GÖRKƏMLİ MUSİQİ XADİMLƏRİ — MUĞAM ÜÇLÜYÜ

Mirzə Əsəd oğlu Sadıq (1846–1902) və ya Sadıqcan — musiqiçi, tarzən, bəstəkar və Azərbaycan tarın təkmilləşdirən sənətkar.

Bütün şuşalılar kimi Sadıq da kiçik yaşlarından öz gücünü xalq mahnılarının və muğamlarımızın ifası sahəsində sınayır. İş burasındadır ki, Məhərrəmlik təziyələri zamanı teatrlaşdırılan şəbih tamaşalarında iştirak edib və mərsiyələr oxumaq savab sayıldığından, evlərinə tanınan mərsiyəxan və xanəndələr dəvət edə bilməyən kasıb ailələrdə öz övladlarını uşaq yaşlarından oxumağa öyrədirdilər. Hətta bundan ötrü Şuşada məxsusi musiqi məclisləri və məktəblər də vardı. Demək olar ki, bütün tanınmış xanəndə və musiqiçilər də şagird götürüb öyrədirdilər. Həmin məclis və məktəblərdən çıxan məzunların bir çoxu sonralar bütün Şərqdə məşhurlaşıb, toylarda, konsertlərdə, el şənliklərində hörmət qazanıb.

Sadıqcan — Azərbaycanın tanınmış tarzənlərindən biri sayılır. Sadıqcan tarı təkmilləşdirərək, bu alətdə virtuoz oyunların imkanlarını genişləndirdi. O, tara cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. O, həmçinin tarın boyunlarına tutma sistemini tamamilə dəyişdirib, onların sayını 27–28-dən 22-yə endirdi. Sadiqcan Azərbaycan muğamına əhəmiyyətli yeniliklər təqdim edərək, "Segah" və "Mirzə Hüseyn Segahı"nı təkmilləşdirdi və "Mahur" muğamını yaxşılaşdırdı. Azərbaycan muğamında "Mahur-Hindi", "Orta Mahur", "Zabul Segah", "Xaric Segah", "Mirzə Hüseyn Segahı", "Etim Segah", "Çoban Bayatı" yaranması, Sadıqcanın yaradıcılığı və Azərbaycan tarı ilə bağlıdır.

1890-cu illərdə Sadıqcanın rəhbərliyi altında Şuşada ansambl yarandı. Ansamblın tərkibində, o dövrün tanınmış müğənniləri və musiqiçiləri daxil idi. Tarzənin tanınmış şagirdlərindən — Qurban Pirimov, Məşədi Cəmil Əmirov, Məşədi Zeynal Haqverdiyev, Şirin Axundov, Mərdi Canıbəyov, Həmid Malıbəyli və digərlərini qeyd etmək olar.

Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (1861–1944) — xanəndə, bəstəkar, musiqi xadimi.

Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və Azərbaycan musiqi tarixində ən görkəmli rol oynayan xanəndələrdən biridir. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Cabbar Qaryağdıoğlu Şuşada Xarrat Qulunun məktəbində muğam dərsləri almışdır. Eyni zamanda Şuşa şəhərinin zəngin musiqi mühiti Cabbarın inkişafında müstəsna rol oynamışdı. Rus şairi S.Yesenin onu “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır. Qarabağ, Gəncə, Şirvan, Bakı məclislərində çox məşhur olan Cabbar Zaqafqaziyada, Orta Asiya ölkələrində, İranda da tanınmışdı. Cabbar Qaryağdıoğlu musiqi tarixində muğamı teatr və konsert səhnəsindən səsləndirən ilk xanəndə olmuşdur. Belə ki, 1897-ci ildə görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə Şuşada tamaşaya qoyulan “Məcnun Leylinin məzarı üstündə” musiqili səhnəciyində Məcnun rolunun ifaçısı Cabbar Qaryağdıoğlu olmuşdur. O, “Şərq konsertləri”nin də fəal iştirakçısı idi. Cabbar Şuşada Mirzə Sadıq Əsəd oğlunun sazandalar dəstəsi ilə, 1900-1905-ci illərdə Bakıda tarzən Mirzə Cəfər və kamançaçı Məşədi Qulu ilə çıxış etmişdir. 1905-ci ildə tarzən Qurban Pirimov və kamançaçalan Saşa Oqanezaşvilidən ibarət trio yaratmışdır. Bu trio 20 ildən artıq fəaliyyət göstərmişdir. 1906-1912-ci illər ərzində “Spord-rekord”, “Eksrtafon” və “Qrammofon” səhmdar cəmiyyətləri tərəfindən Kiyev, Moskva, Varşava şəhərlərdə Cabbar Qaryağdıoğlunun səsi qrammofon valına yazılmışdır. Şərqin musiqi sənəti tarixində bunlar ən birinci yazılardır. 1912-ci ildə Varşavadan qayıdarkən, Moskvada "Şərq konsertləri" vermişdir. C.Qaryağdıoğlu klassik muğamların hamısını və bir çox təsnifləri böyük məharətlə oxumuşdur. Xüsusilə, onun oxuduğu “Heyratı”, “Mənsuriyyə” zərbi muğamları, “Mahur”, “Şahnaz” muğamı musiqi tariximizdə misilsiz nümunələrdir. Cabbar klassik poeziyanı mükəmməl bilirdi. Cabbar özündən əvvəlki ustadlardan fərqli olaraq, xanəndəlik sənətində ilk dəfə olaraq, muğam və təsniflərdə Azərbaycan dilində qəzəllər oxumuşdur. O, konsert və məclislərdə Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Xurşidbanu Natəvan və b. Azərbaycan şairlərinin qəzəllərini ifa edirdi. Məhz ana dilində qəzəllər və şeirlər oxumaqla muğamların xalq arasında geniş yayılmasına səbəb olmuşdur. Cabbar həm də bəstəkar və şair kimi tanınırdı. Onun yaratdığı təsniflərdən “İstəkanın deşilsin”, “Tiflisin yolları”, “İrəvanda xal qalmadı”, “Naxçıvan gədiyindən aşeydim” və b. göstərmək olar. Onun ifasında 300-ə yaxın mahnı və təsnif Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən Elmi-Tədqiqat kabinetində fonovaliklərə yazılmışdır, bir çox mahnı və təsniflər Ü.Hacıbəyli, M.Maqomayev, S.Rüstəmov tərəfindən nota köçürülmüş və nəşr olunmuşdur. 

Keçəçioğlu Məhəmməd (Məhəmməd Məşədi Xəlil oğlu) (1864-1940) — xanəndə.

Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir. Qarabağ məktəbinin digər görkəmli nümayəndələri ilə yanaşı, yaradıcılığında muğam sənətini inkişaf etdirmiş, Azərbaycan muğamının şöhrətini hər yana yaymışdır. Onun repertuarlarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu. Geniş diapozonlu, güclü və zil səsə malik xanəndə bütün muğam-dəstgahları və zərbi muğamları ustalıqla oxuyurdu. Keçəçioğlu Məhəmməd öz sənətinə tələbkarlıqla yanaşan və öz üzərində daim, yorulmaq bilmədən çalışan xanəndə olmuşdur. Oxuduğu “Zəminxarə”, “Hümayun” kimi muğamlarla o, dinləyiciləri ələ almağı və öz bənzərsiz ifası ilə onları valeh etməyi bacarırdı.

Keçəçioğlu Məhəmməd klassik muğamları, həmçinin, “Nəva”, “Mahur”, “Bayatı-Qacar” muğamını original bir şəkildə , özünəməxsus cəhətlərlə ifa edirdi. Bununla yanaşı, o, xüsusən zərbi muğamların təbliğatçısı kimi tanınmışdır. Xanəndə Şərq konsertlərində çıxışları ilə də xalqın rəğbətini qazanmışdır. Xüsusilə onun Cabbar Qaryağdıoğlu ilə bigə Füzulinin “Leyli və Məcnun” poemasından səhnələri duet şəklində oxumaları çox məşhur idi.

Onun qastrol səfərləri də qeyd olunmalıdır. Xanəndəliklə yanaşı, pedoqoji fəaliyyətlə də məşğul olmuşdur. Keçəçioğlu Məhəmməd bütün qüvvəsini və biliyini musiqi mədəniyyətimizin inkişafına həsr etmişdir. 1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir. O, burada Azərbaycanın bir çox xanəndələrini yetişdirmişdir.

Məşədi Məmməd Fərzəliyev (1872-1962) — Qarabağ xanəndəsi.

Lap gənc yaşlarından bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və sair şəhərlərdə yaşamış və xanəndəlik etmişdi. O, Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı. Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində çıxış etmişdi. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı.

Məşədi Məmmədin oxuduğu “Bayatı-kürd”, “Rast”, “Şur”, “Çahargah”, “Zabul-Segah”, “Kürdü Şahnaz”, “Heyratı”, “Mənsuriyyə”, “Simayi-şəms”, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Kərəmi”, “Əfşarı” və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də “Şüştər” ustası kimi daha məşhur idi.

Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən “Sport-Rekord” şirkəti tərəfindən bir dəvət aldı. Azərbaycanlı xanəndənin səsi Varşavada vala yazılır. Məşədi Məmməd tarzən Qurban Pirimovun müşayiəti ilə 40-dək muğam, təsnif və mahnı ifa etdi. Bu uğurdan sonra Kiyev şəhərindən də növbəti dəvət gəldi. Görkəmli sənətkar burada “Ekstrafon” şirkəti tərəfindən muğam və xalq mahnılarını qrammofon valına yazdırdı. Məşədi Məmməd bütün muğam və mahnılarında ən çox Natəvanın qəzəllərini ifa edərmiş. Məşhur bir xanəndə kimi tanınmış Məşədi Məmməd 1913-cü ilin yazında Zubalov adına xalq evi tərəfindən Tiflisə dəvət edilir. 1926-cı ildə Məşədi Məmməd Fərzəliyev Rusiyanın bir çox şəhərlərində, Polşa, Almaniya, Fransa, Belçika, Ingiltərə, Avstriya, Rumıniya, Türkiyə və Iranda konsertlər verir.

Məşədi Cəmil Əmiraslan oğlu Əmirov (1875-1928) — tarzən, bəstəkar, musiqi xadimi.

Məşədi Cəmil kiçik yaşlarından Azərbaycan tara böyük maraq göstərsə də maddi vəziyyətinə görə bir dərzinin yanına şagird kimi gedir. O, tezliklə Şuşada bir dərzi kimi məhşurlaşır və hətta özünə dükan da açır.  Bir dəfə Şuşadakı toy tarzənlərindən biri Məşədi Cəmilin yanına gələrək ona bir paltar tikdirir. Məşədi Cəmil isə bu paltarın qarşılığında tarzəndən ona tarda bir neçə mahnı çalmağı öyrətməyi xahiş edir və bundan sonra Məşədi Cəmil həyatını musiqi ilə bağlayır. Onun musiqiçi kimi yetişməsində Mir Möhsün Nəvvabın musiqi məclislərinin böyük rolu olmuşdur. Məşədi Cəmil Gəncə məclislərində Məşədi Məhəmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini, sonralar isə Bülbülü və Seyid Şuşinskini müşayiət edir.

1910-cu ildə Məşədi Cəmil bir qrup musiqiçi ilə Riqa şəhərindəki "Qrammafon" şirkətinə dəvət olunur. Burada o, bir sıra muğam və xalq mahnılarını vala yazdırır. 1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. İki ilə yaxın İstanbulda yaşayır və təhsil alır. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Türkiyəlilər tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmildə görürlər. Türkiyənin "Şəhbal" jurnalı Məşədi Cəmil və Azərbaycan musiqisi haqqında böyük bir məqalə və Məşədi Cəmilin tarla şəklini dərc edir.

Məşədi Cəmil həm də Azərbaycan musiqi tarixində muğamları ilk nota alanlardandır. O, 1912-ci ildə Heyratı muğamını nota salıb "Şəhbal" jurnalında nəşr etdirir. 1913-cü ildə Gəncəyə dönən Məşədi Cəmil özü ilə kaman və ud da gətirir. 1915-ci ildə uzun çalışmadan sonra Məşədi Cəmil "Seyfəl-mülk" operasını yazır. Opera Gəncədə iki dəfə oynanıldıqdan sonra Tiflisə dəvət alır və 1916-ci il 3 iyunda Tiflis Kozyanın teatrında (indiki Gürcüstan Dövlət Opera və Balet teatrı) səhnələşdirilir. Tiflisdən sonra opera İrəvanda səhnələşdirilir. Gəncəyə döndükdən sonra şəhərdə musiqi məktəbi açmaq istəyən Məşədi Cəmilə Çar Rusiyası icazə vermir. Lakin Məşədi Cəmil muğam kursu açır. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov və Musa Şuşinski kimi sənətkarlar bu kursdan faydalanır. SSRİqurulduqdan sonra Məşədi Cəmil Gəncədə dram truppası yaradır. 1923-cü ildə isə uzun mübarizədən sonra Məşədi Cəmil, nəhayət ki, Gəncədə musiqi məktəbi açmaq üçün icazə alır və elə ilk ildə məktəbə 39 tələbə qəbul edilir. Məşədi Cəmilin oğlu Fikrət Əmirov, Qənbər Hüseyinli, Telman Hacıyev və başqaları bu məktəbin yetirmələridir. Məşədi Cəmil Əmirov 1923-cü ildə "Namuslu qız" operettasını yazır və bu əsər də Gəncədə uğurla tamaşaya qoyulur. 

Abdullayev İslam Əbdül oğlu (1876-1964) — xanəndə.

Qarabağ muğam məktəbinin görkəmli nümayəndələrindən biridir. Azərbaycanın musiqi tarixində İslam Abdullayev “Segah” muğamının təkrarsız ifaçısı kimi tanınmışdır.

“Segah” muğamını və onun bütün variantlarını –“Zabul-Segah”, “Mirzə Hüseyn segahı”, “Orta Segah”,” Xaric Segah” muğamlarının xüsusi bir şövq və məharətlə oxuduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. İslam Abdullayev Şuşa şəhər məktəbində təhsil almışdır.

Musiqişünas alim Mir Möhsün Nəvvabdan, xanəndə Hacı Hüsüdən və Qarabağın bir çox məşhur xanəndələrindən muğamları öyrənmiş, xanəndəlik sənətinə yiyələnmiş və tarzən Mirzə Sadıq Əsəd oğlunun müşayiətilə çıxış etməyə başlamışdır. İslam Abdullayev gözəl və təsirli səsi, bənzərsiz ifaçılıq qabiliyyəti sayəsində Azərbaycanda və onun hüdudlarından kənarda da məşhurlaşmışdır.

1910-1915 ci illərdə “Sport-Rekord” və “Ekstrafon” səsyazma şirkətləri tərəfindən İslam Abdullayevin ifasında “Segah”, “Bayatı-Qacar”, “Şahnaz”, “Şüştər” muğamları və bir sıra təsniflər qrammafon vallarına yazılmışdır.

İslam Abdullayev gözəl pedaqoq olmuşdur. Xan Şuşinski, Yaqub Məmmədov, Sahib Şükürov kimi xanəndələrin yetişməsində böyük rol oynamışdı. Ömrünün sonuna yaxın Ağdama köçmüş, burada musiqi məktəbində muğamdan dərs demiş, bir çox xanəndələrin ustadı olmuşdur.

Qurban Baxşəli oğlu Pirimov  (1880-1965) — Azərbaycanın ilk xalq artisti, musiqiçi, tarzən.

15 yaşında ikən müəllimi Sadıqcanın xeyir-duasını alan Qurban Qarabağ toylarında seçilən məşhur xanəndələri müşayiət edir. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını görüb onu özünə tarzən götürür. 1905-ci ildə Qurbanın taleyində uğurlu tarix olur. Çünki Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun tar çalmağını bəyənir və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirir. Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. 

Qurban Primovla 30 il sənət əlaqəsində olan respublikanın əməkdar artisti Firudin Ələkbərovun tarzənlə bağlı maraqlı xatirələri var. O deyir ki, Qurban əmi muğamlarımızı dərindən bilən sənətkar olub. Qurban əmi tar çalanda mizrabından qığılcım çıxıb: "Onun vaxtında mikrofon az idi. Ancaq heç vaxt mikrofondan istifadə etməzdi. Onun gur çalğısı bütün zala yayılırdı. Mizrabı simlərə vuran kimi bütün zalda əyləşənləri məcbur edirdi ki, ona qulaq assınlar".

Bəli, onda özünəməxsus çalğı ştrixləri olub. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl olmasını xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əlləri qoruyun. Qurban Primov haqlı idi. Məhz həmin əllər idi bizləri heyrətə salan, möcüzələr yaradan. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi. Ustadlarımız bu gün böyük sənətkarın yolunu davam etdirərək, öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Primovun öz sözləri ilə desək, "öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun".

Mirzə Mənsur Məşədi Məlik oğlu Mənsurov (1887-1967) —  tarzən.

Mirzə Mənsur Mənsurov atası Məşədi Məlik bəyin evində keçirilən Bakı muğam məclislərindən bəhrələnmiş, tara olan meyli artaraq musiqiçi olmağa qərar vermişdi. Görkəmli tarzən 1920-ci ildən Üzeyir Hacıbəyovun təşkil etdiyi Dövlət Türk Musiqi Məktəbində, 1926-1946-cı illərdə isə Azərbaycan Dövlət Konservatoriyasında muğamdan dərs vermişdir. O Üzeyir Hacıbəyovun təşəbbüsü ilə tar sinfi üçün ilk muğam tədris proqramını tərtib etmişdir. 

Mirzə Mənsurun ifasından 1930-cu illərin ortalarında gənc bəstəkarlar Tofiq Quliyev və Zakir Bağırov "Rast", "Dügah" və "Zabul" muğamlarını ilk dəfə nota salmışlar. 1940-cı ildə Mirzə Mənsur Mənsurova Azərbaycan SSR Əməkdar İncəsənət Xadimi fəxri adı verilmişdir.

O həm də yaradıcı təfəkkürlü musiqiçi kimi tarın quruluşunda (pərdələrin qoşulmasında, tar aşıqlarının möhkəmləndirilməsində və s.) bəzi dəyişikliklər edib. Hətta yeni quruluşda bir tar da hazırlayıb. Mirzə Mənsurun 1934-cü ildə yeni forada hazırladığı iki tardan biri Parisdə, digəri isə İstanbulda incəsənət alətləri sərgisində müvəffəqiyyətlə nümayiş etdirilir.

Mirzə Mənsur Azərbaycanda bir çox istedadlı musiqiçilər nəsli yetişdirib. Bu sırada Səid Rüstəmov, Xurşid xanım Ağayeva, Ənvər Mənsurov (Mirzə Mənsurun oğlu), Rəçid Əfəndiyev və başqalarının adını çəkmək olar.

Seyid Şuşinski (1889-1965) — Azərbaycan xanəndəsi.

Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirrlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxumuşdu. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan "Çahargah"ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu "mayə"dən yox, "Mənsuriyyə"dən başlayardı, zildə böyük ustalıqla zəngulələr vuraraq, sonra "mayə"yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74 ötmüş Seyid "Mənsuriyyə"ni eyni şövqlə oxuyurdu.

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin "Millət necə tarac olur-olsun, nə işim var" şerini "Müxalif"də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. "Ayıl ey millət", "Mən bir türkəm", "Millət istərsə" və s.

Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərmişdi. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək etmişdi, özü də aktyor kimi bir sıra rolları oynamışdı. Seyid Şuşinski "Çahargah"dan başqa "Mahur", "Nəva", "Məsnəvi", "Osmanı", "Arazbarı", "Heyratı" kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxumuşdur. ("Rast-Humayun", "Qatar-Bayatı", "Şur-Şahnaz") "Rast"da və "Kürdi-Şahnaz"da "Dilkəş"i ilk dəfə Seyid Şuşinski ifa etmişdi.

Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı "Şur" və "Kürdi-Ovşarı" simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdu.

Əhməd Məmmədrza oğlu Bakıxanov (1892-1973) — tarzən, pedaqoq, musiqi xadimi.

Əhmədxan Bakıxanov ilk təhsilini İranda almış, burada ustad tarzənlərdən tar ifaçılığının və muğamatın sirlərinə dərindən yiyələnmiş, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə çalmış, müəllimlik etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə ADK-da, daha sonra ADMM-də muğamdan dərs demişdir. Azərbaycan radiosunun nəzdində xalq çalğı alətləri ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır. Bu ansambl bir çox görkəmli xanəndələri — Cabbar Qaryağdıoğlunu, Seyid Şuşinskini, Hüseynqulu Sarabskini, Zülfü Adıgözəlovu və b. müşayiət etmiş, geniş konsert proqramları ilə çıxış etmişdir. Azərbaycan xalq musiqisinin, xüsusilə muğamların təbliğində tarzən Ə.Bakıxanovun böyük xidməti var. O, muğam sənətinin dərin bilicisi olmuş, ifaçılıq təcrübə­sində az ifa olunan “Nəva-nişapur”, “Əbu-əta" muğamlarının mahir ifaçısı kimi tanınmışdır. Eyni zamanda onun yaratdığı bir çox melodiyalar, rənglər xalq ifaçılığında geniş yayılmışdır.

Ə.Bakıxanov “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir. Bu məcmuələr xalq musiqisinin tədrisi və tədqiqi üçün qiymətli vəsaitdir. Onun musiqi məktəbləri üçün tərtib etdiyi muğam proqramı tar tədrisində bu gün də istifadə olunur.

Ə.Bakıxanov ömrünün çox hissəsini musiqi kadrlarının tərbiyəsinə həsr etmişdir: Həbib Bayramov, Əhsən Dadaşov, Sərvər İbrahimov, Əliağa Quliyev, Əlikram Hüseynov onun tələ­bələri olmuşlar. Bir çox bəstəkarın (Arif Məlikov, Hacı Xanməmmədov, Nəriman Məmmədov və b.) muğam müəllimi olmuşdur. İranlı musiqiçilər Əli Səlimi və Adil Axundzadə onun yetirmələri olmuşlar.

Zülfü Səməd oğlu Adıgözəlov (1898-1963) — xanəndə, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı.

Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək "Müdafiə evi"ndə (indiki filarmoniya) işləmək üçün Ü.Hacıbəyov, Q,Pirimov, M.Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu.

Zülfü Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və s. onun məktəbinin davamçılarıdırlar.

Xanəndənin ifa etdiyi və lentə, qrammafon vallarına yazdırdığı "Rast", "Mahur-hindi", "Segah-Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəstgahları, bir sıra təsniflər, "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim bir busə ver", "Kəklik" və b. bu kimi xalq mahnıları Azərbaycan musiqi xəzinəsinin inciləridirlər. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir.

Zülfü Adıgözəlov muğam dəstgahların ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təfsir etmişdir. Bu baxımdan "Əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.

Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) (1901-1979) — xanəndə.

16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında "Mahur–Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.

Yavər Abbas qızı Kələntərli (1902-1979) — xanəndə.

Onların nəslində hamı muğamı, musiqini sevirdi. Amma balaca, şirindilli, hazırcavab, sevimli Yavərə "Qız uşağı oxumaz" dedilər. O da kömür damına qaçar, orda ürəyi boşalınca oxuyardı. Şöhrətli xanəndə olduğu vaxtlarda onu müayinə edən həkim təəccüblənmişdi: "Səsinizdə qəribə ahəng var, elə bil, kömür şaxtasında işləmisiniz".Yavəri qohumları sənətdən, səhnədən uzaq tutmaq üçün əllərindən gələni etmişdilər. Ancaq onun məlahətli səsi bir gün bəstəkar Üzeyir Hacıbəyovun diqqətini çəkdi. Bəstəkarın təklifinə etiraz da edə bilmədilər. Yavər 1922-ci ildə birillik musiqi kursunu bitirdi.

O, səhnənin, oxumağın ləzzətini görüb-ailə həyatı qurmuşdu. Gəlin köçəndən sonra isə o, səhnə arzusuna, oxumaq istəyinə son qoyulduğuna əmin idi...1924-cü il noyabrın 5-də Maarif evinin ikimərtəbəli binasında sovet hakimiyyətinin 5-ci ildönümü münasibətilə tədbirdə Yavər "Mahur-hindi" muğamını ifa etdi. Onu tarda Bədəlbəy Bədəlbəyli, skripkada Cəmo Cəbrayılbəyli müşayiət etdilər. Bundan sonra Üzeyir bəy ona muğam dərnəyinə getməyi məsləhət gördü. Yavər Kələntərli məşhur xanəndələr Cabbar Qaryağdıoğlundan və Seyid Şuşinskidən dərs aldı. Ancaq bütün bunlar onun 18 illik həyat yoldaşından ayrılmasına səbəb olur. Hətta yeganə övladını itirdikdən sonra da bir müddət səhnəyə çıxmasa da sonda Ü. Hacıbəylinin təkidi ilə səhnəyə qayıdır.

Azərbaycan radiosununun və Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.

Leyli, Leylinin anası ("Leyli və Məcnun", Üzeyir Hacıbəyov), Əsli ("Əsli və Kərəm", Üzeyir Hacıbəyov), Ərəbzəngi ("Şah İsmayıl", Müslüm Maqomayev) və digər partiyaları ifa etmişdir.

Mansurov Bəhram Məşədi Süleyman bəy oğlu Mansurov (1911-1985) — musiqiçi ,görkəmli tarzən.

Bəhram Mansurov uşaqlıqdan evlərində təşkil olunan musiqi məclislərinin şahidi olub. Azərbaycanın bütün guşələrindən gələn muğam biliciləri, musiqiçilər, xanəndələr bu məclislərə toplaşardılar. Bu məclislərdən nəinki görkəmli musiqiçilər faydalanmış, həm də Seyid Əzim, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev kimi məşhur şair və ədiblərimiz onunla yaxın əlaqədə olmuş, onun şəninə şeirlər yazmışlar. Bu məclislər 1863-cü ildən başlayaraq bir növ "xalq konservatoriyası" rolunu oynayıb. Bu musiqi ocağı sonralar çoxları üçün bir həyat məktəbi olub. Evlərində çoxlu tar var idi. Atası evdən bir yerə gedən kimi balaca Bəhram dərhal divardan asılan tarlardan birini götürüb çalar, özü də bilmədən kökdən salıb divardan asardı. Onun tara, musiqiyə olan həvəsini görən Məşədi Süleyman Bəhrama həmişə deyərmiş: "Mən hiss edirəm ki, sən tarı birdən-birə çalacaqsan. Sənə öyrətmək lazım deyil". Doğrudan da Bəhram 8 yaşından tarı sinəsinə basaraq uşaq arzularını tarın kövrək tellərinə kökləyib.

Bəhram Mansurovun 19 yaşı olanda Müslüm Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və balet Teatrına solist-tarzən kimi dəvət edir. Bəhram Mansurov opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyir. Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayır. Bəhram Mansurov bütün yaradıcılığı boyu bir çox korifey xanəndələri — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Zülfü Adıgözəlov, Xan Şuşinski, Hacıbaba Hüseynov və başqalarını konsertlərdə öz tarı ilə müşayiət etmişdir. O, ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərbaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılmışdır. Tarzən 1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil etmişdir. Bəhram Mansurov Sadıqcandan sonra klassik azərbaycan muğamlarını qoruyub saxlayan və təbliğ edən yeganə tarzən idi. Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınmışdır.

Hacıbaba Hüseynəli oğlu Hüseynov (1919-1993) — xanəndə.

Ruhani ailəsində böyümüşdür. Erkən yaşlarında məsçidlərdə, yas məclislərində nohə və mərsiyyə söyləyərmiş. 1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov, Zülfünün oxuduqlarını təkrar edir onu yamsılıyarmış. 1945-ci ildə müharibə bitəndən sonra, o zamanlar artıq tanınan xanəndə olan, həm də Hacıbaba Hüseynovun baldızı olan Sara xanım Qədimova, Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblna işə gətirir. Hacıbaba həmin ansamblda üç il çalışmışdır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa başlamışdır. Həmin vaxtlarda Hacıbaba Hüseynov ansamblla çıxış edən xanəndələrdən, musiqiçilərdən, Əhməd Bakıxanovdan muğamın incəliklərini öyrənir və ömrünün sonuna qədər Əhməd Bakıxanovu özünün əsas ustadı hesab edir. Onun səs diapozonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirlimişdir.

1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs demiş, xanəndələr yetişdirmişdir. Xanəndənin tələbələri arasında görkəmli sənətkarlarımız var — Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Aqil Məlikov, Səfər Mirzəyev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə, Sahib İbrahimov və s. Görkəmli sənətkarlarımız Ağaxan Abdullayev, Məmmədbağır Bağırzadə və Alim Qasımov Hacıbaba Hüseynovun birbaşa tələbələri olmasalarda, Onun ifasından çox bəhrələniblər və qoyduğu məktəbin laiqincə təmsil ediblər. Hacıbaba Hüseynovun yaratdığı çoxsaylı təsniflər musiqi irsinə daxil olmuş və muğam ifaçılığında geniş yayılmışdır.

Elman Kərim oğlu Bədəlov (1929-1991) — kamançaçalan. 

Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır.

Ağdam Dövlət Dram Teatrının tamaşalarında, kosertlərlə çıxış etmiş, Azərbaycan gənclərinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı, Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951). Professional musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır.

1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamança qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və b.) qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir.

Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi.

Habil Mustafa oğlu Əliyev (1927-2015) — kamançaçalan.

Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinifi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb. Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu. Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı vermişdir. Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olmuşdur.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Əlibaba Balaəhməd oğlu Məmmədov (1930) — Azərbaycan xanəndəsi, bəstəkar.

Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynamışdı. Əlibaba Məmmədov musiqi təhsilini 1953-1958 ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinifində almışdır.

1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”-nin solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaratmışdır və bu günə kimi həmin ansambla rəhbərlik edir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnmiş və muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır.

Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam dəsgahlarının səsyazıları AzTV Fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaratmışdır ki, onlar xanəndələrin repertuarlarına daxil edilmişdir.

“Yaşa məhəbbətim, yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” və s. Füzuli, Vahid, Mikayıl Müşviq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış bu mahnılar AzTV Fondunda bir çox görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. Əlibaba Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyir, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edir. Əlibaba Məmmədov həm də dəfələrlə muğam müsabiqələrində müsiflər heyətinin üzvü olmuşdur.

Arif Babayev (1938) — xanəndə, professor.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib (1962). Azərbaycan Dövlət Filarmoniyasında (1963-1966), Azərbaycan Dövlət Opera və Balet Teatrında (1966) çalışıb.

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır. Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm (Ü.Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm “), Aşıq Qərib (Z.Hacıbəyov-“Aşıq Qərib”), Camal (Ş.Axundova-“Gəlin qayası”) kimi yaddaqalan obrazlar yaratmışdır. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənmiş və lentə alınaraq AzTR Fonduna daxil olmuşdur.

1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Xanəndə, xalq artisti (1988), professor (1996), "Şöhrət" (1998) və "İstiqlal" (2008), "Şərəf" (2018) ordenlərinə layiq görülmüşdür. Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biridir.

Onun yaradıcılığında “Şur”, “Seygah” muğam dəstgahları, “Arazbarı”, “Qarabağ şikəstəsi” zərbi muğamları xüsusi yer tutur. Xüsusilə , “Segah” muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

Canəli Xanəli oğlu Əkbərov (1940-2021) — xanəndə, aktyor.

Canəli Əkbərov muğamın sirrlərini atasından öyrənmişdir. Canəli Əkbərov musiqi təhsilini Bakıda Azərbaycan Dövlət Musiqi Məktəbində almışdır. Müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəyir və öz ifaçılıq qabiliyyətini təkmilləşdirir.

1965-ci ildən Canəli Əkbərov Azərbaycan Dövlət Filarmoniyasının, 1976-cı ildən bu günə kimi Azərbaycan Dövlət Opera və Balet Teatrı-nın solistidir.

Xanəndə bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar: Məcnun və İbn-Səlam (Ü.Hacıbəyov – “Leyli və Məcnun”), Şah İsmayıl (M.Maqomayev – “Şah İsmayıl”), Aşıq Qərib (Z.Hacıbəyov – “Aşıq Qərib”) obrazlarını yaratmışdır. Canəli Əkbərov xarici ölkələrdə — Almaniyada, Malidə, Avstriyada və s. ölkələrdə dəfələrlə qastrol səfərlərində olmuşdur.

Səmərqənddə keçirilən Şərq musiqi simpoziumunda və Kuybışevdə Şərq xalqlarının musiqi festivalında böyük nailiyyət əldə etmişdir. Canəli Əkbərov ifa etdiyi bütün muğamlar dəstgahlar vallara və disklərə yazılmışdır. Canəli Əkbərov hal-hazırda muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Muğam sənəti” kafedrasının müdiri vəzifəsində çalışır.

2002-ci ildə Şöhrət ordeni ilə təltif olunmuşdur. Canəli Əkbərov 22 oktyabr 2021-ci ildə vəfat etmişdir. Ustad sənətkar İkinci Fəxri Xiyabanda dəfn edilib.

Ağaxan Minaxan oğlu Abdullayev (1950-2016) — xanəndə.​

1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur. 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb.

1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.

1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsü idi.

2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafat Fondu, 2002-ci ildə "Humay" Milli Mükafatı, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.

10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

Səxavət Əmirxan oğlu Məmmədov (1953-1991) — xanəndə.

Səxavətin səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" və s.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə “Hümayun” xalq ansamblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət “Qarabağ”la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qaldı.

Alim Həmzə oğlu Qasımov (1957) — xanəndə və aktyor.

O, 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb.

1979-cu ildə Azərbaycan Televiziyasında ilk çıxışı olub. 1980-ci ildə Moskvada 22-ci Olimpiya oyunlarında iştirak edib. 1982-ci ildə birinci Respublika muğam müsabiqəsinin qalibi olub. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumuna qoşulub. 1989-cu ildə Moskva, Paris, Mone, Köln, Boxum, Qərbi Berlin, Frazburq, Bazel, Cenevrə, Lie, Amsterdamda konsertlər verib və festivallarda iştirak edib. 1991-ci ildən Paris şəhər Bələdiyyə teatrı — "DE-LE-vill"in üzvüdür.

2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.

Hazırda Asəf Zeynallı adına Musiqi Məktəbində və Bakı Musiqi Akadamiyasında çalışır. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir.

2009-cu ildə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb. 2015-ci ildə isə Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb.