İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRDƏ YARANMIŞ EKOLOJİ PROBLEMLƏR

İşğal olunmuş ərazilərin hazırkı ekoloji vəziyyəti haqqında heç bir informasiyanın olmaması çox böyük çətinlik yaradır. Bu ərazilərə nəzarət edən Ermənistan oradakı real ekoloji vəziyyəti qəsdən gizlədir və ona görə həmin vəziyyət haqqında yalnız ümumi mülahizələr söyləmək mümkündür. Məlumdur ki, ərazinin təbii elementləri bir-biri ilə qarşılıqlı əlaqədə olurlar və onun bir elementində baş verən dəyişiklik zəncirvari şəkildə digərlərinə verilir. Artıq işğal altında olan Dağlıq Qarabağın ətrafındakı Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Ağdam rayonlarının əraziləri insan nəzarətindən kənardadır, əkilib-becərilmir və ona görə də böyük ekoloji fəlakətə səbəb olur.

Ermənistan ərazisindən başlayan çayların demək olar ki, hamısı Azərbaycanın Kür-Araz çaylarına və oradan da Xəzərə tökülür. İllər boyu bu ölkənin ərazisindən axan Oxçu, Zəngi, Araz, Ağstafa, və b. çaylar öz suları ilə Azərbaycanın çaylarını çirkləndirir. Qafan mis-molibden yataqlarından Boxçuçaya axıdılan zərərli çaylar, Ermənistan AES və s. Azərbaycanın ekologiyası üçün daimi təhlükə mənbəyini yaradırlar. Ermənistan AES-də istifadə olunan sular sonralar çaylar vasitəsi ilə Azərbaycana ötürülür. Bu stansiyanın işlənmiş radioaktiv tullantılarını Azərbaycanın işğal olunmuş rayonlarının ərazilərində basdırılması haqqında məlumatlar mövcuddur.

İşğal olunmuş dağlıq ərazilərdə hərəkət edən ağır hərbi texnika, çoxlu miqdarda atılan mərmilər, bastırılmış minalar bu ərazilərin torpaq örtüyünə və bitki aləminə güclü zərər vurmuşdur. Baxımsız qalan həmin ərazilərdə təbiətin qorunması haqqında heç kim fikirləşmir: dağ meşələri ucdantutma qırılaraq qonşu ölkələrə daşınır, nadir bitki və heyvanların kökü kəsilir. İşğal olunmuş ərazidən başlayan suvarma kanallarının qarşısının kəsilməsi Azərbaycanın dağətəyi rayonlarının kənd təsərrüfatına ağır zərbə vurur. Deyilənlərdən aydın olur ki, işğaldan insanlarla yanaşı, Azərbaycan təbiəti də böyük zərər çəkir.

Bu ərazilərdə müvəqqəti olduğunu başa düşən ermənilər oradakı təbii ehtiyatlardan, faydalı qazıntı yataqlarından vəhşicəsinə istifadə edir. Asan istifadə edilə bilən mineral sular, müxtəlif texniki materiallar, ehtiyatlar, daha çox mənimsənilir. 

Qeyri-qanuni qurum olan Dağlıq Qarabağ işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə bu ərazilərdə ekoloji mühit getdikcə daha da ağırlaşır. Ona görə də işğaldan azad edildikdən sonra bu ərazilərin ekologiyasının yaxşılaşdırılmasına uzun illər böyük miqdarda, özü də işğalçı tərəfin hesabına vurulan ziyanın ödənilməsi tələb olunmalıdır.

Aşağıda göstərilən qoruq və yasaqlıqlar erməni işğalı altındadır və orada qoruq rejimi tamamilə dağıdılmışdır (Ekologiya və Təbii Sərvətlər Nazirliyinin I hesabatına əsasən).

 

Bəsitçay Dövlət Qoruğu

Bəsitçay Dövlət Qoruğu Azərbaycan hökumətinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonunda yaradılmışdır. Qoruq Azərbaycanın cənub-qərbində, Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazinin landşaft kompleksini, xüsusi ilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilmişdir. Onun sahəsi hazırda 107 ha təşkil edir. Qoruq ərazisinin uzunluğu 15 km-ə, eni isə bəzi yerlərdə 150-200 m çatır. Qoruq Ermənistanın meşə fondu ərazisi ilə əhatələnir. Ərazinin 79,4%-ni meşə ilə örtülü sahə 14%-ni seyrək meşəlik təşkil edir. Meşəsiz sahələr isə 6.5%-dir. Meşə ilə örtülü sahə əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m çatır. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Burada günəşli saatların illik cəmi 2200-2500-ə qədərdir. Havanın illik orta temperaturu 13%-dir, yanvarda 10 ,iyulda 250-yə qədərdir.

İllik yağıntının miqdarı 600 mm-dir. Qar örtüyü 10-30 sm, bəzi illərdə 70-80 sm-ə çatır. Havanın nisbi rütübəti 60-70%-dir. 

Bəsitçayın uzunluğu 44 km, hövzəsinin sahəsi 354 km2-dir. Zəngəzur silsiləsindən (2600 m) başlayıb, Araza tökülür. 

Bəsitçay Dövlət Qoruğunun sahəsinin 100 hektarını çinar meşələri tutur. Qarışıq çinarlıqlar da vardır. Burada yunan qozu, dağdağan, tut, söyüd, qovaq ağacları, yemişan, itburnu, murdarca, qaratikan və s. kollar inkişaf edir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri 1 m-dir, onların yaşı 1200-1500 ilə, hündürlüyü 50 m-ə, diametri isə 4 m-ə çatan nümunələri də vardır. Meşənin ağac ehtiyatı hər nektarda 190 m3 ümumi ərazi üzrə isə 16 200 m3-dir. Meşənin illik artımı 1 ha-da 1,22 m3-ə çatır. Burada çinar meşələrinin əmələ gəlməsi haqqında müxtəlif fikirlər vardır. Bəzi tədqiqatçılar onlara qədim mədəni meşələrin qalığı kimi baxırlar (A,A.Qrossheymə görə), bəziləri isə vaxtı ilə cənub-qərbi Zaqafqaziyanın çay dərələrində geniş yayılmış təbii çinarlıqların qalığı hesab edirlər (L.Y.Prilinko,Y.S. Səfərova görə).

Bəsitçay meşəliyində çinarlar toxum və pöhrələr vasitəsi ilə artır. Buradakı çinarların 80%-i pöhrələrlə, 20%-i isə toxum vasitəsi ilə əmələ gəlmişdir. Qoruqdakı ən nəhəng ağacdan birinin yaşı 1200 il, hündürlüyü 53 m, diametri 4 m-dir. Onun kök gövdəsindən 185 ədəd pöhrə əmələ gəlmişdir. Bu pöhrələrdə də öz növbəsində nəhəng ağaca bənzəyirlər, böyüklərinin 100-150 il yaşı və 40 m-ə qədər hündürlüyü vardır.

Xalqımız çinar ağaclarını daim yüksək qiymətləndirmiş, onu bitki aləminin fəxri "şah" ağacı hesab etmişdir.

Toz ağacı rus xalqının, ağcaqayın livanlıların bitki aləmi üçün rəmzi məna dəşıyan ağac olduğu kimi azərbaycanlılar da tarixən çinarı bitki aləmimiz üçün rəmzi məna seçmiş, ona xüsusi rəğbət bəsləmişlər. Buna tam əsasımız vardır. Axı çinar xalqımızın və təbiətimizin vüqarı qədər əzəmətlidir, tarixi qədər qədimdir. Çinarlar təbiətimizin yaraşığıdır, bəzəyidir, fəxridir, istəyidir.

Təəssüf ki, belə bir sərvətimiz 1993-cü ildən erməni işğalçıları tərəfindən məhv edilir, o meşələrə amansız divan tutulur, kəsilib mebel istehsalında istifadə olunur.

 

Qaragöl Dövlət Qoruğu

Azərbaycan Respublikasının Nazirlər Sovetinin 17 noyabr 1987-ci il tarixli qararı ilə Qaragöl (Sevinc) respublikalararası dövlət qoruğu yaradılmışdır. Qaragöl Dövlət Qoruğu Laçın rayonu ilə Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 ha-dır, bura 176 ha işıqlı Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir.

İşıqlı Qaragölü (sevinc) dəniz səviyyəsindən 2658 m hündürlükdə Qarabağ vulkanik dağ silsiləsinin cənub hissəsində, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının mənbə hissəsi rayonunda böyük İşıxlı dağının (3548m) şimal ətəyində, şimal-qərbdən Dəmirdaş və kiçik İşıxlı (3452) dağı ilə, şimaldan Canqutaran (2790m) dağ şərqdən isə alçaq moren tirəsi ilə əhatə olunmuşdur. Bu göl sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı suxurlar içərisindədir.

Gölün uzunluğu 1950 metr, maksimum eni 1250 m, sahil xəttinin uzunluğu 5500 m, dərinliyi maksimum 7,8 m, hövzəsinin sahəsi 13 km2-dir. Hesablamalara görə, göldə suyun həcmi 10 mln m3-dir. Gölün suyunun şəffaflığı 4,6 metrdir. Gölün dibi sahil yaxınlığında müxtəlif ölçülü daşlardan ibarətdir. Mərkəzə doğru isə daşların (suxurların) ölçüsü azalır və nəhayət mərkəzi hissəsi xırda dənəli çöküntülərdən ibarətdir.

Oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Sahildən mərkəzə doğru 20-25 metrə qədər məsafədə buzun qalınlığı 50 sm-dən çox olur. Burada qarın qalınlığı isə 40-45 sm-ə kimi olur. 

Qoruqda 102 bitki növü və yarım növü vardır ki, bunlar 68 növ və 27 ailədən ibarətdir.

Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı. 

1964-cü illərdə gölün Ermənistan sahillərində heyvandarlıq fermalarının tikilməsi, göldə güclü nasos stansiyaları tikərək onun suyundan Goruz rayonunun əkin sahələrinin suvarılmasında istifadə edilməsi həm gölün çirklənməsinə, həm də onun səviyyəsinin aşağı düşməsinə səbəb olurdu. O vaxtlar laçınlıların ermənilər tərəfindən belə münasibətə narazılıqları qismən də olsa, onların fəaliyyətlərini məhdudlaşdırırdı. Hazırda nəzərdən kənar qalmış gölün suyundan intensiv istifadə göl üçün qarşısıalınmaz neqativ təsirlərə gətirib çıxara bilər.

 

Laçın Dövlət Yasaqlığı

Laçın Dövlət Yasaqlığı 1961-ci ilin noyabr ayında Laçın rayonu ərazisində yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaqdır.

Yasaqlıqda cüyür, qaya keçisi, çöl donuzu, ayı və s. quşlardan isə turac, kəklik və s. məskunlaşmışdır. Laçın dövlət yasaqlığının sahəsi 21,4 hektardır, bu da respublika ərazisinin 0,25%-i, respublika yasaqlıqlarının isə 8,8%-i təşkil edir. Həmin sahənin 7369 ha və ya 34,5%-i meşə sahəsi, 1448 ha və ya 6,8%-i alp çəmənliyi, 7400 ha və ya 34,8%-i subalp çəmənliyi, 4257 ha və ya 20%-i otlaqlar, 862 ha və ya 4%-i qayalar və uçqunlar, 34 ha xüsusi təyinatlı torpaqlardır. Orta və yüksək dağlıq əraziyə xas olan relyefə malikdir.

Ən yüksək zirvə Qırxqızdır (2825 m), Şəlvə, Picənis, Qorçu və s. çayların endiyi dərin dərələr vasitəsi ilə kəskin parçalanmışdır. Yasaqlığın ərazisinə qışı quraq keçən, soyuq iqlim tipi hakimdir. Bitki örtüyünə görə yasaqlığın ərazisi iberiya palıdlarından ibarət olan orta dağ-meşə (1000-1700 m), şərq palıdından ibarət olan yuxarı dağ meşə (1700-2200 m), subalp (2200-2500 m) və alp (2500-2800 m) çəmənlikləri qurşaqlıqlarına ayrılır. Meşələri əsasən vələs, cökə, ağcaqayın və s. qarışıqdan ibarət olan meşələrdir, vələsin üstünlük təşkil etdiyi meşələri xeyli azdır (8,1%), palıd, vələs, toz ağaclarının dağ-çəmən meşəliyi çox az sahəni tutur ki, bu da intensiv otarılma ilə əlaqədardır. Subalp qurşağı üçün quraq yamacların bozqırlaşmış və nisbətən rütubətli yamacların mezofil çəmənləri, alp qurşağı üçün müxtəlif otlu çəmənliklərin üstünlüyü və alp xalısının zəif inkişafı ilə səciyyələnmişdir.

Yasaqlığın ərazisində ibtidai, az qalın, çimli, dağ-çəmən, tipik, karbonat-qalıqlı bozqırlaşmış qonur dağ-meşə, çürüntülü-karbonatlı dağ-meşə, tipik və bozqırlaşmış qəhvəyi dağ-meşə, torpaqları yayılmışdır.

Meşələrə nisbətən dağ-çəmən qurşağı və meşə qurşağının meşəsiz sahələri otlaq kimi insanın təsərrüfat fəaliyyətinin təsirinə çox məruz qalır. Bununla bərabər burada bir sıra heyvan və quşların məskunlaşması üçün əlverişli şərait vardır. Onların sayı və növü kifayət qədərdir.

Burada 1989-cu ildə aparılan yoxlanmada: dağ-keçisi (bezoar keçisi) 96 baş, qaban 360 baş, cüyür 320 baş, ayı 110 baş, canavar, porsuq, dələ və s. heyvanlar, quşlardan qırqovul 200, kəklik 1500 məskunlaşmışdır.

1991-ci il mart ayında aparılan yoxlama nəticəsində ermənilər tərəfindən heyvanların və quşların sayı xeyli azaldılmışdır (məlum olduğu kimi qoruğun bir hissəsi Dağlıq Qarabağ sahəsinə aiddir, eləcə də ermənilər aranın qarışmasından istifadə edərək heyvanları və quşları ovlayırdılar). Beləliklə yoxlama nəticəsində heyvanların və quşların sayı aşağıdakı kimi olmuşdur:

Heyvanların və quşların adı 1989-cu il 1991-ci il azalma fərqi
1 Qaban 360 270 90
2 Cüyür 320 265 55
3 Ayı 110 55 55
4 Dağ keçisi 96 76 20
5 Qırqovul 200 - 200
6 Kəklik 1 500 1 100 400

Yasaqlığın ərazisində Hacısamlı meşəsində dünyada ən qiymətli olan qırmızı palıd (qızıl palıd) vardır. Həmin ağacdan istifadə etmək üçün hələ çar hökuməti dövründə fransızlar çətin dağlar ilə (Xankəndindən Qırxqız dağını kəsməklə) araba yolunu çəkdirmişlər. Ancaq sovet hakimiyyəti qurulduğu vaxta düşdüyü üçün material apara bilməmişdilər.

Həmin ağacdan hazırlanmış materialdan qiymətli mebel və xüsusən konyak spirti saxlamaq üçün istifadə edilir. Bu ağac Azərbaycanda ancaq həmin yasaqlıqda yayılmışdır. İndi həmin ağacları və başqa meşələri vəhşicəsinə qırırlar.

 

Qubadlı Yasaqlığı

Qubadlı Dövlət Yasaqlığı Bəşitçay Dövlət Qoruğuna tabe olmaqla 1969-cu ilin iyununda Qubadlı və Laçın rayonlarının ərazisində yaradılmışdır. Yasaqlıq Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsini əhatə edir, dağ-bozqır sahələrdən ibarətdir. Bu yasaqlığın yaradılmasında məqsəd həmin ərazilərin heyvanlar aləmini, xüsusilə buradakı, cüyür, çöl donuzu, qırqovul və s. heyvan və quşları qorumaqdır. Qubadlı yasaqlığının sahəsi 20 min hektar olub respublika yasaqlığının 8,2%-ni təşkil edir. Təbii landşaft salərindən burada seyrək meşəlik, kolluqlar və meşə altından çıxıb bozqırlaşmış sahələr səciyyəlidir. Ərazi alçaq dağlıq sahələrindən yuxarı hissələri əhatə edir. Burada qışı quraq keçən mülayim iqlim tipi hakimdir. Havanın orta illik temperaturu 12-130 ℃, yağıntının miqdarı 550-600 mm, buxarlanma isə 750-800 mm təşkil edir. Yanvar ayında orta temperatur 0,50 ℃, iyul ayında isə 230 ℃-dir.

Ərazi əsasən qırmızı palıddan və vələs ağaclarından ibarətdir. Eyni zamanda ardıc, yemişan, itburnu, böyürtkən bitkiləri də geniş yayılmışdır.

Ərazinin ekoloji amilləri burada heyvan və quşların normal məskunlaşmasına tam şərait yaratmışdır. Ərazi işğal olunmamışdan əvvəl apardığımız sayqı-uçot nəticəsində müəyyən olmuşdur ki, yasaqlıqda 101 baş çöl donuzu, 21 baş qonur ayı, 35 baş cüyür, 420 baş dovşan, 25 baş canavar, 310 baş çaqqal, 75 baş porsuq vardır. Quşlardan ən çox kəklik (560) yayılıb. Qırqovul, turac, bildirçin, göyərçin bu yerlərin daimi sakinlərindəndirlər.

25 ildir ki, bu yasaqlıq işğal altındadır və ermənilər bu xəzinədən vəhşicəsinə istifadə edirlər. 

 

Arazboyu Yasaqlıq

Bəsitçay Dövlət Qoruğuna tabe olmaqla, Zəngilan rayonunun İranla sərhəd olan Araz çayı sahilində 1993-cü ilin iyun ayında yaradılmışdır. Uzunluğu 50 km, eni 50-100 metr bəzi yerlərdə isə 200-250 m, məsafəni əhatə edən bu yasaqlıq 5 min hektardır. 

Yasaqlığın yaradılmasında əsas məqsəd burada olan fauna və floranın qorunmasıdır. Bura yayı isti, qışı mülayim olan iqlimə malikdir. Orta illik temperaturu 20-250 ℃ (yanvarda 10 ℃), iyun-iyul aylarında 35-380 ℃ olur. Torpağı münbit gillidir. Ərazi suya tələbatı çox olan ağaclardan ibarətdir. Torpaq və iqlim şəraiti bitkilərin böyümə və inkişafı üçün normal şərait yaradır.

İşğaldan qabaq burada mövcud olan heyvanların təxmini say uçotu aparılmışdır. Məlum olmuşdur ki, burada 300 başadək çöl donuzu, 7 baş qonur ayı, 350 baş tülkü, 300 baş çaqqal, 15 baş canavar, 70 baş porsuq, 12 baş cüyür vardır. Quşlardan turac, qırqovul, kəklik, bildirçin, yaşılbaş ördək daimi məskunlaşmışlar. 

 

Daşaltı Yasaqlığı 

Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün 1988-ci ildə təşkil edilən Daşaltı yasaqlığı 450 hektar ərazini əhatə edir. 1992-ci ildən işğal altında olan yasaqlıq hazırda tamamilə məhv edilmişdir.

 

BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası