AZƏRBAYCAN MUSİQİSİ

Xalq mahnıları. Azərbaycan xalqının musiqi-poetik yaradıcılığının ən qədim və önəmli janrlarından olan mahnılarda onun pak, yüksək mənəviyyatı, daxili aləmi, arzuları, ümidləri parlaq şəkildə əks olunmuşdur.

Azərbaycan xalq mahnıları mövzu və məzmunun müxtəlifliyinə, musiqi və poetik dilin aydınlığına, rəngarəngliyinə görə bir neçə janr qrupuna ayrılır. Onlardan əmək mahnılarını, mərasim mahnılarını, məişət (bura lirik mahnılar da daxildir) və tarixi mahnıları göstərmək olar.

Azərbaycan xalqının mahnı yaradıcılığının qədim növlərindən biri də mərasim mahnılarıdır. Xalqın bayram şənlikləri, toy və matəm mərasimləri adəti üzrə ənənəvi mahnılar ilə müşayiət olunmuş və bu mahnıların bir çoxu bu günə kimi xalq arasında yaşamaqdadır. Bu mahnıların mətnini isə xalq ədəbiyyatının ən geniş forması olan bayatılar təşkil edirdi.

Məişət mahnıları da məzmununa, formasına və ifadə etdiyi hisslərə görə müxtəlif olaraq, uşaq mahnılarına, yumorlu və satiralı mahnılara və lirik mahnılara bölünürlər. Uşaq mahnıları, xüsusilə də anaların uşaqlara oxuduqları beşik mahnıları öz tarixi etibarilə məişət mahnılarının ən qədim növüdür. Beşik mahnılarına ninnilər, laylalar və oxşamalar daxildir.

Lirik mahnılar isə mahnı janrının ən zəngin və gözəl növüdür. Lirik mahnılar bu janrın həm də ən böyük hissəsini təşkil edir. Saf məhəbbət, sevgilinin gözəlliyinin vəsfi, ayrılıq, intizar, qəm, qüssə və s. hisslər lirik mahnıların məzmununun əsasını təşkil edir.

Lirik mahnı yaradıcılığı xalqın milli bədii özünüifadə vasitələrindən ən güclüsünə çevrilmişdir. Bu mahnıların bəziləri məzmununa görə nikbin, şad ruhda, bəziləri isə qəmli, kədərli ruhdadır. Azərbaycan xalqının mahnı yaradıcılığında vacib yeri həm də epik-tarixi və qəhrəmani mahnılar tutur. Hələ qədim dövrlərdən yaranmağa başlamış bu mahnılar ölkənin tarixində baş vermiş hər hansı tarixi hadisəyə və ya xalqın həyatında görkəmli rol oynamış xalq qəhrəmanlarına həsr edilmiş mahnılardır.

Koroğlu haqqında, onun sevgilisi Nigar və mübariz yoldaşları dəlilər, vəfalı atı Qırat haqqında silsilə mahnılar buna misaldır.

Rəqslər. Xalq arasında geniş yayılmış, sevimli mahnı janrı ilə bərabər Azərbaycan xalqının milli folklor musiqisinin vacib hissəsini rəqs musiqisi təşkil edir. Xalq rəqsləri Azərbaycan milli instrumental musiqimizin əsasıdır. Rəqslər xalq tərəfindən yaranıb əsrlərdən bəri şifahi halda nəsildən nəslə keçmişdi. Xalq mahnılarında olduğu kimi rəqslərdə də xalqın hissləri, duyğuları, xasiyyəti, temperamenti əks olunmuşdu.

Xalq rəqsləri arasında qadın rəqsləri özünün lirikliyi, zərifliyi, incəliyi ilə seçilirlər, məsələn: "Vağzalı", "Uzundərə". Elə rəqslər var ki, ancaq qadınlar tərəfindən ifa edilir, "Nəlbəki", "Ceyranı" kimi. Kişi rəqsləri üçün isə coşğun hisslər, cəld ritm, güc, temperament xasdır. Məsələn, "Qaytağı", "Cəngi", "Qazağı", "Xançobanı" və b.

Xalq arasında kollektiv rəqslər də mövcuddur. Onlardan çoxu əmək prosesini və məişət mərasimlərini müşayiət edirlər. Məsələn, "Halay" rəqsləri bu qəbildəndir. "Vağzalı" rəqsi isə adətən toy mərasimini müşayiət edir. Qadınlar və kişilər ilə birgə ifa olunan rəqslərdən "Yordu-yordu" rəqsidir. Qədim kollektiv rəqslərdən isə ən geniş yayılan "Yallı"dır ki, öz kökü və rişaləri ilə çox qədim dövrlərə gedib çıxır.

Muğam. Azərbaycanın musiqi folklorunda mahnı, rəqs musiqisiylə bərabər xalqın şifahi professional ənənələrinin janrları da yaşayıb inkişaf edirdi. Onlardan ən önəmlisi muğamlar idi. Muğamlar Azərbaycanın, eyni zamanda Yaxın və Orta Şərq xalqlarının milli klassik musiqisinin zirvəsi, dərin, mürəkkəb məzmun, ideya, emosional məna daşıyan xalq vokal instrumental kompozisiyanın ən yüksək yaradıcılıq nümunəsidir. Qədim zamanlardan başlayaraq, əsrlər boyu muğamın tədricən inkişafı onun formalaşmasına, kamilləşməsinə səbəb olmuşdu. Azərbaycan musiqisində muğam termini iki mənada işlənir. Birinci - lad termininin eynidir. Hal-hazırda Azərbaycan xalq musiqisində 7 əsas lad, yaxud muğam: Rast, Şur, Segah, Çahargah, Şüştər, Bayatı-Şiraz, Humayun və əlavə bir sıra muğamlar mövcuddur. İkinci - muğam çox hissəli formaya malik son dərəcə mürəkkəb və maraqlı, yalnız özünəməxsus quruluşa malik musiqi əsəri mənasındadır. Muğam ifaçıları isə xanəndə və onu müşayiət edən sazəndə dəstəsi (üçlük-tar, kamança, dəf) və yaxud solo insturumentalistlər özlərinin yaradıcılıq fantaziyası, bacarığı, istedadından asılı olaraq, əsrlər boyu bu muğam əsərinə müxtəlif dəyişikliklər, yeni çalarlar, xallar, zəngulələr və s. daxil etmişlər. Xanəndələr muğamları məşhur şairlərin - Xaqani, Nizami, Nəsimi, Füzuli və başqalarının lirik fəlsəfi qəzəlləri üstündə ifa edirlər.

Azərbaycanın instrumental vokal muğamlarının bir növü də zərbi-muğamlardır. Bura: "Heyratı", "Arazbarı", "Ovşarı", "Mənsuriyyə", "Simai-şəms", "Kərəmi", "Kəsmə-şikəstə", "Qarabağ şikəstəsi" daxildir. Bu muğamların əsas fərqləndirici xüsusiyyətləri ondan ibarətdir ki, xanəndənin vokal muğam improvizə partiyasının dəqiq metroritmik müşayiəti olur.

Aşıq yaradıcılığı. Azərbaycan musiqisinin professional şifahi ənənələrinə, muğamlarla bərabər, aşıqların musiqi-poetik yaradıcılığı da daxildir. Aşıq eşq sözündədir, yəni sənətə vurğunluq mənasındadır. Termin kimi təxminən XIV əsrdə yaranmışdı. Hələ qədim dövrlərdə meydana gəlmiş aşıq sənəti xalqın istək və arzularının tərənnümçüsü olduğu üçün xalq arasında çox sevimli və məşhur idi.

Öz əsası etibarilə demokratik mahiyyət daşıyan aşıq yaradıcılığının məzmunu çox genişdir, müxtəlifdir və rəngarəngdir. Aşıq yaradıcılığının ən geniş yayılmış janrı dastandır, xüsusilə də qəhrəmani-epik dastanlar. Dastanlarda vokal-instrumental hissələr şeirlə danışıq parçalarını əvəz edir. Aşıqların mahnılarının bir hissəsi qəm, kədərlə doludur, "Yanıq Kərəmi", "Dilqəmi" kimi, digər hissəsi isə "Əfşarı", "Şərili" kimi oynaq hərarətli mahnılardır ki, aşıq lirikasının gözəl nümunələrinə aiddir.

Aşıq yaradıcılığında ən geniş yayılmış şeir vəzni hecadır. Aşıq mahnılarının çoxunun quruluşu kuplet formasındadır. Hər kupletin əvvəlində instrumental giriş olur və hər kuplet bir-birindən instrumental solo ilə ayrılır.

Müasir Azərbaycan aşıqlarının əcdadı olan qədim ozanların həyatına, məhəbbətinə, vətənpərvərliyinə, igidliklərinə həsr edilmiş ən qədim yazılı mənbə, yeddinci əsrə aid olan "Kitabi Dədə Qorqud" xalq dastanıdır.

Tarixən, illər, əsrlər boyu Azərbaycanın ozan-aşıq musiqisinin musiqi folklorumuzun digər sahələrinə, növlərinə və sonralar da müasir dövrdə bəstəkarlarımızın yaradıcılığına təsiri böyük olmuşdu. İlk dəfə aşıq musiqisinin təkrarsız xüsusiyyətlərindən böyük profesionallıq və bacarıqla istifadə edən bəstəkarımız Ü.Hacıbəyov olmuşdu (özünün şah əsəri olan "Koroğlu" operasında). Müasir musiqinin texniki vasitələriylə aşıq musiqisinin xüsusiyyətlərini ustalıqla birləşdirən digər bəstəkarımız Qara Qarayev üçüncü simfoniyasının ikinci hissəsində onların gözəl vəhdətini yarada bilmişdir.