ÜMUMİ MƏLUMAT

Hazırda Azərbaycan Respublikasının 170-dən çox ölkə ilə xarici ticarət əlaqələri mövcuddur.

2003-cü ildə ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilmişdir. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir. İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən bu istiqamətdə həm ölkənin daxilində, həm də xaricdə mühüm iqtisadi tədbirlər, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslar keçirilir. Bu tədbirlərin keçirilməsi istər ölkənin biznes mühitinin və iqtisadi potensialının təbliği, istərsə də yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə xarici ölkələrdə təşkil edilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatının prioritet inkişaf istiqamətləri üzrə investisiya qoyuluşlarının həcminin artımında öz müsbət nəticələrini göstərməkdədir. Ölkəmizdə keçirilən biznes forumlar yerli iş adamlarının tanıdılması, məhsulların xarici bazarlara çıxarılması, işgüzar müqavilələrin imzalanması onların xarici işgüzar əlaqələrinin inkişafı baxımından əhəmiyyətli rol oynamaqdadır.

Həm xarici investorlar, həm də yerli istehsalçılar istər Azərbaycanda iş qurmaq üçün, istərsə də xarici bazarlara çıxış üçün AZPROMO-nun təklif etdiyi hüquqi məsləhətlərdən bəhrələnə bilərlər.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun bu və ya digər məsələlər üzrə əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

Ölkənin investisiya imicinin formalaşdırılması;

Yerli və xarici investorlara müxtəlif xidmətlər göstərilməsi;

İnvestorların cəlb edilməsi və onlarla danışıqların aparılması;

İnvestisiyalar və ixrac imkanları üzrə məlumat bazasının yaradılması;

Azərbaycan biznesi üçün regional ticarət (ixrac) imkanlarının araşdırılması;

İxraca yönəlmiş şirkətlər üçün məsləhət xidmətləri və bazar araşdırmaları;

"Azərbaycanda istehsal olunub" ("Made in Azerbaijan") ticarət nişanının beynəlxalq səviyyədə təbliği.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ilin 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzaladı. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 9 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir.

Dəstək tədbirlərindən asılı olaraq onların həyata keçirilməsi ilə bağlı xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır.

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan hər bir ixracatçı bu dəstək tədbirlərinə müraciət etmək hüququna sahibdir.

“Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə dəstək tədbirlərində biri də İxrac missiyalarının həyata keçirilməsidir.

İxrac missiyaları yeni bazarlara çıxış imkanlarını aşkar etmək, mövcud bazarlarda yerli məhsulların mövqeyini möhkəmlətmək və bu bazarlara yeni məhsullar təqdim etmək məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Səfər olunan ölkələr və səfərlərin tarixi qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər və Azərbaycanın beynəlxalq iqtisadi və ticarət əlaqələri nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunur.

Səfər ilə bağlı təşkilatı işlər (mehmanxana, nəqliyyat, işgüzar görüşlər üçün məkanın və avadanlıqların icarəsi, tərcümə xidmətləri) təmin olunur və bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır. İxracın stimullaşdırılması məqsədilə dəstək tədbirlərində biri də yerli məhsulların xarici ölkələrdə bazar araşdırmasıdır.

Bazar araşdırması qeyri-neft məhsullarının ixracı üçün mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının tədqiq olunaraq genişləndirilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir.

Bazar araşdırması İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş hədəf bazarlara uyğun olaraq ixracatçıların sifarişləri əsasında müsabiqə nəticəsində seçilmiş ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilir.

Hazırda ixracın stimullaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən biri də Beynəlxalq sərgi və yarmarkaların işində yaxından iştirakdır. Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunan dəstək tədbiridir. Beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirakla bağlı təşkilatı işlər (sərgi və yarmarkanın keçiriləcəyi məkanda yerin icarəsi, stendin dizaynı, hazırlanması və quraşdırılması, məhsulların daşınması) təmin olunur və bütün xərclər dövlət büdcəsi hesabına qarşılanır.

Eyni zamanda Xarici ölkələrin ictimai yerlərində və beynəlxalq KİV-də “Made in Azerbaijan” brendinin təbliği yerli qeyri-neft məhsullarının vahid ad altında dünyada tanıdılması və təşviq edilməsi məqsədi ilə təşkil olunması istiqamətində bir sıra dəstək tədbirləri həyata keçirilir.