AZƏRBAYCAN ÇALĞI ALƏTLƏRİ

Xalqımızın milli sərvəti sayılan çalğı alətləri zənginliyi və müxtəlifliyi ilə seçilir. Onların əksəri qədim dövrlərdə yaranmış, təkmilləşərək dövrümüzə gəlib çatmışdır. 6 min yaşı olan Qobustan qaya rəsmlərinin yaxınlığında yerləşən “qaval çalan daş”dan əcdadlarımız zərb aləti kimi istifadə etmişlər. Azərbaycanlıların yaşadığı ərazilərdə arxeoloji qazıntılar zamanı aşkar olunan əşyaların üzərində müxtəlif çalğı alətləri həkk edilməsi, onların qədim tarixə malik olmasını göstərir. Maddi-mədəniyyət nümunələri, klassik şairlərimizin əsərləri, orta əsr musiqişünaslarımızın risalələri və rəssamlarımızın çəkdikləri miniatürlər, divar rəsmləri, diyarımızı gəzmiş səyyahların gündəlikləri, muzey kolleksiyaları vaxtilə Azərbaycanda 90-a yaxın çalğı alətinin istifadə olunması qənaətinə gəlməyə əsas verir. Onlar müasir təsnifatın əsaslandığı səs mənbəyinə görə dörd qrupa bölünürlər: simli, nəfəs, zərb, özüsəslənən alətlər. Bu təsnifata görə Azərbaycanda yayılmış alətlərin 32-ni simli (onlardan 26-sı mizrabla, 4-ü kamanla, 2-si çubuqla çalınır), 23-nü nəfəs, 16-nı zərb, 17-ni isə özüsəslənən alətlər qrupuna aid etmək olar.

Üzeyir Hacıbəyovun “Şərq musiqi təhsilini genişləndirə bilən alətdən ən qiymətlisi, ən mühümü” saydığı tar, “melodik alətlərdən ən gözəli” adlandırdığı kamança, aşıqların “həmdəmi” saz, Füzulinin “sirr sandığına” oxşatdığı qanun, vaxtilə bütün alətlərin “şahı” hesab edilən ud müasir dövrümüzdə ən geniş yayılan simli alətləri təşkil edir.

Tar Azərbaycan xalqının ən mükəmməl və möhtəşəm səslənən mizrabla çalınan alətlərindəndir. Bu cəhətlər onun hissələrinin tut, qoz və armud ağaclarından hazırlanmasından, gövdəsinin açıq tərəfinə malın ürək pərdəsinin çəkilməsindən, müxtəlif qalınlıqda və tərkibdə olan simlərinin sayından, onların bağlanma qaydasından və köklənmə müxtəlifliyindən yaranmışdır.

Müasir şəklini alanadək tar böyük inkişaf yolu keçmişdir. Onun adı XI əsrdə yaşamış Baba Tahir və Qətran Təbrizinin şeirlərində çəkilir. Əsaslı şəkildə təkmilləşməsi Azərbaycan musiqi tarixinə mahir tarzən, böyük novator sənətkar kimi düşmüş Mirzə Sadıq Əsəd oğlunun adı ilə bağlıdır. Ona qədər tarın beş simi olmuşdur. O, kök və zəng simləri əlavə etmiş, qolda 22 pərdə saxlayaraq, onların yerini dürüstləşdirmiş, alətin tez-tez kökdən düşməməsi üçün gövdəyə daxili tərəfdən “iç qol” pərçim etmişdir. Çəkisi yüngülləşmiş tar əvvəlki kimi diz üstündə deyil, sinə üstündə tutulmuşdur. Bununla da tarın texniki imkanları çox genişlənmişdir. Mirzə Əsədin tarı tez zamanda ölkəmizin hüdudlarından da kənarda yayılmışdır. Onu artıq “Azərbaycan tarı” adlandırmağa başlamışlar.

Tara üstdən baxdıqda onun gövdəsi səkkiz rəqəmini xatırlayır, böyük və kiçik çanaq hissələrə ayrılır. Nisbətən uzun qoluna 22 pərdə bağlanır. Alətin 11 metal simi vardır. Onlar rənginə görə ağ (polad qarışığı olan metaldan hazırlanır), sarı (bürüncdən) və qırmızı (ağ simlərin üzərinə qırmızımtıl və ya sarımtıl bürünc tel sarınır) simlər adlanır. Ən aşağıda yerləşən iki qoşa (ağ və sarı) sim əsas simlər sayılır, çünki ifa olunan əsərin melodiyası onlarda səslənir. Sonra qoşa – qırmızı (bəzən sarı) və ağ (onun yerinə sarı sim də bağlana bilər) simlərdən ibarət olan kök (dəm) simlər, ondan da yuxarıda qalın qırmızı — bəm kök, ton sim yerləşir. Kök simlərdən yuxarı iki cüt ağ sim – zəng (cinginə) simlər bağlanır. Əsas və zəng simlər kəllədə yerləşən 6 iri, kök simlər isə kiçik aşıqlara sarınır. Qoşa ağ, sarı və zəng simlər daimi kökə malikdirlər. Üç kök simlər isə ifa olunan muğam və ya əsərin lad əsasından asılı olaraq, müxtəlif ucalığa köklənirlər. Çalğı zamanı müxtəlif mizrab vurma üsullarından istifadə olunur.

Ürəklərə fərəh gətirən, insanı xəyala dalmağa vadar edən həzin və həm də füsunkar səsli qədim kamança bir simli olub, uzun qola və dayağa malik idi. Hazırda onun dörd simi vardır. Onlardan 3-cü və 4-cü bəm simlər mis və bürünc tellə sarınmışdır. Simlər zoğal ağacından hazırlanmış bir qədər əyilmiş çubuq şəklində olan və uclarına at tükü dəsti bağlanan kamanla çalınır. Əsasən qoz ağacından hazırlanan kürəşəkilli çanaqdan, girdə qoldan, onları birləşdirən və çanağın içərisindən keçən “şiş” adlanan dəmir mildən ibarətdir. Çanağın açıq tərəfinə nərə balığının dərisi çəkilir. Onun üzərində çəp vəziyyətdə qoyulmuş xərək yerləşdirilir. Xərəyə söykənən simlərin bir ucları şiş üzərindəki qarmaqlara, o biri ucları isə qolun üst tərəfindəki aşıqlara bağlanır.

Mizrabla – təzənə ilə çalınan sazın inkişafı aşıq sənəti ilə sıx olmuşdur. Onun adı tez-tez klassik şairlərin və aşıqların şeirlərində çəkilir. İlk sazlar kiçik çanaqlı və iki-üç simli olmuşdur. Sonralar aşıq musiqisinin inkişafı ilə “ayaqlaşan” sazın ölçüləri böyüdülmüş, sim və pərdələrinin sayı artırılmışdır. Hal-hazırda onun armuda bənzər dərin çanağı, əsasən, 9 tut ağacı zolağından yığılır, qolu isə qoz ağacından hazırlanır. Tavar və ya böyük, orta və cürə, qoltuq adlandırılan növləri vardır. Simlərin sayı tavar sazda 8-11, orta sazda 8-9, cürə sazda isə 4-7-dir. Yaxın keçmişdə uzunluğu 1500 mm-ə çatan 12 simli baş tavar və ya ana sazlar da səslənmişdir. Qoluna 17-18 və daha artıq pərdə bağlanır. 3-4 aşağı – ayaq simlər zillər, 2-3 ara simlər bəmlər, 2-4 yuxarı simlər isə dəmlər adlanır. Zil və dəm simlərin kökü daimidir. Bəm simlərin kökü ifa olunan havanın lad-harmoniya xüsusiyyətindən asılı olaraq dəyişir.

İncə, yumşaq və məlahətli səsi olan qanun diz üzərində saxlanılaraq şəhadət barmaqlara oymaq kimi geydirilən metal mizrablarla səsləndirilir. Vaxtilə Şərq ölkələrində, o cümlədən Azərbaycanda da geniş yayılmışdı. Bir müddət sıradan çıxsa da, keçən əsrin 50-ci illərinin sonunda yenidən orkestr, ansamblların tərkibində səslənməyə başlamışdır. Gövdəsi yastı düzbucaqlı trapesiya şəklindədir. Üzünün çox hissəsi taxta olub, üzərində rezonator dəlikləri açılmışdır. Üzün aşağı hissəsinə dəri çəkilərək üzərində taxta xərək yerləşdirilir. Xərəyin üstündən metal və ya kaprondan hazırlanmış 24 üçləşdirilmiş sim (ümumi sayı 72-yə çatır) keçir. Simlərin bir ucları gövdənin düzbucaq əmələ gətirən yan tərəfində açılan dəliklərə keçirilərək düyün vurulur, o biri ucları isə taxta aşıqlara bağlanır. Aləti köklədikdə aşıqlar xüsusi açarla burulur. Aşıqlara yaxın, simlərin altından oxu ətrafında dönə bilən bir və ya iki kiçik metal xərək yerləşdirilir ki, onların köməkliyi simlərin kökünü yarım və ya bir ton yarıma qədər dəyişmək olur.

Qartal lələyi ilə çalınan dolğun və məlahətli səsli ud (“əl-ud”un qısaldılmış şəklidir) qədim alətlərdən sayılır. Rusların “lyutnya”, almanların “laot”, italyanların “lyuto”, ispanların “laud” alətlərinin adları “əl-ud”dan alınmadır. X əsrə qədər udun dörd simi olub, sonralar ona beşinci sim əlavə edilmiş və səsin gur çıxması üçün hər sim qoşalaşdırılmışdır. Əvvəlcə Siciliya adasına və İspaniyaya gətirilmiş ud artıq orta əsrlərdə bütün Avropada yayılmışdı. XVII-XVIII əsrlərdə ən yüksək inkişaf mərhələsinə çatmış ud tədricən üstünlüyünü itirir və onun yerini skripka, gitara tutur. O yalnız Şərq ölkələrində üstünlüyünü saxlayır. Müasir ud iri, qabarıq, armuda bənzər qoz ağacı dilimlərindən (20-yə qədər) quraşdırılmış çanağa, pərdəsiz qısa qola və geriyə əyilmiş kəlləyə malikdir. Taxta üzündə yaxşı səslənməsi üçün rezonator dəlikləri açılmışdır. Üzün aşağı hissəsində xərək yerləşdirilir və simlər bilavasitə ona bağlanır. Beş qoşalaşmış simi var. Bəzən ona əlavə tək sim də qoşulur. 1-ci və 2-ci qoşa simlər bağırsaqdan, qalanları isə metaldandır.

Zaqatala və Balakən rayonlarının mərkəzlərində və kəndlərində yayılan cökə ağacından hazırlanan iki simli damburun uzun çalov şəkilli gövdəsi vardır. Nisbətən qısa qola beş taxta pərdə bərkidilir. Metal simlər (əvvəllər ipəkdən hazırlanırdı) barmaqların hərəkəti ilə səsləndirilir.

Orta əsrlərdə mizrabla çalınan simli alətlər daha geniş yayılmışdı. “Kitabi-Dədə Qorqud”da göstərildiyi kimi qopuz indiki aşıqların əcdadı sayılan ozanların sevimli aləti idi. İki-üç simli qopuz saza çox oxşayırdı. Bərbətin uda bənzəyirdi və ölçücə ondan bir qədər böyük idi. Mükəmməl alət sayılan rudun kökü başqa alətlər kökləndikdə əsas götürülürdü. Azərbaycanda hazırda Mərkəzi Asiyada istifadə olunan qaşqar rübabı və tənbur da geniş yayılmışdı. Tənburun dütar, setar, çartar, pənctar, şeştar, növləri də səslənirdi. Üç simli ozanın çanağının çox hissəsi dəri ilə örtülmüşdü. Donqar tənbura oxşar alət sayılırdı. Xanəndə Rzaəddin Şirvaninin ixtira etdiyi şeşxananın uda çox oxşarlığı var idi. Uda bənzər alətlərdən biri də şeştay və 8-9 simli çexesdə idi. Orta əsrlərdə Azərbaycanda geniş yayılan alətlərdən olan çəng xanəndələrin, çalğıçıların, şairlərin sevimli alətlərindən idi. Gövdəsi qövsvarı şəkildə olan çənglə yanaşı, qanunabənzər üçbucaq və dördbucaq şəkilli, xüsusi çubuqlarla səsləndirilən çəng və nüzhət istifadə olunurdu. Azərbaycanda görkəmli musiqişünas Səfiəddin Urməvinin ixtira etdiyi nüzhə və müğnü alətləri də mövcud idi. Nüzhə özündə çəng və qanunun quruluşu əsasında hazırlanmışdı. Dördbucaq şəkilli alət 81 simə malik idi. 33 simli müğni xarici görünüşlə rübaba çox oxşayırdı, lakin ölçücə ondan böyük idi. Yaxın keçmişdə Azərbaycanda gövdəsi trapesiya şəkilli qutudan ibarət olan və çubuqlarla səsləndirilən santura rast gəlinirdi. Onun simlərinin sayı 96-ya çatırdı.

At tükündən hazırlanan kamanla çalınan alətlərdən Azərbaycanda çəğanə, çəğanaq və kəman yayılmışdı. Çəğanənin çanağı armud şəklində idi. İki və ya üç simli alət kamança kimi dayağı ilə döşəməyə söykənilirdi. Üç simli çəğanağın çanağı xəlbiri xatırladırdı. Kəman isə xarici görünüşlə skripkaya bənzəyirdi.

Azərbaycanın şəfalı dağlarında, aran yerlərində, şəhər və kəndlərində ulu babalarımızdan qalan nəfəs alətlərindən balabanın məlahətli, zurnanın gur, möhtəşəm, tütək və neyin həzin səsləri eşidilməkdədir. Azərbaycanın şimal və şimal-qərb bölgələrində ksula, Naxçıvanda isə yan-tütəyə və çalğıçıların saatlarla səsləndirdiyi tuluma rast gəlinir.

Xalqımız zurna (o “qara zurna da adlanır) sədaları altında oğullarını döyüşə göndərmiş, əmin-amanlIq dövründə isə səsi şənliklərdən, toy-düyünlərdən, idman yarışlarından eşidilmişdir. Şəki zonasında vaxtilə gövdəsinin uzunluğu və səsinə görə fərqlənən dörd növ — baş və orta tavar (indi ondan istifadə edilir) cürə, orta və ayaq cürə zurnalar səsləndirilərdi.

Zurnanın tərkib hissələrinə gövdə (kötük, karxana), mil, dil və tağalaq daxildir. Gövdə, əsasən, nəm çəkməyən ərik ağacından hazırlanır. Gövdənin üzərində səkkiz, arxasında isə bir çalğı dəliyi açılır. Gövdənin diametri altıncı dəlikdən artaraq konusvari şəkilalır. Enli ayaq hissəsindəki dəlik həmişə açıq qalır. Gövdəyə baş tərəfdən cır söyüddən hazırlanmış haça şəkilli “maşa” salınır. Ona bürünc və misdən düzəldilən mil taxılır. Milin aşağı ucuna isə qamış “dil” bərkidilir. Milə sədəf və ya sümükdən hazırlanmış dairəvi şəkilli “tağalaq” keçirilir. Çalğı zamanı dodaq ona toxunur. Dil çalğıdan sonra qapaqla örtülür.

Balaban (çox vaxt müştüyünün yastı olmasına və yumşaq, zərif səsinə görə ona “yastı balaban” da deyilir), əsasən, ərik ağacından hazırlanan gövdə, qamış, xərək və qapaqdan ibarətdir. Gövdənin üzərində 8, arxa tərəfdə üz tərəfdəki 1-ci və 2-ci dəliyin (səs pərdəsinin) ortasına tuş gələn daha bir dəlik açılır.

Tütək, əsasən, qamışdan hazırlanır. Silindrik gövdəsinin (uzunluğu 280-350 mm, diametri 20 mm) aşağı ucu bir qədər yonulur, baş tərəfi isə çəp kəsilir və daxilinə taxta keçirilir. Baş hissəsinin üst tərəfində səs alınması üçün kvadrat şəkilli dəlik açılır və səsi nizamlamaq üçün metal halqa keçirilir. Gövdənin üst tərəfində 7, alt tərəfində isə 1 dəlik açılır.

Ney içi boş, düz silindrik gövdədən ibarətdir. Alət qarşıdan, ərik, xurma ağaclarından və ya misdən hazırlanır. Səsin yaxşı çıxmasını asanlaşdırmaq üçün alətin yuxarı ucu bir qədər yonulur. Gövdənin aşağı üz tərəfində 5-7 çalğı dəliyi və arxa tərəfdə, alətin kəllə (baş) hissəsinə yaxın, bir dəlik açılır.

Artıq xalq çalğı alətinə çevrilən qalxan qarmon ( “Azərbaycan” və ya “şərq” qarmonu adı ilə daha məşhurdur) və klarnet də ansamblların tərkibində geniş istifadə olunur.

Orta əsrlərdə Azərbaycanda başqa nəfəs alətləri də yayılmışdı. Onlardan aşağıya doğru tədricən genişlənən uzun burğunu, onlardan qısalığı ilə seçilən, lakin ağzı kəskin genişlənən buğ, müxtəlif uzunluqda səkkiz borudan ibarət olan musiqarı, uzunluğu 2 metrə çatan və aşağıya doğru ağzı genişlənən kərənayı, uzunluğu nisbətən kiçik nəfiri, ağzı bir qədər geniş, uzun, düz borudan ibarət olan şeypuru göstərmək olar. Kərənaydan fərqli olaraq borusu bükülmüş alət gavdum, nəfirin buynuz kimi əyilmiş növü şahnəfir, tütəyə oxşar alət mizmar adlanırdı. Kəskin səsli nayla yanaşı, eyni adla həzin səsli alət də yayılmışdı. Müasir orqanın əcdadı sayılan ərğan çoxlu borulardan təşkil olunub, körük vasitəsilə səsləndirilirdi. Yaxın keçmişdə tütəyin ibtidai növü sümsü, sümsü-balabanın və eləcə də quş şəkilli burbuğun və kələnayın (kələzurnanın) səsini eşitmək olurdu. İndi də ara-sıra şapbır-balaban səslənir.

Üzeyir bəyin təbirincə zərb alətlərindən “ən zərifi” qaval, özünə məxsus səsi olan nağara, qoşanağara, dümbək dövrümüzdə ən geniş yayılan zərb alətlindəndir.

Qaval ensiz, dairəvi şəkilli ağac sağanaqdan ibarət olub, bir üzü açıq, o biri üzünə isə balıq dərisi çəkilmişdir. Sağanağa daxili tərəfdən metal halqalar bərkidilir. Diametri 340-456 mm, eni isə 40-50 mm-dir. Qavalda səslər hər iki əlin ovucları və barmaqları dəri üzün kənarına və ya mərkəzinə vurmaqla, həmçinin aləti silkələməklə alınır.

Ərik, qoz, tut və cökə ağaclarından hazırlanan nağaranın sağanağı silindr şəklindədir. əsasən Keçi dərisi çəkilmiş polad çənbər çal-çarpaz dolanan kəndir vasitəsilə hər iki üzə dartılır. Gövdəsinin ölçüsündən asılı olaraq müxtəlif ad daşıyır: böyükləri – kos (həmişə kiçik növü ilə səsləndirilir), orta ölçüdə olanları qoltuq, əl nağarası, toy, kiçikləri isə cürə, bala nağara. İri nağaralar iki toxmaqla, başqa növləri isə əllə və çubuqlarla çalınır.

Qoşanağara (dumbul, dümbələk də adlanır) eyni hündürlüklü, ancaq müxtəlif ölçülü iki qoz, tut ağaclarından və metaldan hazırlanan gövdədən ibarətdir. Xarici görünüşünə görə fincanı xatırladır. Gövdələrin üst tərəfinə çəkilmiş keçi, öküz, dəvə və ya at dərisi camış gönündən düzəldilən köşə ilə və ya vint mexanizmi ilə dartılır. Çalğı zamanı çubuqları ayrı-ayrılıqda hər iki dəri üzə, bir üzə (mərkəzinə və kənarına), bir-birinə və ya gövdəyə, ovucun üzə vurulması ilə müxtəlif səslər alınır.

Dümbəyin piyaləni xatırladan gövdəsi (əvvəllər gildən hazırlanırdı, indi əsasən ağacdan düzəldilir), geniş üst tərəfinə keçi dərisi çəkilir və bir-birinə çal-çarpaz sarınan qayışla və ya vint mexanizmlə dartılır. Alətin hündürlüyü 350-400 mm-dir. Çalma tərzi qavaldakına oxşayır.

Zərb alətləri arasında orta əsrlərdə çubuqlarla səsləndirilən piyalə şəkilli təbil geniş yayılmışdı. Gövdəsi mis və ya bürüncdən, açıq tərəfinə isə canavar dərisi çəkilirdi. Ovçuluqda istifadə olunan kiçik növü təbil-bas adlanırdı. Təbilə nisbətən kusun ölçüsü böyük idi, ucları əyilmiş və ya parça bağlanmış çubuqlarla səsləndirilirdi. İki iri təbildən ibarət olan cüft-kös adətən döyüşlərdə çalınırdı. Müasir qavala oxşayan dəf (indi bəzən qavala da bu ad verilir) də geniş yayılmışdı. Onun sağanağı boyu bir-birindən aralı 4-6 mis dairəcik bərkidilirdi. Bəzən dairəciklər əvəzinə sağanağın xarici və daxili tərəfinə kiçik halqacıqlar bağlanırdı. Bu alət isə dairə adlanırdı. Məzhərin dəfə nisbətən enli sağanağı var idi və ona halqa, zınqırovlar bərkidilmirdi. “Kitabi-Dədə Qorqud” dastanında adı çəkilən davul iri nağaranı xatırlayırdı. Təbirənin gövdəsinin diametri orta hissəyə doğru kiçilirdi. Dumbulun sağanağının hər iki tərəfi enli idi, nağarazən birtərəfli nağara, dühul isə uzunsov nağara şəklində idi.

Özüsəslənən alətlər sırasına şaxşax, kaman, laqquti daxildir. Şaxşax (çalpara) dəstəyin yuxarı hissəsinə iplə bərkidilmiş bir tərəfi qabarıq iki dairəvi taxta lövhəcikdən (kasadan) ibarətdir. Aləti dəstəyindən tutub silkələdikdə, onlar bir-birinə dəyərək səs verir. Kamanın 400 mm-ə yaxın uzunluqda ağac hissəsi yay kamanı şəklində əyilmişdir. Onun ipdən düzəldilmiş girişinə metal lövhəciklər, halqa və zınqırovlar keçirilərək uclarını ağacın uclarına bağlanır. Rəqs zamanı yallıbaşı aləti ortasından tutaraq, aləti silkələməklə və ona tək-tək zərbələr endirməklə rəqsin ritmini saxlayır. Laqquti ölçülərinə görə fərqlənən iki düzbucaq şəklində yastı ağac tircikdən ibarətdir. Onların uzun yan tərəfi boyu dərin rezonator yarıqları yonulmuşdur. Çalğı üçün iki çubuqdan istifadə olunur.

Vaxtilə Azərbaycanda cərəs, sinc, zəng, dəray, qımro, kasə, ağız-qopuzu, zınqırov, çan, teşt, səfail, qaşığek, zil və xəlxaldan da istifadə olunurdu. Daha geniş yayılan sinc və dəray əsasən hərbi yürüşlərdə, cərəs köç zamanı, bilərzik şəklində olan və üst tərəfdən qımrolar bərkidilən xəlxal, kiçik zəng şəklində olan cərəsdən isə rəqqaslar istifadə edirdilər.

Ənənəvi çalğı alətlərimiz birləşərək müxtəlif çalğıçı dəstələri təşkil edirlər. Qaval çalan xanəndə, tarzən və kamançaçıdan ibarət olan məşhur muğam “üçlüyü” – sazəndə, cürə sazlarda ifa edən sazçı qızlar, aşıq, nağaraçıların qoşulduğu zurnaçılar, balabançılar, damburçular, tulumçular və habelə nağaraçılar dəstələri xalqın böyük rəğbətini qazanmışdır.

Bəstəkarlarımız tar, kamança, saz, qanun, balaban, zurna üçün konsert, sonata, pyes və başqa janrda əsərlər yazmışlar.

Son illər sənətşünaslıq namizədi, Respublikanın əməkdar artisti Məcnun Kərimov tərəfindən unudulmuş alətləri bərpa edərək yenidən ansamblların tərkibinə daxil edilməsi üçün böyük axtarış işləri aparılmış və artıq bir sıra alətlər həyata qaytarılmışdır. Onların sırasında rud, rübab, bərbət, çəng, qopuz, çoğur, çəğanə, şirvan tənburu, santur, nüzhə vardır. Bu şərəfli işə sənətşünaslıq namizədi Abbasqulu Nəcəfov da qoşulmuşdur. Artıq bərpa edilmiş çalğı alətlərindən təşkil olunmuş ansambl fəaliyyət göstərir. Şübhəsiz, yaxın gələcəkdə onlar ənənəvi alətlərimizə qoşularaq, orkestr və ansambllarımızın səsini daha rəngarəng və möhtəşəm edəcəkdir. 

 

 

Zərb çalğı alətləri

Qoltuq nağara Cürə nağara Böyük nağara (Kos)
Qoşa nağara Qaval Dəf
 
Laqqutu Dümbək  

 

Nəfəsli çalğı alətləri

Ney Balaban Zurna
Tulum Tütək Qarmon

 

Simli çalğı alətləri

Qopuz Çoğur Çəqanə
Rübab Bərbət Şirvan tənburu
Səntur Çəng Rud
Saz Tar Kamança
 
Qanun Ud