GÖRKƏMLİ MUSİQİ XADİMLƏRİ — BƏSTƏKARLAR

Aqşin Əliqulu oğlu Əlizadə (1937-2014) — Azərbaycan bəstəkarı, professor.

1962-ci ildə Bakı Konservatoriyasını, Cövdət Hacıyevin bəstəkarlıq sinfini bitirib.

Tələbə vaxtı yazdığı sonata Gənc Bəstəkarların I Ümumittifaq Müsabiqəsində I dərəcəli diploma, sonra yazdığı Birinci simfoniya "Zaqafqaziya Baharı" festivalında I diploma layiq görülüb. 16 simli alətlər üçün yazılan "Ekspressiya" əsəri aleatorik və sonor texnikası üçün maraqlı təcrübədir. "Bayatılar" əsəri Azərbaycan musiqisində özünəməxsus eksperiment olaraq, daha çox monodik xarakter daşıyır.

Aqşin Əlizadənin yaradıcılığının ümumi cəhətləri virtuoz etnoqrafizm, dərin fəlsəfi ümumiləşdirmə, emosional genişlik, konstruktivlik, şərqsayağı əlvan dekor və ciddi forma mütənasibliyidir. Əsas əsərləri "Babək" baleti, "Qаfqаzа səyаhət" baleti, "Ümid vаlsı" baleti, 5 simfoniya, xor üçün "Bayatılar", "Təntənə", "Azərilər" kantatası, "Ana torpaq", "Qədim lay-lay", kamera orkestri üçün "Pastoral", "Aşıqsayağı", "Cəngi", "Kənd suitası", "Uşaq süitası", fortepiano üçün sonata, "Dastan", "Qədim oyunlar", "Portret", xoreoqrafiq simfoniya və s.

50-dən artıq bədii film, cizgi filmi, tamaşaya musiqi yazıb.

Arif Cahangir oğlu Məlikov (1933) – Azərbaycan bəstəkarı və rəssamı, professor.

1960-cı ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını Qara Qarayevin bəstəkarlıq sinfi üzrə bitirmişdir. Həmin ildən orada dərs deməyə başlamışdır, hazırda orada professor və bəstəkarlıq kafedrasının müdiri kimi çalışır.

Bəstəkar Arif Məlikovun yaradıcılığı parlaq istedad və özünəməxsusluğu ilə səciyyələnir. O, öz əsərlərində milli musiqi ənənələrini XX əsr musiqisinin nailiyyətləri ilə birləşdirərək mütərəqqi təfəkkürə malik sənətkar kimi çıxış edir.

Onun yaradıcılığına yüksək ideya, dolğun məzmun, obrazların dərin emosional-psixoloji ifadəsi xasdır. Görkəmli türk şairi Nazim Hikmətin librettosu əsasında yazdığı ilk böyük əsəri — "Məhəbbət Əfsanəsi" baleti Arif Məlikova dünya şöhrəti qazandırdı. Bəstəkarın sonrakı yaradıcılıq uğurlarından biri özbək yazıçısı Ş.Rəşidovun "İki qəlbin kitabı" əsəri əsasında yaratdığı "İki qəlbin poeması" baleti olmuşdur.

Arif Məlikovun əsərləri dünyanın bir çox ölkələrində — Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiyə, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxıstan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.

2016-cı ildə Arif Məlikovun 28 cilddən ibarət "Not əsərlərinin tam külliyyatı" çap olunub.

Ağabacı İsmayıl qızı Rzayeva (1912-1975) — Azərbaycanın ilk qadın bəstəkarı.

Ağabacı xanım not çalğısı üzrə ali təhsilli tarzən və bəstəkar Səid Rüstəmovdan, muğam üzrə Mirzə Mənsur Mənsurovdan dərs alır.

Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil almış, onun ən sevimli tələbələrindən biri olmuşdur. Musiqi-nəzəri fənlərdən isə ona Ü.Hacıbəyov, Ə.Bədəlbəyli və C.Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir. O, həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsilini almış ilk qadın-bəstəkardır. Onun bəstələdiyi ilk əsər "Gənc vətənpərvərlər marşı" olmuşdur. Mahnı və romans A.Rzayeva yaradıcılığının aparıcı sahəsinə çevrilir. Bəstəkarın qəhrəman neftçilərimizin əmək şücaətini tərənnüm edən "Neftçi Qurban", ata-anaların gözlərini sevincdən yaşardan "Evimizə gəlin gəlir", "Oxuma gözəl", "Çoban Qara", balaca qızların gözləri qarşısında şirin və möcüzəli bir aləm açan "Kukla", "Qaranquş", "Ağ göyərçinim", "Sabahın ustaları", "Balaca kapitan", "Qərənfiləm mən" və s. əsərləri milli mədəniyyətimizdə layiqli yer tutur. A.Rzayeva öz yaradıcılığının janr diapazonunu genişləndirməyə də can atmışdır. Bu mənada onun musiqili səhnə əsərlərini ("Günəş eşqi", "Höcət eləmə"), variasiyalarını, iki sonatasını, qaboy, tar və kamança alətləri üçün yazdığı pyesləri, xalq çalğı alətləri üçün "Şənlik" süitasını da qeyd etmək olar. Xalq çalğı alətləri orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə bağlıdır.

O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdu. 1960-cı ildə ona əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.

Asəf Zeynalabdin oğlu Zeynallı  (1909-1932) — Azərbaycan bəstəkarı.

O, 1923-1926-cı illərdə Bakı musiqi texnikumunda, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində, Üzeyir Hacıbəyovun sinfini bitirmişdi. 1929-1931-ci illərdə türk (Azərbaycan) fəhlə teatrında musiqi bölməsinin müdiri və Azərbaycan proletar musiqiçiləri birliyinin sədri işləmişdir. Tofiq Quliyev və Qara Qarayev bir müddət onun tələbələri olmuşlar. Azərbaycan musiqi tarixində ilk romanslar Asəf Zeynallının adı ilə bağlıdır.

23 il ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləridir. Piano üçün “Uşaq süitası” silsiləsi,  “Çahargah” Pyesi, violino və piano üçün “Muğamsayağı”, 2 fuqa,  simfonik orkestr üçün  “Fraqmentlər”, teatr tamaşalarına musiqi, xalq mahnıları işləmələrinin müəllifidir. Azərbaycan musiqi folklorunun  toplanıb nota köçürülməsi və işlənməsi sahəsində böyük  iş aparmışdır.  “İbtidai not savadı” adlı dərslik tərtib etmişdir. 

O həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələmiş, "Uşaq süitası" əsəri ilə ilk dəfə Azərbaycan musiqi tarixində uşaq musiqisi repertuarının əsasını qoymuşdu. Asəf Zeynallı bir neçə Azərbaycan xalq mahnılarını nota almışdır. Cəfər Cabbarlının sözlərinə bəstələdiyi "Ölkəm" romansı ən məşhur əsəri hesab olunur.

O, 70-ə yaxın Azərbaycan xalq mahnılarını nota alır. Azərbaycan musiqi folkloru nümunələrinin toplanması üçün Qarabağa səfər edir və orada da ağır xəstələnir. Qarın yatalağına tutulan bəstəkar müalicə almaq üçün Bakıya qayıdır. O, xəstəxanada olarkən otağının divarına son simfoniyasını yazır və qardaşından əsərinin divardan kağıza köçürülməsini xahiş edir. Təəssüf ki, onun son vəsiyyətini heç kim yerinə yetirmir

Azər Hüseyn oğlu Rzayev  (1930-2015) — Azərbaycan bəstəkarı, professor.

İlk təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki 11 illik orta ixtisas musiqi məktəbində skripka aləti üzrə professor S.Bretanitskinin sinfində və eyni zamanda Boris Zeydmanın uşaq yaradıcılığı sinfində almışdır. Daha sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasında davam etdirərək 1953-cü ildə oranı 2 ixtisas üzrə — bəstəkarlıq üzrə professor B.Zeydmanın və skripka üzrə professor A.Amitonun sinfini bitirmişdir. 1953-cü ildən 10 illik musiqi məktəbində skripka ixtisası üzrə müəllim və konservatoriyada konsertmeyster – müşayətçi kimi fəaliyyətə başlayıb.

A.Rzayev bir bəstəkar kimi ilk dəfə skripka ilə simfonik orkestr üçün 1 saylı Konserti ilə tanınmışdır. Bəstəkar bu əsərə görə 1955-ci ildə Varşavada keçirilən bəstəkarların Beynəlxalq Müsabiqəsində laureat adına layiq görülmüşdür. 1954-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1957-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olmuş, həmçinin 1957-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə kamera ansamblı üzrə müəllim, baş müəllim və nəhayət professor kimi fəaliyyət göstərmiş, Radio və Televiziya komitəsində səs rejissoru, M.Maqomayev adına Dövlət Filarmoniyasında bədii rəhbər, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru olmuşdur.

Bəstəkarın yaradıcılığında əsas yeri instrumental musiqi janrları tutur. O, skripka ilə simfonik orkest üçün 3 Konsertin, 6 poemanın, o cümlədən "Həyat vurğunu", "Nəsimi", "Atamın xatirəsinə" poemalarının, "Bakı-90" simfoniyasının, skripka ilə orkestr üçün "Fədai-Vətən", violonçel və simfonik orkestr üçün "Poema-konsert"-in, tar və simfonik orkestri üçün "Düşüncə" və "Qaytağı", fortepiano və simfonik orkestr üçün Konsertin, habelə "Hacı Kərimin Aya səyahəti" adlı bir operettanın, çoxlu sayda kamera-instrumental əsərlərin, tamaşalara yazılmış musiqilərin müəllifidir.

1963-cü ildən televiziya və radioda "Azərbaycan musiqi tarixindən səhifələr", "Orkestrin musiqi alətləri haqqında", "Bəstəkarlarımızın portreti", "Musiqi aləmi" silsilə verilişlərin müəllifi və aparıcısı olmuşdur. 1997-ci ildə Bülbül adına orta-ixtisas musiqi məktəbi nəzdində "Uşaq simfonik orkestri" yaratmışdır.

Cavanşir Rəhim oğlu Quliyev (1950) — tanınmış Azərbaycan bəstəkarı.

1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri Fakültəsinin Tar Şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq Fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib.

Hələ tələbə ikən, C.Quliyev bəstəkarlıqda eksperimentlərinə başlamışdı. 2-ci kursda oxuyarkən yazdığı “Birinci Kvartetdə”, gələcəkdə əsas yaradıcılıq prinsipi olan milli musiqinin çağdaş bəstəkarlıq texnikası ilə sintezləşdirərək, yeni musiqi tərzinin üzə çıxmasına nail olmuşdu. Əsər dinləyənlər tərəfindən böyük maraqla qarşılanmış, bəyənilmiş və uzun müddət “millilik və müasirlik” baxımından yaradıcı mübahisələrin səbəbi olmuşdur. Bir sıra Konservatoriyalararası konfranslarda, o zamanki SSRİ Bəstəkarlar İttifaqında səsləndirilmiş, və böyük maraq doğurmuşdur. Sonralar C.Quliyevin bu üslubda bəstələdiyi bir sıra başqa əsərləri Avropanın çeşidli ölkələrində və Amerikada ifa olunaraq, böyük rəğbət görmüşdür.

Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir. Tələbəlik illərindən, yəni 1973-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində səs rejissoru işləməyə başlayıb və həmin vəzifədə 17 il çalışıb.

1990-1993-cü illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980-1998-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında – Bakı Musiqi Akademiyasında, 1994-2003-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib. Paralel olaraq 1992-ci il sentyabr ayının 1-dən 2005-ci ilə qədər Akademik Milli Dram Teatrında musiqi hissə müdiri işləyib. 2003-cü ildən Azərbaycən Milli Konservatoriyasının dosenti, 2005-ci ildən professoru, 2005-ci ildən Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitetinin Səhnə Sənətləri Fakültəsinin professorudur.

Cahangir Cahangirov (1921-1992) – bəstəkar, pedaqoq, xormeyster.

A.Zeynallı adına Bakı Musiqi Məktəbində, 1951-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında B.Zeydmanın bəstəkarlıq sinfində təhsil alıb. Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb. 1959-cu ildə Əməkdar incəsənət xadimi, 1963-cü ildə xalq artisti, 1950-ci ildə SSRİ dövlət mükafatı laureatı olub.

Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirmişdir. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilmişdir. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.

Onun “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və s. mahnıları dillər əzbəridir. Cahangir Cahangirov klassiklərin yaradıcılığına da müraciət etmiş, ürəyəyatımlı mahnı və romanslar yazmışdır.

Əhməd-Cövdət İsmayıl oğlu Hacıyev (1917-2002)  — tanınmış Azərbaycan bəstəkarı, Bakı Musiqi Akademiyasının rektoru və professoru

Оrta təhsilini başa vurduqdan sоnra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Kоnservatоriyasında, 1938–1941-ci illərdə isə Mоskva Kоnservatоriyasında оxumuş və müharibə illərində yarımçıq qalmış təhsilini sonralar davam etdirərək, 1947-ci ildə bəstəkar Dmitri Şоstakоviçin sinfini bitirmişdir. 

Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev Azərbaycanda peşəkar musiqi kadrlarının hazırlamasında misilsiz xidmətlər göstərmişdir. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş gözəl pedaqoq olmuşdur. Cövdət Hacıyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğindəki xidmətləri yüksək qiymətləndirilmişdir. O, iki dəfə SSRİ Dövlət mükafatına layiq görülmüş, bir çox orden və medallarla, о cümlədən Azərbaycan Respublikasının ali mükafatı – "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

Azərbaycanda musiqi simfoniyasının banilərindən biri olan C.Hacıyev yaratdığı simfoniyalarda, "Sülh uğrunda" simfonik poemasında öz dövrünün ən mühüm problemlərinə toxunaraq onları lirik-dramatik tərzdə əks etdirmişdir. Qara Qarayevlə birgə bəstələdiyi "Vətən" operası, kamera-instrumental və fortepiano əsərləri də C.Hacıyev yaradıcılığında əhəmiyyətli yer tutur. O, hələ tələbəlik illərində ilk böyük əsəri olan bir hissəli "Simfoniya"nı, iki simfonik poemasını, "Azərbaycan süitası"nı simli kvartet və sair əsərlərini bəstələmişdir. 1945-ci ildə Qara Qarayevlə birlikdə yazdığı "Vətən" operasına görə SSRİ Dövət mükafatına layiq görülmüşdür.

Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniyanın, həmçinin simfoniyetta, oratoriya, ballada, sonata, skerso və kvartet poemanın, xor üçün bir sıra dəyərli əsərlərin müəllifıdir.

Cövdət Hacıyevin "Onu zaman seçib" adlı səkkizinci simfoniyası Azərbaycanın prezidenti Heydər Əliyevə həsr olunub.

Eldar Bəhram oğlu Mansurov  (1952) – Azərbaycan bəstəkarı.

1968-1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin fortepiano sinfində, 1974-1979-cu illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb. "Yeddi gözəl" rok-operası, "Kleopatra" və "Olimp" rok-baletləri, 5 simfoniya, "Mahur-hindi" simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.

1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə "Əməkdar incəsənət xadimi", 2012-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

Bəstəkar Eldar Mansurovun "Bayatılar" mahnısı ilk dəfə 1989-cu ildə ifa olunub. "Bayatılar" dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə "Melodiya" şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayıldı. Şair Vahid Əzizin sözlərinə yazılmış "Bayatılar" bu günə kimi ən sevimli mahnılar sırasındadır. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. "Bayatılar"ın musiqisi TürkmənistanRusiyaTürkiyəYunanıstanAlmaniyaİtaliyaİspaniyaFransaRumıniyaBosniya və HerseqovinaXorvatiyaABŞİngiltərəİsveçKanadaİsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.

Emin Sabit oğlu Mahmudov (Emin Sabitoğlu) (1937-2000) — Azərbaycan bəstəkarı.

Musiqi məktəbini bitirdikdən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib.

1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.

O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Dərələr", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Dağlar", "İnsaf da yaxşı şeydir" mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.

Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalamışdır. 1 dekabr 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin “Emin Sabitoğlunun 80 illik yubileyinin keçirilməsi haqqında” 5 avqust 2017-ci il tarixli 3142 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Dövlət Akademik Filarmoniyasında musiqi sənətinin istedadlı nümayəndələrindən biri görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir.

Əfrasiyab Bədəlbəy oğlu Bədəlbəyli (1907-1976)— Azərbaycan klassik bəstəkarı, dirijor, librettoçu.

Əfrasiyab Bədəlbəyli Azərbaycanda ilk baletin müəllifidir. O, 33 yaşında ikən "Qız qalası" baleti ilə musiqi tariximizdə ilk Azərbaycan baletinin əsasını qoyub. Sonrakı illərdə "Nizami", "Söyüdlər ağlamaz" operalarını yazaraq adını mədəniyyət tariximizə qızıl hərflərlə əks etdirib. Bir çох dram tamaşasına musiqi bəstələyib. Azərbaycan radiоsu və televiziyasında milli musiqi sənətimizi geniş təbliğ edib. Mükəmməl bilik əldə etmək arzusu ilə, Əfrasiyab Bədəlbəyli 1924-cü ildə Azərbaycan Dövlət Türk Musiqi Texnikumuna və eyni zamanda, Azərbaycan Dövlət Universiteti şərq fakültəsinin lisaniyyət şöbəsinə daxil olur. 20 yaşında Cəfər Cabbarlının "Od gəlini" pyesinə yazdığı musiqi sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib. Xeyli müddət Moskva və Leninqrad opera və balet teatrlarında dirijor assistenti kimi fəaliyyət göstərib. 1938-ci ildən ömrünün sоnunadək Azərbaycan Dövlət Оpera və Balet Teatrında dirijоr işləyib. Musiqi texnikumunda Əfrasiyab Bədəlbəyli müəllim S.L.Bretanitskinin sinifində violino ixtisası üzrə təhsil alır. İstedadlı gənc tez bir zamanda səlis ifa bacarığına nail olur və 1925-ci il may ayının 22-də texnikum tələbələrinin qüvvəsi ilə Üzeyir bəyin səhnəyə qoyulmuş "Arşın mal alan" operettasını müşayiət edən orkestrdə ikinci skripkaların konsertmeysteri kimi çıxış edir.

Violino ilə yanaşı tarda da mükəmməl ifa üslubuna nail olmuş Əfrasiyab Bədəlbəyli, 1926-cı ildə xalq çalğı alətləri orkestrinin Moskva və Minsk şəhərlərindəki qastrol səfərləri zamanı ikinci səs tarçılar qrupunun konsertmeysteri kimi orkestrin heyətində iştirak edir.

Əzizə Vaqif qızı Mustafazadə (1969)— pianoçu, bəstəkar və caz ifaçısı.

17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik almağında onun caz-muğam musiqisi çox böyük rol oynamışdır. Elə həmin bu vaxtlarda Əzizə anası ilə Almaniyaya köçmüşdür.

Əzizə ilk albomunu 1991-ci ildə Aziza Mustafa Zadeh adı ilə çıxarmışdır. İkinci albomu Always (Həmişə), ona yüksək Alman musiqi mükafatı sayılan Səs-Akademiyası Mükafatını və Soninin Exo Mükafatını qazandırıb. O bir çox ölkədə caz və ənənəvi üslublarda gözəl nümunələr ifa edib və bir çox albomlar çıxarıb. Sonuncu çıxan albomu Contrasts II (2007)-dir.

27 may 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

Əzizə Mustafazadə hal-hazırda Almaniyada yaşayır.

Əzizə 2007-ci ilin iyununda Bakı Caz Festivalı üçün Azərbaycana qayıtmışdır. Bu müddət ərzində Opera və Balet Teatrında konsert vermişdir. Festivalın sonunda açıq hava altında, Yaşıl Teatrdakı konsertdə giriş ifasını yerinə yetirmişdir. Həmin konsertdə 'Shamans'-ın çox möhtəşəm bir ifasını nümayiş etdirmişdir.

Fikrət Əmirov (1922-1984) —  Azərbaycan bəstəkarı.

Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni, simfonik muğam janrı "Şur", "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F. Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası" , "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir.

F.Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoymuşdur (əsər ilk dəfə 1953-cü ildə Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur). O, musiqili komediya janrında da "Ürəkaçanlar", "Gözün aydın" kimi maraqlı əsərlər yaratmışdır. F.Əmirovun gözəl baletləri "Min bir gecə" və "Nəsimi" də dinləyicilərin xüsusi rəğbətini qazanmış əsərlərdir.

Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaratmışdır. Onun bir neçə konserti, xüsusən də fortepiano və orkestr üçün E. Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır.

Onun "Fortepiano üçün 12 miniatür", müxtəlif pyeslər, "Ulduz" , "Azərbaycan elləri", "Gülüm", "Gülərəm gülsən" və digər romans və mahnıları bu gün də tez-tez səhnələşdirilir. O, həmçinin dram tamaşalarına, "Böyük dayaq", "Mən ki gözəl deyildim" və digər filmlərə maraqlı musiqi bəsləmişdir.

Firəngiz Əliağa qızı Əlizadə (1947) – Azərbaycanın görkəmli bəstəkarı, UNESCO-nun Sülh artisti.

İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasının nəzdində xüsusi istedadlı uşaqlar üçün orta ixtisas musiqi məktəbində almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və fortepiano ixtisasları üzrə təhsil almışdır. 1972-1974-cü illər ərzində Qara Qarayevin assistenti kimi çalışmış, 1974-cü ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) pedaqoji fəaliyyətlə məşğul olmağa başlamışdır. F.Əlizadə 1994-cü ildə dissertasiya müdafiə edərək, sənətşünaslıq namizədi elmi dərəcəsinə, 1998-ci ildə professor elmi adına layiq görülmüşdür.

F.Əlizadənin fəaliyyəti çoxşaxəli və genişdir. F.Əlizadə bir bəstəkar, pianoçu, dirijor, musiqi-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Bir pianoçu kimi o, A.Berq, P.Hindemit və digər XX əsr xarici ölkə bəstəkarlarının müasir əsərlərinin ölkəmizdə tanıdılmasında mühüm rol oynamış, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısı olmuşdur. Öz əsərlərinin təqdimatında da o, həm pianoçu, həm də dirijor kimi çıxış edir.

F.Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin müəllifidir: “İntizar”, “Sənin adın Dənizdir”, “Ağ atlı oğlan” operaları, “Boş beşik” və “Stadt-Graniza” baletləri, “Habilsayağı”, “Muğamsayağı”, “Oazis”, “Dərviş”, “Abşeron” — müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlər, “Silk road” Konserti, violonçel və orkestr üçün Konsert “Mərsiyə”, böyük simfonik orkestr üçün “İthaf” və s. əsərlər.

Son illərdə xarici ölkələrin musiqi kollektivlərinin sifarişi ilə yazılmış və ifa olunmuş əsərlərdən: Violoçel üçün “Oyan!” (Paris, Fransa, 2005),  Kvintet üçün “Xəzər” (Nyu-York, ABŞ, 2006), Fleyta, klarnet, skripka və zərb alətləri üçün “Atəş” (Sietl, ABŞ, 2006); “Optical İdentity” baleti (Sinqapur, 2007); Misteriya “Al Kamandjaty” (Roma, İtaliya, 2007), Skripka üçün “Dastan” (Ausburq, Almaniya, 2007),  Hazırlanmış fortepiano, violonçel və kamera orkestri üçün “Dəniz” (Bern, İsveçrə, 2008), “Your name means the Sea” operası (Hyuston, ABŞ, 2011), Xanəndə, flamenko ifaçısı və ansambl üçün “Mugflagamenco” (Amsterdam, Hollandiya, 2011), Skripka və fortepiano üçün “İmpuls” (ABŞ, 2012), Fortepiano üçün “Landscape” (Fransa, 2012) və s. qeyd etmək olar. 

Mirfaiq Miri oğlu Sücəddinov (1947) —  bəstəkar.

1965-ci ildə Faiq Sücəddinov Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olur. 1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvətilə orkestrdə çalışmağa başlayır. XX əsrin 80-ci illərində Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırır və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirir.

1977-ci illərdə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarlıq fakültəsinə qəbul olunur.

1981-ci ildə Azərbaycan Dövlət Konservatoriya Bəstəkarlıq fakültəsini bitirir. 2000-ci illərdə Faiq Sücəddinov Türkiyədə və Kirpdə yaşayıb fəaliyyət göstərir.

Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün “Atatürk” odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996) vardır. 2006-cı ildən Azərbaycan Respublikasının Xalq Artistidir, 2007-ci ildə Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilib. 14 sentyabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 Xəyyam Hadı oğlu Mirzəzadə (1935) —  bəstəkar.

1957-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.

1970-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı, 1975 və 1986-cı illərdə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, 1972-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 1987-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti adını almışdır.   

Görkəmli bəstəkar 2000-ci ildə "Şöhrət" Ordeni ilə təltif olunmuşdur. 

"Ağlar və qaralar" baletinin, I və II simfoniyaların, "Oçerklər - 63" simfonik poemasının, "Memory", "Mərakeş rapsodiyası", "Konsertştyuk", skripka ilə orkestr üçün Konsertin, səs ilə orkestr üçün "4 esse"nin, 2 simli kvartetin, ayrı-ayrı alətlər üçün solo sonataların, fortepiano üçün 12 prelüdün, soprano və fortepiano üçün "İthaf", estrada və caz pyeslərinin, populyar mahnıların müəllifidir. 
30-dan çox kinofilmə və 15 dram tamaşasına musiqi bəstələmişdir.

Qara Əbülfəz oğlu Qarayev (1918-1982) bəstəkar, pedaqoq.

1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilmiş, 1930-cu ildən Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi texnikumunda professor Georgi Şaroyevin fortepiano sinfinin tələbəsi, 1935-ci ildən isə Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq və Azərbaycan xalq musiqisinin əsasları siniflərinin tələbəsi olmuşdur. 1938-ci ildən 1940-cı ilədək P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinin tələbəsi olmuşdur.

1937-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilmişdir. Moskvadan qayıtdıqdan sonra 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsini tutmuşdur. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olmuşdur. 1946-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfində müəllim kimi işə başlamış, elə həmin il SSRİ Bəstəkarlar İttifaqı təşkilatı komitəsinin üzvü seçilmişdir. 1953-cü ildə Leninqrad Dövlət Kiçik ("Malıy") opera teatrında "Yeddi gözəl" baletinin ilk tamaşası qoyulmuşdur.

1963-ci ildə Leninqrad Kiçik ("Malıy") opera teatrının qastrolları zamanı Qahirədə "Yeddi gözəl" baletinin tamaşaya qoyulması ilə bağlı Misir Ərəb Respublikasında səfərdə olmuşdur. 1964-cü ildə SSRİ Böyük teatrının qastrolları zamanı "İldırımlı yollarla" baletinin tamaşaya qoyulması ilə bağlı "Varşava payızı" çağdaş musiqi festivalında iştirak etmişdir.

1965-ci il aprelin 21-i Moskvada, iyunun 2-i Bakıda Üçüncü simfoniyanın ilk ifası baş tutmuşdur.

Müslüm Məhəmməd oğlu Maqomayev (1885-1937) — Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim.

Azərbaycan peşəkar musiqili teatrının banilərindən biri olmuşdur. Müslüm Maqomayevin ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. Bu əsərdə bəstəkar operaya xas ariya, duet, çoxsəsli xor kimi əsas elementlərlə yanaşı, milli folklor nümunələrindən də bacarıqla istifadə edib. İlk tamaşası 1919-cu il martın 7-də nümayiş olunan opera indiyədək təqribən 400 dəfə oynanılıb.

Müslüm Maqomayevin yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” mahnıları daxildir.

O, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb.

Bakı radiosunun musiqi rəhbəri təyin edilmiş Müslüm Maqomayev efirdə ən yaxşı əsərlərin səsləndirilməsinə çalışır, bəstəkarlara yeni mahnılar və əsərlər sifariş edirdi. Onun təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunmuşdu. Həmin dövrdə Azərbaycan radiosu öz efirini Müslüm Maqomayevin radio marşı ilə açırdı.

Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov (1912-1984) — dirijor və bəstəkar.

Niyazinin dirijorluqda ilk böyük uğuru 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti günləri ilə bağlıdır. O, burada Üzeyir Hacıbəylinin “Koroğlu” və Müslüm Maqomayevin “Nərgiz” operalarına dirijorluq edir.

Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə “Humayun” xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib.

O, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahərləl Nehru beynəlxalq mükafatını alıb.O

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq Artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib. 

Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov) (1932-2010) — azərbaycanlı bəstəkar, Azərbaycanda ilk rok operettanın müəllifi.

Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir. O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O.Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O.Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər. Onun xalq çalğı alətləri üçün konsertləri, Azərbaycan prezidenti Heydər Əliyevə həsr etdiyi ("Millətin oyaq gecəsi") vokal simfonik poeması, "Qarabağ rapsodiyası", təntənəli uvertüraları, 60-a qədər teatr tamaşalarına bəstələdiyi musiqiləri (Akademik dram teatrında səhnəyə qoyulmuş "Büllür sarayda", "Qılınc və Qələm", "Fitnə", "Ümid", "Ədirnə Fəthi" və s.), Rus dram teatrında səhnələşdirilmiş "Şeyx Sənan", Kamera teatrında səhnəyə qoyulmuş "İtlər", Musiqili tamaşa teatrında səhnələşdirilmiş ("Qızıl Toy", "Danabaş kəndinin əhvalatları", "Dəli Dünya") operettaları dillər əzbəri olmuş, müxtəlf səpkili mahnıları Azərbaycan incəsənətinin məzmununa füsunkar töhfə verməklə yanaşı tarixilik baxımından əhəmiyyətliliyi ilə fərqlənmişdir.

O.Kazıminin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Əməkdar incəsənət xadimi (1992), Azərbaycan Respublikasının Xalq artisti (2006) fəxri adlarına və Prezident təqaüdünə layiq görülmüşdür. O.Kazımi Azərbaycanda ilk rok operanın müəllifidir.

Polad Bülbüloğlu (Polad Bülbül oğlu Məmmədov )  (1945) — Azərbaycan bəstəkarı və müğənnisi.

Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfini bitirmişdir. Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema v. s. əsərlərin müəllifidir.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib. 3 fevral 2015-ci ildə "Şərəf" ordeni ilə təltif edilmişdir.

Rafiq Fərzi oğlu Babayev (1936-1944) — Azərbaycan bəstəkarı.

1943-cü ildə 160 nömrəli musiqi məktəbinə daxil olan Rafiq ilk caz kvaretini məhz bu məktəbdə yaradır. 1950-ci ildə A.Zeynallı adına musiqi məktəbinin fortepiano sinfinə daxil olur, R.S.Levinanın sinfində təhsil alır. Bu məktəbdə təhsil almaqla yanaşı, Xalq Çalğı Alətləri Ansamblının musiqi rəhbəri vəzifəsində işləyir. O, caz musiqisi ilə də maraqlanır və improvizasiya ustalığını təkmilləşdirirdi. Sonradan özünü bütünlüklə caz musiqisinə həsr edən Rafiq Babayev 1959-cu ildə Bakı Konservatoriyasını bitirdikdən sonra həmin qrupun musiqi rəhbəri kimi, Sovet İttifaqının müxtəlif şəhərlərinə uzunmüddətli qastrol səfərlərinə çıxır. Rafiq Babayev Bakıya qayıdandan sonra görkəmli müğənni Rəşid Behbudovla tanış olur. 1967-ci ildə Rəşid Behbudov Mahnı Teatrını yaradanda Rafiq Babayev bu teatrın musiqi rəhbəri vəzifəsinə dəvət edilir. R.Babayev və R.Behbudov teatrlaşdırılmış böyük konsert proqramı hazırlamağa başlayırlar.

Bütün bu illər ərzində Rafiq caz musiqisi sahəsində yaradıcı işini də davam etdirir, bu işlə fasiləsiz məşğul olur, caz festivallarında iştirak edir. 1967-ci ildə Tallin şəhərində keçirilən Beynəlxalq Caz Festifalında Rafiq Babayevin ansamblı laureat olur. Onun "Bayatı-kürd" ladında ifa edilmiş kompozisiyası xüsusi qeyd edilir. Müxtəlif illərdə bu kollektivin heyətində Gennadi Stepanişşev (fleyta, saksofon), Rauf Sultanov (bas-gitara), Ələsgər Abbasov (gitara), Səyavuş Kərimi (ud, klavişli alətlər), Cəmil Əmirov (klavişli alətlər), Tofiq Cabbarov (zərb alətləri), Firuz İsmayılov (sintezator), Ramin Sultanov (zərb alətləri), Emil Həsənov (bas-gitara), Vaqif Əliyev (zərb alətləri), Emil K.Həsənov (bas-gitara) və başqa peşəkar musiqiçilər fəaliyyət göstərirdilər. Həmin illərdə Rafiq Babayev ictimai işlərlə də məşğul olur, müxtəlif müsabiqələr, baxış və festivallar təşkil edir. Onun bütün yaradıcılıq fəaliyyəti gənc instrumental musiqiçi və vokalçılarla pedaqoji işlə həmişə bağlı olmuşdur.

1991-ci ildə Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edir və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. O, folklor çalğı alətlərindən istifadə etməklə, onları qeyri-adi harmoniya ilə zənginləşdirərək, dünyanın ilk baxışda bir-birinə zidd cəhətlərinə – Qərbə və Şərqə xas olan musiqini melodik tərzdə birləşdirərək gözəl kompozisiyalar yaradırdı. 1993-cü ildə Rafiq Babayevə Azərbaycanın Xalq Artisti adı verilmişdir.

Soltan İsmayıl oğlu Hacıbəyov (1919-1974) — bəstəkar, dirijor, pedaqoq.

Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, İki prelüd və fortepiano üçün sonata, İ. Zamanlının sözlərinə yazılmış "Çiçəklərin söhbəti", "Neft haqqında nəğmə" mahnılarını, "Quşcuğaz", "Tənha yelkən ağarır" romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.

1945-ci ildə Türkmənistan Opera və Balet teatrı S. Hacıbəyova "Kəminə və Qazı" operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik parçası "Karvan" adlanır. 1 Əsər üç hissəli quruluşdadır. Bu onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər "Şur" muğamı üzərində bəstələnmişdir. 1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur.Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. Burada həm pioner həyatı (4 pioner nəğməsi), həm də təbiət təsvirləri ("Yeni il", "Bahar" və s.) vardır.

1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: "Oynaq topum", "Lay-lay", "Bənövşə", "Bahar gəldi", "Yolka", "Pioner marşı". "İsgəndər və Çoban (opera)" uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılmışdır. Onun əsasını Nizaminin "İsgəndərnamə" əsərinin bir parçası təşkil edir. 

1950-ci ildə S. Hacıbəyovun "Gülşən" baleti meydana gəlir. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulmuşdur.

S. Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan M. İbrahimovun "Məhəbbət", "Kəndçi qızı", S. Vurğunun "İnsan", S. S. Axundovun "Eşq və İntiqam", S. Rəhmanın "Əliqulu evlənir" və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.

Səid Əli oğlu Rüstəmov (1907-1983) — bəstəkar, dirijor, pedaqoq.

Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaratmışdır.

Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi" dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının, Azərbaycan Dövlət mahnı və rəqs ansamblının rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpmışdır. S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçildiyi illərdə də zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı. S. Rüstəmov SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də geniş, məqsədyönlü iş aparmışdır. Onun səsi-sorağı Beynəlxaq konqreslərdən ən mötəbər məclislərdən gəlirdi. O dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən Ümümdünya və Ümümittifaq festivallarında münsiflər heyyətinin sədri və üzvü olmuşdur.

Böyük sənət fadaisi, alovlu vətənpərvər Səid Əli oğlu Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilmişdir. O, 1938-ci ildə Əməkdar İncəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Üç dəfə Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunmuşdur.

Şəfiqə Qulam qızı Axundova (1924-2013) — Şərqdə ilk opera yazan qadın bəstəkar.

1943-1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə B. Zeydmanın sinfini bitirib. 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla, Şərqin ilk opera yazan qadın bəstəkarı olmuşdur. Şəfiqə xanım həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir. Onun Azərbaycan şairlərinin şeirlərinə bəstələdiyi gözəl lirik mahnıları və romansları xalq arasında çox məşhurdur.

Bəstəkar mahnı yazmaq ilə kifayətlənməyib mürəkkəb, eləcə də çətin bir janra müraciət edib və Şərqdə ilk opera yazan qadın kimi tarixə düşüb. 1971-ci ildə "Gəlin qayası" operası ilə musiqisevərləri valeh edib.

Tofiq Ələkbər oğlu Quliyev (1917-2000) — bəstəkar, pianoçu, dirijor, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri.

1934-cü ildə Konservatoriyaya daxil olub. Həm İ.S. Aysberqin sinfində fortepiano, həm də S.Q. Ştrasserin sinfində dirijorluq dərsi alıb və 1936-cı ildə Konservatoriyanı bitirib. 1931-ci ildə Asəf Zeynallının məsləhəti ilə M.Ə.Sabirin sözlərinə "Məktəbli" mahnısını bəstələyib. 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijorluğa başlayıb. 1936-cı ildə bəstəkar Z.Bağırovla birgə "Rast", "Segah", "Zabul", "Dügəh" muğamlarını fortepianoda hazırlayıb. Üzeyir Hacıbəyovun təşəbbüsü ilə təhsilini davam etdirmək üçün Moskva Dövlət Konservatoriyasına göndərilib. Tezliklə orada A. Tfasmanın rəhbərlik etdiyi orkestrdə pianoçu işləməyə başlayıb.

1939-cu ildə Bakıya qayıdıb və 1941-ci ildə "Qırmızı ordu" ansamblını yaradıb. 402-ci diviziyanın tərkibində çalışan ansambl üçün müxtəlif patriotik mahnılar yazıb. 1943-cü ildə iki yerə bölünən ansamblın "Qırmızı flot" hissəsinin rəhbəri olub. Müharibədən sonra M. Əzizbəyov (dram), S. Vurğun (rus dram), M. Qorki (gənc tamaşaçılar) teatrları ilə əməkdaşlıq edib. XX əsrin 40-cı illərindən həm də kino sahəsində işləməyə başlayıb. 

1954-cü ildə Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb. 1956-1958-ci illərdə bir neçə mahnısı "Azərbaycan mahnıları" musiqi cildinə salınıb. 1958-ci ildə Filarmoniyanın bədii rəhbəri, sonra direktoru olub. 1960-1970-ci illərdə bir çox beynəlxalq konfrans, festival, incəsənət günlərində iştirak edib. XX əsrin 70-ci illərinin sonlarında bir çox uşaq və gənc musiqi müsabiqələrini, o cümlədən "Bakı payızı"nı yaradıb. 1969-cu ildən 1979-cu ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib. 1990-cı ildən ömrünün sonuna kimi Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri vəzifəsində çalışıb.

Tofiq Əhmədağa oğlu Bakıxanov (1930) – bəstəkar.

Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M.İ.Simberovdan almışdır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirərək oranı iki ixtisas üzrə — 1953-cü ildə skripka üzrə professor Q.Qarayevin sinfini bitirmişdir. Tələbəlik illərində T.Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır.

T.Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet (“Xəzər balladası”, “Şərq poeması” və “Xeyir və Şər”), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya (“Altı qızın biri pəri”, “Məmmədəli kurorta gedir”, “Qız görüşə tələsir”), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam (“Nəva”, “Şahnaz”, “Rahab”, “Humayun”, “Dügah”), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir. 

1973-cü ildə Respublikanın Əməkdar İncəsənət xadimi fəxri adına layıq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 1991-ci ildə ona Azərbaycan Respublikasının xalq artisti adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilmişdir. 1994-2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. Eləcə də 2000-ci ildə «Şöhrət ordeni» ilə təltif olunmuşdur.1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının; 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cümhuriyyətində II, IV, V beynəlxalq «Bellapais» musiqi festivallarında , Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir. 

Üzeyir Hacıbəyov (Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov) (1885-1948) — bəstəkarmusiqişünas-alimpublisistdramaturqpedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi.

Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlamışdır. O, "Kaspi""Həyat""İrşad""Tərəqqi""Həqiqət""İqbal""Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirmişdir.

Üzeyir Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə Azərbaycan dilində milli opera yaratmaq qərarına gəlir. Hacıbəyovun 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur. 

Gənc bəstəkar bir-birinin ardınca “Şeyx Sənan”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşud banu”, “Əsli və Kərəm”, “Harun və Leyla” muğam operalarını yazır. Şərqdə ilk operettanın yaranması da Üzeyir bəyin adı ilə bağlıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyaları onu çox məşhurlaşdırır. Üzeyir yaradıcılığının zirvəsi “Koroğlu” operası sayılır. Müəllif bu əsərində klassik opera qaydaları əsasında bitkin ariyalar, kütləvi xor səhnələri yarada bilir.

O, 300-dən çox xalq mahnısını toplayıb nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor üçün əsərlər yazıb. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisi Üzeyir bəyə məxsusdur. Ə.Cavadın sözlərinə bəstələdiyi “Çırpınırdın, Qara dəniz” mahnısı təkcə Azərbaycanda deyil, Türkiyədə də çox məşhurdur. “Sevgili canan”, “Sənsiz” romansları isə Müslüm Maqomayevin ifasında Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunur. 

Vaqif Əziz oğlu Mustafazadə (1940-1979) — bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi.

1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olmuşdur.  Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir.

1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdur. 1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır.

Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır. Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış „Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.

Vasif Zülfüqar oğlu Adıgözəlov (1935-2006) – bəstəkar.

1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirir.​

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlamışdır. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M. Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru və s. vəzifələrdə çalışmışdır. 1972-ci ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edirdi. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilmişdir.

1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1988-ci ildə Respublikanın Xalq Artisti fəxri adlarına layiq görülmüşdür.

1989-cu ildən Professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır

1995-ci ildə "Şöhrət ordeni" ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasında "xor dirijorluğu" kafedrasına rəhbərlik etmişdir.

Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov (1884-1950)  bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri.

Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – «50 yaşında cavan» (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərində Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən «Aşıq Qərib» operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə «Üç aşiq və ya Məlikməmməd» adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.

XX əsrin birinci rübündə məşhurlaşan «Kənd qızı», «Çoban qız» və «Əsgər nəğməsi» bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.

O, 1932-ci ildə «Kölə qadınların rəqsi» adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazmışdır. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.