GÖRKƏMLİ MUSİQİ XADİMLƏRİ — MÜĞƏNNİLƏR
Hüseynqulu Məlik oğlu Rzayev (Hüseynqulu Sarabski) (1879-1945) — Azərbaycan opera müğənnisi (lirik tenor), aktyor, rejissor, pedaqoq, teatr xadimi.
Uşaqlıqdan musiqiyə böyük həvəsi və yaxşı səsi ilə seçilirdi. Özünün xatirələrində yazdığı kimi "Məhərrəmlik vaxtında dini havalar oxuyar, mərsiyə deyər, münacat çəkər, eyni zamanda el şənliklərində, toyda-bayramda muğamlara, mahnılara qulaq asar, öyrənərdi". O, 12 yaşı olarkən ilk dəfə teatr tamaşasına baxır: bu həvəskarların ifasında "Xan Sarabi" adı ilə qoyulmuş Mirzə Fətəli Axundovun "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" komediyası idi. Əsl soyadı Rzayev olan Hüseynqulunun sonralar götürdüyü səhnə təxəllüsü Sarabski də bu güclü təəssüratın əks-sədası oldu.
Hüseynqulu Sarabski teatra çətin bir dönəmdə gəlmişdi. Teatrı "şeytan əməli", aktyorluğu isə "kişiyə yaraşmaz peşə" hesab edənlərin tənəsinə, bəzən də hədə-qorxusuna sinə gərmək lazım gəlirdi. Hüseynqulu Sarabskinin teatra gəlməsində, aktyorluq sənətini seçməsində, püxtələşməsində teatr xadimlərindən, tanınmış ziyalılardan Nəriman Nərimanovun, Əbdürrəhim bəy Haqverdiyevin, Rəhim bəy Məlikovun, həmkarları – Hüseyn Ərəblinskinin, Cahangir Zeynalovun və başqalarının böyük rolu olmuşdur. İlk dəfə 1902-ci ildə Nəriman Nərimanovun "Dilin bəlası" pyesində Rəsul roluna çıxan Hüseynqulu sonralar teatr səhnəsində Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin dram əsərlərində bir sıra müxtəlif xarakterli rollar oynayır. O, yalnız milli repertuarda deyil, Azərbaycan dilinə tərcümədə Uilyam Şekspirin, Heynenin, Şillerin, Qoqolun əsərlərində də çıxış edirdi. Məhz Henrix Heynenin "Əlmənsur" pyesində ərəb səyyahının rolunda çıxış edərkən oxuduğu təsiredici "Hicaz" muğamı onun Azərbaycan mədəniyyətinin yeni bir aləminə – musiqili-teatra, operaya gətirdi. Bu tamaşa zamanı Sarabski o zamanlar Azərbaycanın və Şərqin ilk operası olan "Leyli və Məcnun" üzərində işləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi. Üzeyir Hacıbəyov məlahətli səsə malik, muğamlara bələd olan aktyor kimi də təbii və canlı Hüseynqulu Sarabskinin opera artisti kimi potensialını hiss edərək onu öz operasında baş rola – Məcnun roluna dəvət etdi. Bu rol Hüseynqulu Sarabskiyə sözün əsl mənasında ümumxalq məhəbbəti və şöhrət gətirdi. Bu rol bəlkə də aktyorluq sənətinə hələ də "oyunbazlıq" kimi baxanların teatra münasibətini kökündən dəyişdirən təkan nöqtəsi oldu. Aktyorun özünün yazdığı kimi "vaxtı ilə onu barmaqla göstərən, ona tənə ilə baxanlar indi onu Məcnun deyə çağıraraq alqışlayır, hörmətlə qarşılayırdılar". Səhnədə yaşadığı 30 ildən artıq bir müddətdə o 400 dəfə bu rolu oynamış,[1] Azərbaycan səhnəsinin təkrarolunmaz Məcnunu kimi ad qoymuşdur.
Hüseynqulu Sarabski milli opera tarixində Üzeyir Hacıbəyovun opera və operettalarında – Kərəm ("Əsli və Kərəm"), Şeyx Sənan ("Şeyx Sənan"), Şah Abbas ("Şah Abbas və Xurşidbanu"), Söhrab ("Rüstəm və Söhrab"), Sərvər ("O olmasın, bu olsun"), Mərcan bəy ("Ər və arvad"), Əsgər ("Arşın mal alan"), Müslüm Maqomayevin "Şah İsmayıl"ında Şah İsmayıl, Zülfüqar Hacıbəyovun "Aşıq Qərib"ində Aşıq Qərib rollarının ilk ifaçısı kimi ad qoydu.
Xurşid Qacar (1894-1963) — opera müğənnisi, Azərbaycandan kənarda vokal təhsili almış ilk azərbaycanlı qadınlardan biri.
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi 1915-ci ildə vokal təhsilini Moskva Konservatoriyasında almışdır. Təhsilini bitirdikdən sonra Moskvada xalq Maarif Komissarlığının incəsənət şöbəsində işləmiş, Moskva estrada ansamblının solisti olmuşdur. 1924-34 illərdə Azərbaycan Opera və Balet Teatrında fəaliyyət göstərmiş, Gülzar ("Şah İsmayıl", M.Maqomayev), Xurşidbanu, Gülçöhrə və Asya, Gülnaz ("Şah Abbas və Xurşidbanu", Arşın mal alan", "O olmasın, bu olsun", Ü.Hacıbəyli), Mikaela ("Karmen", J.Bize) və s. partiyalarda çıxış etrnişdir.
1934 ildən "Azərnəşr"də özünün təşəbbüsü ilə yaratdığı musiqi nəşriyyatının müdiri işləmiş, eyni zamanda 1935-ci ildə Azərbaycan Opera və Balet Teatrı nəzdində studiya yaratmış, tələbələrin ifasında "Demon" (A.Rubinşteyn), "Çar gəlini" (N.Rimski-Korsakov) operalarını tamaşaya hazırlamışdır. Dügah, Rast, Segah-Zabul muğamlarının nota alınmasında xidməti var.
Şövkət Həsən qızı Məmmədova (1897-1981) — İlk professional Azərbaycan qadın müğənnisi (lirik koloratur soprano), Azərbaycan opera ifaçısı və müəllimi.
Atası Şövkətin musiqiyə qarşı olan istəyini hiss edib, milyonçu H.Z.Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yodaşı Sonanın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin 1912-ci ildə ona olan kömək kəsilir və Məmmədova Rusiyaya qayıtmalı olur. O təhsilini Tbilisi musiqi məktəbində davam etdirir. Tiflisdə musiqi məktəbini bitirdikdən (1910) sonra təhsilini davam etdirmək üçün 1911-ci ildə Milana getmiş, burada məşhur müğənni D.Ambroziodan dərs almışdır. 1917-21-ci illərdə Kiyev Konservatoriyasında oxumuş, burada R. Qlierlə birgə verdikləri konsertlərdə Azərbaycan musiqisini təbliğ etmişdir. Onun təşəbbüsü ilə 1923-cü ildə Bakı Teatr Texnikumu açılmış, not nəşriyyatı təsis edilmişdir. Azərb. Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1921 ildə Violetta ("Traviata", C.Verdi) partiyasında çıxış etmiş, 1948-ci ilədək (fasilələrlə) teatrın solisti olmuşdur. Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirmişdir. 2 dəfə Lenin ordeni, 2 Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.
1921-ci ildən başlayaraq o, Rusiyada, Fransada, İtaliyada, İranda və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olub, orada 1912-ci ildə axıra çatdırılmamış təhsilini 1927–1930-da tamamilə bitirdi.Sonralar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çıxış edir. 1923-də Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır. Həmçinin Azərbaycan Dövlət Konservatoriyasında son günlərinədək tələbələrə professional vokal dərsləri verirdi.
1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə onun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.
Əsas partiyaları: Rozina ("Sevilya bərbəri", C.Rossini), Lakme ("Lakme", L.Delib), Cilda ("Riqoletto", C.Verdi), Olimpiya ("Hofmanın nağılları", J.Offenbax), Marqarita Valua ("Hugenotlar", C.Meyerber), Qar qız ("Qar qız", N.Rimski-Korsakov), Antonida ("İvan Susanin", M.Qlinka), və s. Yaradıcılığında Şahsənəm ("Şahsənəm", R.Qlier), Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan", Ü.Hacıbəyli) partiyaları xüsusi yer tutmuşdur. Repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi. Tbilisi, Odessa, Moskva, Kiyev, Leninqrad, Daşkənd, Paris və Təbrizdə çıxış etmişdir. Azərbaycan Teatr Cəmiyyətinin ilk sədri olmuşdur. 1945-81 illərdə Azərbaycan Dövlət Konservatoriyasında pedaqoji fəaliyyət göstərmişdir.
Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov) (1897-1961) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi.
1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi savadı almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür. Burada gənc xanəndənin şöhrəti başlayır. 1911-ci ildə onu Tiflisə, ictimai yığıncaqlar keçirilən yay binasında çıxışa dəvət edirlər. Burada o, məhşur gürcü müğənnisi ilə tanış olur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ-nin 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.
Hüseynağa Hacıbababəyov (1898-1972) — opera müğənnisi (lirik tenor).
Hüseynağa Bakıda əvvəlcə “Alekseyski” məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında təhsil almışdır. 1910-cu ildə “Nicat” mədəni-maarif cəmiyyəti teatr truppasının xoruna qəbul olunmuş, 1913-cü ildən başlayaraq “Səfa” mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi “Müsəlman opera artistləri” dəstəsində, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə dramatik və musiqili teatr aktyoru kimi çalışmışdır. 1919-cu ildən 1925-ci ilin avqustuna qədər Milli Dram Teatrının truppasında çalışmış, 1925-ci ilin payız mövsümündən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist işləmişdir.
Müxtəlif truppalarda çoxlu dramatik obrazlarla yanaşı, opera və operettalarda qadın obrazlarından Leylinin, Əslinin, Xurşidbanunun, Gülçöhrə və Cahan xalanın, Gülnazın (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid banu”, “Arşın mal alan” və “O olmasın, bu olsun”, Üzeyir bəy Hacıbəyov), Qəribin anasının (“Aşıq Qərib”, Zülfüqar bəy Hacıbəyov), Gülzarın (“Şah İsmayıl”, Müslüm Maqomayev) partiyalarını ifa etmişdir.
1925-ci ildən 1972-ci ilə qədər çıxış etdiyi əsas tamaşalar onun sənətkarlığını açıqca göstərmişdir: Çar Brendey, Hindli qonaq (“Qar qız” və “Sadko”, Nikolay Rimski-Korsakov), Qərib (“Aşıq Qərib”, Zülfüqar bəy Hacıbəyov), Sərvər, Əsgər, Məcnun, Kərəm (“Məşədi İbad”, “Arşın mal alan”, “Leyli və Məcnun” və “Əsli və Kərəm”, Üzeyir bəy Hacıbəyli), Lenski (“Yevgeni Onegin”, Pyotr Çaykovski), Əlyar, Şah İsmayıl (“Nərgiz” və “Şah İsmayıl”, Müslüm Maqomayev), Qraf Almavivo (“Sevilya bərbəri”, Coakkino Rossini). Opera aktyoru Hüseynağa Hacıbababəyov 1934-cü ildə Azərbaycan Respublikasının “Əməkdar artist”, 1938-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülmüşdür.
Həqiqət Əli qızı Rzayeva (1907-1969) — müğənni (soprano), pedaqoq. Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir.
Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür. Bununla da ailəsinin narazılıqlarına baxmayaraq, Həqiqət xanım opera teatrına ömürlük bağlanmış oldu.
1928-1932-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının muğam şöbəsində oxuyur, Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski və Qurban Pirimovdan dərs alır. 1927-1952-ci illərdə Opera və Balet Teatrının solisti, muğam və xalq mahnılarımızın ifaçısı kimi tanınır. Ərəbzəngi ("Şah İsmayıl" - Müslüm Maqomayev), Leyli, Əsli, Telli ("Leyli və Məcnun", "Əsli və Kərəm", "Arşın Mal Alan" - Üzeyir Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" - Zülfüqar Hacıbəyov) onun yaratdığı əsas səhnə obrazlarıdır.
Həqiqət Rzayevanın kino fəaliyyətinə gəldikdə isə o, çox az filmdə çəkilmişdir. Lakin bu filmlərə baxdıqda onun nəinki bir opera müğənnisi, həmçinin, çox istedadlı bir kino aktrisası olduğunu da görürük. Xüsusilə "Ögey Ana" filmində Qəmər xala obrazını o qədər təbii oynamışdır ki, bu obrazı ondan başqa heç kəs belə oynaya bilməzdi. Qəmər xala filmdə mənfi obrazdır. O kürəkəni Arifin İsmayıla yeni ana gətirməyini qəti surətdə rədd edir və filmin sonuna kimi Dilarənin yaxşı bir ana olacağına şübhə ilə yanaşır. Hətta onun filmdə işlətdiyi "Mən ölü, sən diri. Bundan İsmayıla ana olmayacaq. Yad qızından ana olmayıb, olmayacaq." sitatı yaddaşlara həkk olunmuşdur.
Rəşid Məcid oğlu Behbudov (1915-1989) — müğənni.
Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olmuşdur. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışmışdır.
1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət almışdır. 1944-cü ildə Azərbaycan Dövlət Filarmoniyasının yay salonunda konserti olmuşdur. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.
1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və tələbələrin Ümumdünya festivalında çıxış edir.
1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-cı illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olmuşdur.
Bütün Sovet respublikaları ilə yanaşı Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən Rәşid Behbudov, Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynamışdır. Rәşid Behbudov Hindistana səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazmışdır.
Mariya Titarenko (1917-2002) — Azərbaycanın opera müğənnisi.
Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı illərdə M.Titarenko Üzeyir Hacıbəyovun diqqətini cəlb etmiş və dahi bəstəkar ona "Koroğlu" operasında Nigarın partiyasını ifa etməyi təklif etmişdir.
Beləliklə, o, 1943-cü ildən opera teatrında işləməyə başlamış, 1944-cü ildə Koroğlu partiyasının bənzərsiz ifaçısı Bülbüllə birlikdə Nigar partiyasını Azərbaycan dilində ifa etmişdir. M. Titarenkonun yaratdığı 35 səhnə obrazından 6-nı: "Koroğlu", "Azad", "Nizami", "Vagif", "Sevil" operalarındakı obrazları və "Arşın mal-alan" operettasının ekran versiyasında Validə Vəzirova ilə birlikdə ifa etdiyi Gülçöhrə obrazını (aktrisa Leyla Bədirbəyli) Azərbaycan dilində səsləndirmişdir. Ekran əsərinin rus variantında obraz yalnız Titarenkonun ifasında səslənmişdir. O, "Faust", "Bohema", "İolanta", "Yevgeni Onegin", "Qar qız", "Maskarad" və s. operalarda aparıcı partiyaları ifa etmişdir.
Gülxar İbrahim qızı Həsənova (1918-2005) — opera müğənnisi (soprano).
1935-1937-ci illərdə Bakı Teatr Texnikumunda oxumuş, 1959-cu ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir.
G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936-1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-cı ildən teatrın məşqçi pedaqoqu olmuşdur.
Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi. G.Həsənova Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir.
Şövkət Feyzulla qızı Ələkbərova (1922-1993) — Azərbaycan müğənnisi.
Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlamışdır.
1938-1945-ci illərdə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləmişdir. Şövkət Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova "Qarabağ şikəstəsi"ni oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır.
SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.
Tükəzban Məhərrəm qızı İsmayılova (1923-2008) — Azərbaycan müğənnisi.
O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil almış və peşəkar xanəndə kimi çıxış etməyə başlamışdır. Əmək fəaliyyətinə ilk əvvəllər İkinci Dünya müharibəsi illərində təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verərək daha sonra 1944-cü ildə Azərbaycan Radio Komitəsinin xor kollektivində müğənni kimi başlayan(1946-1949) Tükəzban İsmayılova 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.
Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin (1978-2008) solisti olmuşdur. 1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərmişdir. Milli musiqimizin böyük sənətkarlar nəslinin görkəmli nümayəndəsi olmuş Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənirdi. Ömrünün altmış ildən artıq bir dövrünü muğama həsr edən Tükəzban İsmayılova musiqimizin inkişafı naminə böyük əmək sərf etmişdir. Müğənninin oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olmuşdur.Repertuarında muğam, təsnif, xalq mahnıları ("Kürdün gözəli", "Yeri, dam üstə yeri", "Qarabağ şikəstəsi", "Qaragöz" və s.) və Azərbaycan bəstəkarlarının mahnıları əsas yer tutur. Onun özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirmişdir.Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olmuşdur. Bir çox mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılmışdır.
Tükəzban İsmayılova dünyanın bir çox ölkələrinə (Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair və s.) qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil etmişdir. Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilmişdir. 1993-cü ildə Azərbaycan Respublikasının xalq artisti, 1998-ci ildə Azərbaycan Respublikasının "Şöhrət ordeni" ilə təltif edilmişdir.
Mikayıl Azaflı (Mikayıl Cabbar oğlu Zeynalov) (1924-1990) — Aşıq.
Mikayıl Azaflı böyük coşqunluqla yazıb-yaradan, aşıq sənətini inkişaf etdirən, sağlığında klassikləşən ustad aşıq idi. Erkən yaşlarında «Coşğun» təxəllüsü ilə şeirlər yazan aşıq-şair az sonra öz doğma kəndinin adını təxəllüs götürüb.Professor Məhərrəm Qasımlının haqlı olaraq göstərdiyi kimi, Azaflı aşıq poeziyasının bütün şəkillərində əsl sənət nümunələri yaradan, klassik aşıq ənənələrini layiqincə davam etdirən sənətkarlardandır. Onun yaratdığı «Azaflı dübeyti», «Azaflı gözəlləməsi», «Azaflı sənəti», «Azaflı dünyası», «Azaflı gəraylısı», «Azaflı himni», «Mikayılı», «Azaflı dağları», «Azaflı bəhri», «Məzahiri», «Azaflı müxəmməsi», «Şah sarayı» kimi saz havaları dillər əzbəri olmuşdur.[2]
Azaflının Ümumittifaq Musiqi Cəmiyyətinin Rəyasət Heyətinə üzv seçilməsi təsadüfi deyildi. Bu, Azaflı Mikayılın musiqi istedadına qiymət və ehtiram idi. Aşığın arxivində Cəmiyyətin sədrinin birinci müavini V.M.Sameylenkonun 12 noyabr 1987-ci il tarixli rəsmi məktubu var. Azaflı Moskvaya dəfələrlə dəvət olunmuşdu və ilk dəfə Moskvada 1954-cü ildə festivalda iştirak edib, medallarla təltif olunub.
Aşıq Mikayıl Azaflı kommunizmə qarşı idi və bunu öz şeirlərində bildirirdi. Bu səbəbdən o, 1961-ci ildə oğurluq və evində silah saxlamaqda təqsirli bilinib dörd il azadlıqdan məhrum edilmişdi. Həbsxana həyatı sənətkara bir universitetdə qazanılacaq qədər təcrübə qazandırmışdı. Onun zindan həyatını təsvir edən şeirləri aşıq hələ zindandaykən dillər əzbəri olmuşdu.
Azaflı poeziyası xalq arasında geniş yayılsa da, XX əsrin 80-ci illərin ortalarına qədər mətbuat üzünə həsrət qalmışdı. Bu vaxt artıq sovet quruluşunun dayaqları laxlamağa başlamışdı. Odur ki, 80-ci illərdə Azərbaycan Televiziyasında rəhbər vəzifədə işləyən yazıçı Nahid Hacıyevin köməyi sayəsində aşığın iştirakı ilə onun yaradıcılığına həsr olunmuş bir saatlıq veriliş efirə verildi. Veriliş böyük maraqla qarşılandı. Sonralar «Yazıçı» nəşriyyatı sənətkarın «Qoca qartal» (1987) adlı kitabını çap etdi. 1989-cu il may ayının 17-də Azaflı Mikayıl ədəbiyyat və incəsənətin inkişafında böyük xidmətlərinə görə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görüldü.
Rauf İsrafil oğlu Atakişiyev (1925-1994) — müğənni, lirik tenor, pianoçu, pedaqoq.
Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.
Azərbaycan Opera və Balet Teatrının səhnəsində Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş "Arşın mal alan" filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir.
Lenski ("Yevgeni Onegin", P.Çaykovski), Alfred ("Traviata", C.Verdi), Almaviva ("Sevilya bərbəri", C.Rossini), Faust ("Faust", Ş.Quno), Balaş ("Sevil", F.Əmirov) partiyalarını ifa etmişdir.
Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Teatrda Əsgər ("Arşın mal alan"), Faust ("Faust"), Qraf Almaviva ("Sevilya bərbəri", Coakkino Rossini), Knyaz Sinoda ("Demon", Anton Rubinşteyn), Hofman ("Hofmanın nağılları", Jak Offenbax), Malxaz ("Daisi", Zaxari Paliaşvili), Alfred ("Traviata", Cüzeppe Verdi), Edmond ("Kornevil zəngləri", Rober Plaket), Anatoli ("İnsanın taleyi") partiyalarını oxuyub.
Rəşid Behbudovun ifasında daha çox məşhur olan "Я встретил девушку" mahnısının ilk ifaçısıdır. Mahnı ilk dəfə 1957-ci ildə Tacikistan SSR-in "Stalinabad" kinostudiyasında çəkilmiş eyniadlı filmdə ifa olunmuşdur.
Fatma Mehrəliyeva (1926-2000) — Müğənni (lirik soprano).
Musiqi festivalında “Qubanın ağ alması” xalq mahnısını ifa edən 11 yaşlı qızcığazın ifası dahi Üzeyir Hacıbəylinin diqqətini çəkir. Və elə bununla Fatma da böyük bəstəkarın himayəsinə keçir.
1940-cı ildə Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki “Sazçı qızlar” ansamblında işə düzəlir. Gənc müğənninin həzin səsində dahi Üzeyir bəyin vətənpərvərlik mövzusunda yazdığı musiqi nümunələri daha çox sevilməyə və ifaçısını tanıtmağa başlayır. Musiqisi Üzeyir Hacıbəyovun sözləri Səməd Vurğunun sözlərinə bəstələdiyi “Şəfqət bacısı” mahnısının ilk ifaçısı olan F.Mehrəliyevanın adı dillər əzbərinə çevrilir. Böyük Vətən müharibəsi illərində ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.
Beləliklə, sənət yolunda uğurla addımlayan F.Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının məharətli ifaçısı kimi şöhrət tapır. Elə bu şöhrət sayəsində o, 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən “Arşın mal alan” filminə dəvət alır və ekran əsərində Telli rolunu ifa edir. Filarmoniyanın səhnəsində uzun illər çıxış edərək səsi, ifası ilə minlərin, milyonların qəlbinə yol tapan sənətkar dinləyicilərinin yaddaşında «Olmaz-olmaz», “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi”, “Qaragilə” , «Muğan qızı», «Unuda bilmirəm» və s. mahnılarla iz qoya bilib.
Bunun üçün xüsusi səs tembrlərinin olması zəruridir. Azərbaycan muğam ifaçılığı tarixində “Kəsmə şikəstə”nin yalnız Fatma Mehrəliyeva tərəfindən yüksək məharətlə oxunması bir gerçəklikdir. Bir çox qadın ifaçılar istəsələr də, onun kimi bu musiqi nümunəsinə nəfəs verə bilməyiblər.
Əlipənah Ələsgər oğlu Pənahov (1926-1978) — aşıq-şair, Azərbaycanın əməkdar mədəniyyət işçisi (1967). Azərbaycan Yazıçılar İttifaqının üzvü (1974).
1948-ci ildən aşıqlıq edib. Aşıq sazda 32 ənənəvi aşıq havasını ustalıqla ifa edirdi. Aşıq Pənah 18 aşıq havası ("Dilbər", "Yeddi qardaş", "Azərbaycan" və s.) bəstələmişdir. Eyni zamanda mahnılar da bəstələmişdir, "Nə qəşəng bəzənmisən!" bu sırada xüsusi qeyd edilməlidir. "Qəhrəman şah Nəcəf", "Əsli və Kərəm", "Aşıq Qərib" və s. dastanları məclislərdə məharətlə ifa edirdi. Aşıq Pənah 2 dastanının ("Sülh", "Pambıqçılar") və 128-ə qədər qoşmanın müəllifidir.
Aşıq Pənahın yaradıcılığında gəraylılar və qoşmalar əsas yer tutur. Onun gəraylı və qoşmaları özündə vətənpərvərlik, əməksevərlik, təbiətə, yurda bağlılıq, yüksək insani keyfiyyətlər, şair-aşığa layiq olan mühüm keyfiyyətlər ifadə olunur. Onun gəraylılarından «Dilbər», «İnciyər», «Vurulmuşam», «Bizim qızlar», «Ana Kürüm», qoşmalarından isə «Desin», «Uşaqlar», «De danış», «Aşiqin», «Bu yanda dur», «Gördüm» və s. adlarını çəkmək olar. Onun «Dilbər» gəraylısında məhəbbət hissləri, aşiqin öz yarından imdad istəməsi və təbiət təsviri mühüm yer tutur. «Ana Kürüm» gəraylısında isə Kür çayının gözəlliyi əks olunur. Aşıq Pənah bu çayın vurğunudur. Onu öz anası ilə eyni tutub «Ana Kürüm» deyə adlandırır. Bu çayın Abşerondan keçdiyini, Bakıya gəlib çatdığını əks etdirir. «Bu yanda dur» qoşmasında müəllif uzaqda duran yarını bu yana səsləməsi, yarının çatma qaşlarından, baxışlarının, gülüşlərinin tərənnümü, nazını az etməsini xahişi, saç və tellərinin saz simləri ilə müqayisəsi, sevgilisinə heç kəsin tay ola bilməməsi haqqında danışır. «Gördüm» qoşmasında isə əsasən vətənin tərənnümü verilir. Qəhrəman oğul, qızların əməksevərliyi, Naxçıvan, Qarabağ, Mil, Muğan ümumiyyətlə Azərbaycana heç yerdə tay görməməsini, onu cənnətə bənzətməsi, vətən torpağının üstündə onun tarixinin olması, Koroğlu ilə müqayisəsi əks olunur.
Rübabə Xəlil qızı Muradova (1933-1983) — Azərbaycan müğənnisi (messosoprano).
Sabirabadda dram teatrında təhsil almışdır. Ələsgər Ələkbərov təsadüfən onu görüb Bakıya Filarmoniyaya dəvət etmişdir. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. 1955-ci ildə A.Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfini bitirmişdir. 1971-ci ildə Azərbaycan SSR Xalq Artisti adına layiq görülmüşdür. Güclü, təsirli və müxtəlif çalarlı səsə, orijinal ifaçılıq üslubuna malik müğənni idi. 1954-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Əsas partiyaları: Leyli ("Leyli və Məcnun" – Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm" – Üzeyir Hacıbəyov), Xanəndə qız ("Koroğlu" – Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl" – Müslüm Maqomayev), Şahsənəm ("Aşıq Qərib" – Zülfü Hacıbəyli), Sənəm ("Gəlin qayası" – Ş. Axundova) və s. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı idi.
"Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
Lütfiyar Müslüm oğlu İmanov (1929-2008) — Azərbaycan opera müğənnisi (dramatik tenor).
Lütfiyar İmanov 1929-cu il aprelin 17-də (başqa mənbələrə görə 1929-cu ildə) Petropavlovka kəndində (indiki Sabirabad, Azərbaycan) anadan olmuşdur. İlk dəfə məktəbli olarkən 1943-cü ildə Sabirabad Dövlət Dram Teatrında aktyor kimi özünü sınamışdır. 18 yaşındaykən dram dərnəyinin rəhbəri olmuşdur. 1948-ci ildən Sabirabad şəhər mədəniyyət evində bədii rəhbər işləmişdir. 1957-ci ildə Asəf Zeynallı adına Bakı musiqi məktəbinin vokal şöbəsini bitirmişdir. 1968-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatrşünaslıq fakültəsini bitirmişdir. 1954-1956-cı illərdə Azərbaycan televiziya və radiosunun xor solisti olmuş, 1956-1957-ci ildə Azərbaycan Dövlət Estrada Orkestrinin solisti, 1956-1959-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. İlk dəfə 1957-ci ildə Moskvada Üzeyir Hacıbəyovun “Koroğlu” operasında baş rolda debüt etmişdir. 1958-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuşdur. 1965-ci ildə Moskvada Böyük Teatrda, 1975-ci ildə İtalyanın Milan şəhərində “La Skala” teatrında təcrübə keçmişdir. 1968-ci ildən başlayaraq 30-dan çox operada baş rolda çıxış etmişdir. Konsertlərdə Azərbaycan və dünya xalqlarının mahnılarını və s. ifa edirdi. İran, İtaliya, Almaniya, Hindistan, Kanada, ABŞ, Türkiyə, bir sıra ərəb ölkələrində və s. qastrol səfərlərində olub. Pedoqoji fəaliyyətlə məşğul olub. Sovet dönəmində Azərbaycan Dövlət Konservatoriyasında (professor), 1991-1995-ci illərdə İstanbul və İzmirin opera teatrlarında dərs demişdir. 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada "Milleniumun mahnısı" festivalında çıxış etmişdir. "Karmen", "Faust", "Otello", "Trubador", "Aida", "Riqoletto" və s. klassik opera əsərlərində rollar oynayıb. 1987-1991-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifqının sədri olmuşdur. 1980 və 1985-ci illərdə Azərbaycan SSR-in Ali Sovetinin deputatı seçilmişdir.
İslam Tapdıq oğlu Rzayev (1934-2008) — Azərbaycan müğənnisi.
Qarabağ xanəndəlik məktəbinin layiqli davamçılarından biri olmuşdur. Peşəkar musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almış (1951-1956), Seyid Şuşinskinin sinfində muğam dəsgahlarını mükəmməl öyrənmiş, xanəndəlik sənətinin sirrlərinə dərindən bələd olmuşdur. Həmçinin Zülfi Adıgözəlovdan və Həqiqət Rzayevadan muğam dərsləri almış, sənətini təkmilləşdirmişdir. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmiş, həmin illərdən də Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlamışdır.
Böyük məharətlə oxuduğu "Çahargah", "Bayatı-Kürd", "Mahu-Hindi", "Rast" muğam dəsgahları AzTV-nin fonduna daxil edilmiş, Azərbaycan musiqi xəzinəsini zənginləşdirmişdi. Bir sıra mahnılar da bəstələmiş, onlardan "Gəl inad etmə", "Dağlar başı", "Almadərən" mahnıları geniş yayılmışdır. Öz yaradıcılığında bəstəkar əsərlərinə də müraciət etmiş, Cahangir Cahangirovun "Nəsimi", "Aşıq Alı" və s. kantatalarında solo partiyanı ifa etmişdir.
70-dən artıq qastrol səfərlərində olmuş, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan, Nepal kimi ölkələrdə Azərbaycan mədəniyyətini təmsil etmişdir. Pedaqoji işlə də məşğul olmuş, yetirdiyi tələbələr xanəndəlik məktəbinin layiqli davamçıları kimi tanınmışlar. Asəf Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirdikdən sonra uzun illər ərzində Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. İyirmi ilə yaxın Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 120-ə yaxın gənc ifaçı yetişdirmiş, Azərbaycan incəsənətinin inkişafındakı xidmətlərinə görə 2004-cü ildə ölkə prezidenti tərəfindən Şöhrət ordeni ilə təltif olunmuşdu.
Firəngiz Yusif qızı Əhmədova (1928-2011) – müğənni.
1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1946-1951-ci illərdə Azərbaycan Radiosu Xorunun, 1951-1988-ci illərdə isə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının operalarında müvəffəqiyyətlə çıxış etmişdir. Əsas partiyaları: Nərgiz, Gülzar ("Nərgiz", "Şah İsmayıl", M. Maqomayev), Nigar ("Koroğlu", Ü. Hacıbəyli), Sevil ("Sevil", F. Əmirov), Səriyyə ("Azad", C. Cahangirov), Sona ("Bahadır və Sona", S. Ələsgərov), Maro ("Daisi", Z. Paliaşvili), Aida ("Aida", C. Verdi), Toska ("Toska", C. Puccini) və s. "Sənsiz" (Ü. Hacıbəyli), "Ölkəm", "Sual" (A. Zeynallı), "Arzu" (Niyazi), "Heyran olmuşam" (Ə. Abbasov), "Oxuma gözəl" (A. Rzayeva) və s. Azərbaycan romanslarını, eləcə də klassik rus bəstəkarlarının (P. Çaykovski, S. Raxmaninov, S. Taneyev və b.) romanslarını sənətkarlıqla ifa etmişdir.
Firəngiz Əhmədova 1989-cu ildən ömrünün sonuna kimi Azərbaycan Opera və Balet Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət göstərib. SSRİ Ali Sovetinin (4-cü çağırış) və Azərbaycan SSR Ali Sovetinin (5-ci çağırış) deputatı olmuşdur. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilmişdir.
Zeynəb Yəhya qızı Xanlarova (1936) — müğənni.
1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. 1961-ci ildən Opera və Balet teatrının solistidir. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında müvafiq olaraq Leyli və Əsli obrazlarını yaratmışdır. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının (Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cahangir Cahangirov, Arif Məlikov, Emin Sabitoğlu, Ələkbər Tağıyev və b.) və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların da müəllifidir. Haqqında “Salam, Zeynəb!” adlı sənədli televiziya filmi çəkilib.
Dünyanın əksər ölkələrində konsertlər vermişdir.
Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) və Azərbaycan Respublikası Milli Məclisinin (I-IV çağırış) deputatı olmuşdur.
Zeynəb Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. "Şöhrət" ordeni ilə təltif edilib. 1975-ci ildən Azərbaycanın xalq artisti, 1980-ci ildən SSRİ xalq artisti, 1985-ci ildən Azərbaycan SSR Dövlət mükafatı laureatıdır.
Oqtay Cəfər oğlu Ağayev (1934-2006) — azərbaycanlı müğənni.
O. Ağayevin uşaqlıq illəri müharibə dövrünə təsadüf etdiyi üçün çox çətin keçib. Sənətkar musiqini uşaqlıqdan sevib. 1953-cü ildə Asəf Zeynallı adına Musiqi texnikumuna daxil olub. Müəllimi Sofya İvanovna Xalfen olub. Təxminən 78 yaşlı bu qadın özü də müğənnilik edib. O, Oqtaya vokalın sirlərini öyrədib, onun vokalist kimi inkişafında böyük zəhmət çəkib.
Əsgərlikdən qayıdandan sonra O. Ağayev Firudin Mehdiyevin sinfində təhsilini davam etdirib. Firudin Mehdiyev konservatoriyada ölməz Bülbülün sinfini bitirmişdi və texnikumda dərs deməyə başlamışdı. O. Ağayev Azərbaycanda olan iki böyük estrada orkestrinin hər ikisində solist kimi fəaliyyət göstərib. 1970-ci ilə qədər Rauf Hacıyevin, 1984-cü ilədək isə Tofiq Əhmədovun rəhbərliyi ilə Radio və Televiziya Estrada Orkestrinin solisti olub.
O. Ağayev dünyanın bir sıra xarici ölkələrində (Əlcəzair, Mərakeş, Polşa, Çexiya, Slovakiya, Bolqarıstan, Rumıniya və s.), keçmiş SSRİ-nin bütün respublikalarında qastrol səfərlərində olub, Kreml Sarayında 11 konsert verib.
O. Ağayev kino sənətində də fəaliyyət göstərib. Vaqif Mustafayevin ""Yapon" və yaponiyalı" filmində milis rəisi rolunda çəkilib. "O qızı tapın", "Dağlarda döyüş" və başqa filmlərdə mahnılar ifa edib. Oxuduğu mahnıların 200-dən çoxu lentə yazılıb.
Fidan Əkrəm qızı Qasımova (1947) — Azərbaycanın opera müğənnisi.
Bülbül adına musiqi məktəbini bitirdikdən sonra Fidan 1966-cı ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş, məhz parlaq istedadı və zəhməti sayəsində eyni vaxtda iki ixtisas — skripka və vokal üzrə təhsil almışdır. 1974-cü ildə Moskva Konservatoriyasının aspiranturasını bitirdikdən sonra Bakıya qayıtmış, həmin vaxtdan M.F.Axundzadə adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, həmçinin Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərs deməyə başlayıb.
Azərbaycanın (1983), SSRİ-nin (1988) xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Dövlət Mükafatı laureatı (1984) olan F.Qasımova 1990-cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur. Onun əməyi müstəqil Azərbaycan dövlətində layiqli qiymətini alıb. Heydər Əliyev tərəfindən “Şöhrət” (1997) ordeninə, prezident İlham Əliyevin sərəncamı ilə isə “Şərəf” ordeninə (2010) və “İstiqlal” ordeninə (2017) layiq görülüb.[1]
F.Qasımovanın 2008-ci ildə “Besame mucho” adlı albomu buraxılıb. “Eta Production” studiyasında yazılmış disk ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr olunub. Böyük sənətkarın adı “Dünyanın 100 qadını” kitabına salınıb.
Azərbaycanın və SSRİ-nin xalq artisti Fidan Qasımova 2015-ci ildə Böyük Britaniyanın Kembric Universitetinin tərtib etdiyi ensiklopediyada dünyanın ən tanınmış ifaçısı adına layiq görülərək xüsusi diplomla mükafatlandırılıb. Fidan Qasımova Azərbaycanın musiqi mədəniyyətində bu ali mükafata layiq görülən yeganə ifaçıdır.
Qasımova Xuraman Əkrəm qızı (1951) — Azərbaycanın opera müğənnisi,
Xuraman və böyük bacısı Fidan Qasımova bacılarının valideynləri daim incəsənətlə bağlı olub, şeir yazıb, musiqiyə meyl göstəriblər. 1975-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir . 1976-cı ildən Azərbaycan Opera və Balet Teatrının solistidir. Əsas partiyaları: Səlma ("Aldanmış ulduzlar", M.Quliyev), Sevil və Dilbər ("Sevil", F.Əmirov), Nigar ("Koroğlu", Ü.Hacıbəyli), Mimi və Müzetta ("Bohema", C.Puççini), Dezdemona, Aida ("Otello", "Aida", C.Verdi), Tatyana ("Yevgeni Onegin", P.Çaykovski), Xurşudbanu Natavan (Natavan, Vasif Adıgözəlov) və s. İfaçıların 5-ci Zaqafqaziya müsabiqəsinin (1977, I mükafat), vokalistlərin M.Qlinka adına 7-ci Ümumittifaq müsabiqəsinin 1977 və Mariya Kallas adına Beynəlxalq müsabiqəsinin Afina, 1981; həmçinin "Qran pri" qızıl medalına layiq görülmüşdür, eləcə də ifaçıların P.Çaykovski adına 8-ci Beynəlxalq müsabiqəsinin (Moskva, 1982) laureatıdır. Kinofilmlərə çəkilmişdir ("Mən ki gözəl deyildim", "Həyat bizi sınayır"). 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyir. 1993-cü ildən solo oxumaq kafedrasının müdiri, 1996-cı ildən professor 1994-cü ildən İstanbul Dövlət Universiteti konservatoriyasının professorudur. Bir sıra xarici ölkələrdə (Bolqarıstan, Çexiya Slovakiya, Malta, Fransa, Avstriya, Norveç, Türkiyə, Finlandiya və s.) çıxış etmişdir.