişdir. Təsis edilən KİV-lər müxtəlif siyasi, ictimai mövqeli təşkilatlara, özəl qurumlara və fiziki şəxslərə məxsusdur. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr olunur. 80-dən artıq elmi-praktiki, ictimai-siyasi, sosial-iqtisadi məsələləri, uşaq və qadın problemlərini işıqlandıran və əyləncə xarakterli jurnal çıxır. Azərbaycanda 20-yə yaxın informasiya agentliyi ölkədə və dünyada baş verən hadisələrlə bağlı müntəzəm və çeşidli məlumat yayır. Azərbaycanın ilk informasiya agentliyi, 1920-ci ildə martın 1 yaradılan AZƏRTAC-dır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr olunur.

1998-ci ildən sonra Azərbaycanda yeni özəl televiziya və radio kanalları açılmış, son illər kabel televiziyasının miqyası genişlənmişdir. Hazırda Azərbaycanda 13 ümumrespublika, 10 peyk və kabel televiziyası, 13 regional, və 15 radio fəaliyyət göstərir. 2005-ci ildə Azərbaycan Dövlət Televiziyasının bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Elə həmin il ikinci dövlət kanalının bazasında İctimai Televiziya və Radio Yayımları Şirkəti  təsis edilmiş və fəaliyyətə başlamışdır. İctimai Televiziyanın maddi-texniki təminatı və real  olaraq fəaliyyətə başlaması üçün bütün zəruri tədbirlər görülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli  qərarına əsasən ölkə ərazisində rəqəmsal yayımın tətbiqinə başlanmışdır. 2014-cü il ərzində Azərbaycanda rəqəmsal yayıma keçid başa çatdırılmışdır.

Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydiyyatdan keçmiş, 30-a yaxın təşkilat söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, KİV-lərin informasiya əldə etmək imkanlarının genişləndirilməsi, cəmiyyətlə KİV arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə aktiv məşğul olur. Ölkədə mətbuat yayımı həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı artmışdır. Hazırda 20-dən çox mətbuat yayımı firması paytaxt və bölgələrdə geniş fəaliyyət göstərir.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı internetin imkanlarının genişlənməsinə şərait yaratmış və ölkədə müasir internet şəbəkəsi formalaşmışdır. Azərbaycan Prezidenti 17 fevral 2003-cü il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”sını təsdiq etmiş və bununla da qarşıdan gələn dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf istiqamətləri müəyyən olunmuşdur. Strategiya çərçivəsində “Elektron Azərbaycan — 2005-2008-ci illər” və “Elektron Azərbaycan - 2010-2012-ci illər”  dövlət proqramları qəbul olunmuş və icra edilmişdir. Ümumdünya İqtisadi Forumunun hesabatına görə, hazırda ölkə üzrə internet istifadəçilərinin sayı əhalinin 80%-ni təşkil edir. İnternet provayderinin sayı 40-a çatmışdır. Son illər genişzolaqlı sürətli internet istifadəçilərinin sayı 50 faizə yaxınlaşmışdır ki, bu da ümumdünya orta göstəricisindən 2 dəfə yüksəkdir. Son 5 ildə internet trafikinin giriş-çıxış həcmi  40 dəfə yüksəlmiş və hazırda 200 GB-dən çoxdur. İnternet xidmətlərindən istifadə haqları region ölkələrindəki tariflərlə uyğunlaşdırılmışdır. Bölgələrdə internet istifadəçilərinin sayı 12-15 dəfə çoxalmışdır. Ucqar kəndləri də nəzərə almaqla Azərbaycanın bütün bölgələrində internetdən istifadə etmək üçün şərait yaradılmışdır. Bu gün 9 milyon əhalisi olan ölkədə 2 milyondan artıq yaxın sosial şəbəkə, o cümlədən 1.2 milyon Facebook istifadəçisi, vardır. Az. domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötmüşdür. Ölkədə üç yüzə yaxın xəbər və analitik internet saytı fəaliyyət göstərir və onların sayı durmadan artır.

2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır. Nazirlər Kabinetinin 2012-ci il 22 oktyabr tarixli qərarı ilə dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin növləri 410-dan artıqdır.

Etnik və dini azlıqların KİV-dən sərbəst faydalanmalarına heç bir məhdudiyyət qoyulmamışdır. Etnik azlıqların dillərində qəzetlər dərc edilir və ya xaricdən gətirilir.

Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Azərbaycan hökuməti bundan sonra da demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir.

Ən populyar İnformasiya agentlikləri:

      1.   AZƏRTAC

      2.   APA

      3.   Azər Press

      4.   Azmedia

      5.   Azadİnform

      6.   Turan

      7.   Trend

      8.   İnterfaks-Azərbaycan

      9.   Səs

      10. Olaylar

 

Ən populyar qəzetlər:

      1.   Ədalət

      2.   Azadlığ

      3.   Azərbaycan

      4.   Bakinskiy raboçiy

      5.   Exo

      6.   Kaspi

      7.   Xalq qəzeti

      8.   Respublika

      9.   Şərq

      10. Üç nöqtə

      11. Ədalət və həqiqət

      12. Vışka

      13. Yeni Azərbaycan

      14. Səs

      15. Rəsmi Bakı

      16. Bizim xəbər

      17. İki sahil

      18. İpəkçi

      19. Olaylar

      20. 525-ci qəzet