"BAKI AĞ ŞƏHƏR" LAYİHƏSİ

Dünyanın qədim neft sənayesi mərkəzi olan Bakı qısa müddətdə ən iri şəhərlərdən birinə çevrilərək özünün təkrarolunmaz simasını əldə etmişdir.

Dinamik inkişaf edərək perspektivliyi ilə iri biznesi və xarici investorları cəlb edən paytaxt, getdikcə daha çox iş və yaşayış, istirahət və əyləncələr üçün arzu edilən böyük şəhərlərdən birinə çevrilir.

İlk neft canlanmasının mirası və uzaq keçmişin şəhərsalma tədbirlərinin nəticəsi kimi, Qara Şəhər 19-cu əsrin sonunda, Bakının şərq hissəsində yaranmışdır. Sonradan o, “qara qızılın” emal olunması, saxlanılması və nəql edilməsi üzrə fəaliyyəti yerinə yetirərək, 100 ildən artıq bir müddətdə neft sənayesində mühüm rol oynamışdır.

Hazırda, Bakı buxtasının mərkəzində yerləşən Qara Şəhərin dirçəlməsi üçün indiyə kimi görünməmiş perspektiv yaranmışdır. Paytaxtın mərkəzinin şərq hissəsində, dinamik inkişafda olan şəhər infrastrukturu ilə əhatə olunmuş 221 ha ərazinin yeni təyinatlı şəhər kimi canlanması və investisiyalar üçün ən cəlbedici imkanlardan birinə çevrilməsi şansı yaranmışdır. 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində, köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2007-ci il 11 iyun tarixli sərəncamı ilə, ərazisindən hazırda ən əsas nəqliyyat magistrallarından biri olan və Bakını Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən Nobel prospektinin keçdiyi Qara şəhərin bərpa olunması və planlaşdırılması haqqında qərar qəbul edilmişdir.

Bakı Ağ Şəhər layihəsinin baş məsləhətçisi qismində, mühəndis və memarlıq layihələndirilməsi üzrə dünyanın tanınmış şirkəti “ATKİNS“ (Böyük Britaniya) çıxış etmişdir. Layihə üzərində işə Azərbaycanlı mütəxəssislərlə yanaşı, əfsanəvi Norman Foster tərəfindən əsası qoyulmuş məşhur “Fosters + Partners” memarlıq şirkəti və kommersiya məkanlarının təşkilində böyük təcrübəyə malik olan, Amerika Birləşmiş Ştatlarının tanınmış “F+A Architects” arxitektura bürosu cəlb edilmişdir.

Layihənin konsepsiyasının formalaşdırılmasında memarlıq rəngarəngliyi, ekoloji uyğunluq və yeni ərazinin artıq mövcud olan şəhər ansamblına düşünülmüş inteqrasiyası mühüm istiqamətlər kimi əsas götürülmüşdür. Nəticədə, çox maraqlı memarlıq nümunələri və investisiya perspektivləri ilə yanaşı, torpağın dirçəlişi və inşaatın stimullaşdırılmasını, bu yerdə yaşamaq və işləmək arzusu oyadan cəlbedici mühitin və infrastrukturun yaradılmasını nəzərdə tutan layihə ortaya qoyulmuşdur.

İdeyanın möhtəşəmliyi və görülmüş işlərin professionallığı Bakının müasir şəhərsalmanın ən son tendensiyalarına inteqrasiyasını təmin edir və Bakı Ağ Şəhər layihəsini dünyanın qabaqcıl və müasir şəhərsalma layihələri səviyyəsinə çıxarır. 

Bu layihənin reallaşdırılması ilə Qara Şəhərin sənaye siması keçmişdə qalacaq və yerini Bakı Ağ Şəhər adlı harmoniya və rahatlıq məkanına verərək, öz təkrarolunmaz cizgiləri ilə regionda lider olan Bakı şəhərinin yeni müasir mərkəzinə çevriləcəkdir. 

Yerli və xarici investisiyalar yönümlü Bakı Ağ Şəhər layihəsi müxtəlif həcmli yaşayış və kommersiya tikililərinin böyük seçimini təklif edir. İnvestorlar investisiya və tikinti məqsədilə, kiçik villalardan başlayaraq iri həcmli komplekslərə qədər münasib yaşayış və ya kommersiya obyekti seçə bilərlər.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilən Bakı Ağ Şəhər layihəsi investisiyanın həcmindən asılı olmayaraq, investorlara hüquqi və təşkilati dəstəyin göstərilməsini təmin edir.

Bakı Ağ Şəhər müasir dünyanın ən böyük layihələrindən biridir və ekoloji torpaq emalı edilmiş keçmiş sənaye sahəsi üzərində inşa edilir. 
Layihəyə aid maraqlı faktlar:

- 50 000 sakin

Layihə başa çatdıqda, Bakı Ağ Şəhərin əhalisini sayına görə Andorra Knyazlığının əhalisi ilə müqayisə etmək mümkün olacaqdır.

- 39 hektarlıq landşaft

Londonun ən iri parklarından biri olan Hayd Parkın 1/3 ərazisi qədərdir.

- 10 kvartal 

Bakı Ağ Şəhər bir-biri ilə qonşu olan 10 kvartalı birləşdirir. Hər bir kvartalın uğurlu inşası bütün Baş Planın həyata keçirilməsi üçün həlledici rol oynayır.

- Tikintinin ümumi sahəsi 3,7 mln. kv.m təşkil edəcəkdir

- 18 000 yaşayış və kommersiya vahidi

- 48 000 iş yeri

Layihə başa çatdıqdan sonra Bakı Ağ Şəhər 48 000 sakini iş yeri ilə təmin edəcəkdir.

- 40 000 avtodayanacaq yeri

Adambaşına düşən dayanacaq yerlərinin sayına görə ən böyük avtodayanacaqlardan biri Bakı Ağ Şəhərdə olacaqdır.

- Bulvar xəttinin uzunluğu

Bakı Ağ Şəhər mövcud olan Bulvar xəttini daha 1,3 km uzadaraq, onu dünyada ən uzun bulvara çevirəcəkdir. 

- 65 metrlik Seyretmə Çarxı 

Ölçülərinə görə Bulvardakı çarxdan iki dəfə böyük və Parisdəki məşhur Seyretmə Çarxından (“Grande Roue de Paris”) iri olan 65 metrlik Seyretmə Çarxı Dəniz Sahilinin yaraşığı olacaqdır.

- 4 hektarlıq yeni Fəvvarələr Meydanı

Bakı Ağ Şəhərin Fəvvarələr Meydanı ölçülərinə görə mövcud Fəvvarələr Meydanından (2 hektar) böyük olacaqdır.

- Hər kvartalın öz incisi

Bakı Ağ Şəhərin bütün inciləri – çox vaxt baxış dəhlizinin sonunda yerləşən və tikililər arasında hündürlüyü və özünəməxsusluğu ilə seçilən binalar, keçid kompozisiyaları və körpülər şəhər mühitinə rəngarənglik qatan unikal elementlər olacaqdır.   

- Ən iri Ticarət Mərkəzi  

Bakı Ağ Şəhərin ərazisində regionun ən iri ticarət mərkəzi – Baku City Mall yerləşəcəkdir. 

- OpenMall

Nobel prospektindəki piyada keçidi vasitəsilə Bulvardakı Baku City Mall ticarət mərkəzi ilə birləşən müasir əyləncə və ticarət mərkəzi Bakı Ağ Şəhərin Fəvvarələr Meydanına yaraşıq verəcəkdir.

- Yeni metro stansiyası

Bakı Ağ Şəhərin Fəvvarələr Meydanında yerləşəcək yeni metro stansiyası mövcud Azadlıq - Xətai xəttinin davamı olacaqdır.

- Tikililərin sıxlığı = 1,9  

Bakı Ağ Şəhərdə tikililərin sıxlığı 1,9 faiz təşkil edəcəkdir.

- Şəhərin Mərkəzinə yaxınlıq

Bakı Ağ Şəhər Bakının incisi olan Qız Qalasından cəmi 4 km məsafədə yerləşir.