BEYNƏLXALQ REAKSİYALAR

Türkiyə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan: “Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə və bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyanı işğala və zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh və sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır”.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu: “Bu problemin həlli çox sadədir. Bunun üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.
Türkiyənin Müdafiə naziri Hulusi Akar: “Türkiyə hər zaman olduğu kimi Azərbaycanın yanındadır. Ermənistanın mövqeyi Qafqazda sülh və sabitliyin ən böyük əngəldir”.
Qardaş Türkiyə Cümhuriyyəti Vətən müharibəsində birmənalı şəkildə Azərbaycanın yanında olduğunu sözdə və əməldə nümayiş etdirdi.

Böyük Britaniya
Böyük Britaniya İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi BMT TŞ-nin daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilməmişdir.

ABŞ
ABŞ Dövlət katibinin birinci müavini Stiven Biqan Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanla əlaqə saxlayaraq hər iki tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa, vəziyyətin daha da gərginləşməməsi üçün aralarındakı mövcud birbaşa rabitə əlaqələrindən istifadə etməyə və regiondakı gərginliyi daha da artıran ritorika və hərəkətlərdən uzaq olmağa çağırıb.
ATƏT-in Minsk qrupunun amerikalı sabiq həmsədri Riçard Hoqland: "Beynəlxalq hüquqa görə, Ermənistan başqa bir suveren dövlət olan Azərbaycanın ərazisinə soxulub və işğal edib. ABŞ-ın əsas siyasəti bütün millətlərin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək və qorumaqdır".

Rusiya Federasiyası
Rusiya prezidenti Vladimir Putin: “Ermənistan KTMT çərçivəsində müttəfiqdir, amma Dağlıq Qarabağ Ermənistana aid deyil, odur ki, Qarabağ ərazisindəki hərbi əməliyyatlarla bağlı Rusiya vasitəçilikdən savayı, hər hansı öhdəlik daşımır".
Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsinin tərəflərini dərhal atəşi dayandırmağa çağırıb. 44 günlük müharibə dövründə Rusiyadan Ermənistana daşınan  silah-sursat və hərbi texnikanın sayının artırılması ilə bağlı məlumatlar yayılmışdı. Məlumatlara görə, silah-sursat və hərbi texnika Gürcüstan tərəfindən hərbi yüklərin onun ərazisindən daşınmasına qoyulan qadağa ilə əlaqədar olaraq Qazaxıstan-Türkmənistan-İran hava yolu marşrutu üzrə daşınmışdır. Rusiya tərəfi dəfələrlə rəsmi olaraq daşınan yüklərin silah-sursat və hərbi texnika deyil, Ermənistandakı Rusiya hərbi bazasının ehtiyacları üçün tikinti materialı olduğunu bildirmişdir.

İtaliya
İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. İtaliyanın Kampobasso əyalətinin Sepino və San Culiano del Sannio bələdiyyələri, Milan əyalətinin Korbetta şəhər Bələdiyyə Şurası Ermənistanın Azərbaycana qarşı təcavüz, etnik təmizləmə, soyqırımı siyasətini pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib.

Fransa
Fransa İrəvan və Bakını hərbi əməliyyatları dərhal dayandırmağa və danışıqları yenidən başlamağa çağırıb. Fransa Xarici İşlər Nazirliyinin sözçüsü etdiyi açıqlamada "Fransa qarşıdurmadan son dərəcə narahatdır" ifadəsini işlətmişdir.
Fransa Azərbaycan-Ermənistan arasında baş verən münaqişədə işğalçı Ermənistanı dəstəkləmişdir. Fransanın Prezidenti Emmanuel Makronun sentyabrın 30-da Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı bəyanatı bu münaqişəli məsələnin həll edilməsi üçün yaradılan Minsk Qrupu həmsədri kimi ölkənin vasitəçilik missiyası ilə uyğun gəlmir və bu missiyanı şübhə altına alır. Fransa Respublikası Senatının 2020-ci il noyabrın 25-də qəbul etdiyi “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına dair qətnamə layihəsi haqlı olaraq Azərbaycanın etirazına səbəb olmuşdur.

Gürcüstan
Prezident Salome Zurabişvili tərəfləri barışığa çağırmış, bölgədə sülh və əmin-amanlığın qorunmasını dəstəklədiyini bildirmişdir. Gürcüstan Respublikasının 3-cü Prezidenti Mixeil Saakaşvili öz Facebook səhifəsində "Mənim mövqeyim ərazi bütövlüyü prisipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək" fikrini ifadə etmişdir. Gürcüstan 44 günlük müharibə dövründə onun ərazisindən və hava məkanından istifadə olunaraq Ermənistana hərbi yüklərin daşınmasına qadağa qoyub.

Serbiya
44 günlük müharibədən əvvəl və müharibə dövründə Serbiyanın Ermənistana silah satması haqqında təkzibolunmaz məlumatlar əldə olunmuşdur. Bu isə  Azərbaycanın narazılığına səbəb olub və bu ölkəyə etiraz bildirilib.

Yunanıstan
44 günlük müharibə dövründə dolayısı ilə Ermənistanı dəstəkləmişdir.

Almaniya
Almaniya Xarici İşlər naziri Hayko Maas “Ermənistan və Azərbaycan detallı danışıqların lehinə güc tətbiqindən dərhal imtina etməlidir” deyib və münaqişənin hər iki tərəfini dərhal bütün hərbi əməliyyatların dayandırılmasına çağırmışdır. Həmçinin kənd və qəsəbələrin atəşə tutulmasından da olduqca narahat olduğunu bildirmişdir.

İran İslam Respublikası
İran Xarici İşlər nazirinin sözçüsü Səid Xətibzadə İranın hərbi toqquşmaları diqqətlə izlədiyini, Tehranın Azərbaycan və Ermənistan arasında atəşkəs əldə olunması üçün vasitəçilik etməyə hazır olduğunu bildirib. Müharibə ərzində İran ərazisindən Ermənistana hərbi yüklərin daşınması haqqında yayılan məlumatları İran rəsmiləri təkzib etmişdir. İran öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. İranın müxtəlif şəhərlərində Azərbaycanın qələbələrinə dəstək aksiyaları da diqqəti cəlb edirdi. Şuşanın azad edilməsi və Azərbaycanın İranla sərhədi nəzarətə götürməsi Təbriz, Ərdəbil və digər şəhərlərdə xüsusi sevinclə qarşılandı. Azərbaycan ordusunun işğalçılara zərbələr endirilməsinin Arazın o biri tayından izlənilməsinə dair görüntülər internetdə xeyli izləndi. 

Pakistan
Pakistan Xarici İşlər Nazirliyi: "Ermənistan vəziyyətin daha da gərginləşməməsi üçün hərbi əməliyyatını dayandırmalıdır. Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəkləyirik və bu, yekdilliklə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğundur." Qardaş Pakistan 44 günlük müharibə dövründə Azərbaycanın yanında olduğunu açıq nümayiş etdirdi.

Qazaxıstan
Qazaxıstan Xarici İşlər Nazirliyi vəziyyəti sabitləşdirmək, güc tətbiqindən imtina etmək və danışıqlara başlamaq üçün bütün tədbirləri görməyə çağıraraq, münaqişənin beynəlxalq təşkilatlar platformasında sülh yolu ilə həll olunmasına köməyini təklif etdiyini bildirib.

Əfqanıstan
Əfqanıstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ bölgəsindəki gərginliklə bağlı bəyanat yayıb. "Dağlıq Qarabağ bölgəsi beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınıb. Əfqanıstan Dağlıq Qarabağdakı işğala son qoyulmasını tələb edir " — deyə XİN-in bəyanatında vurğulanıb.

Bosniya və Herseqovina
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin boşnak üzvü Şefik Djaferoviç və Demokratik Fəaliyyət Partiyasının lideri Bakir İzetbegoviç Azərbaycana dəstək verdiklərini, Ermənistanı qınadıqlarını və vəziyyəti 1992–1995-ci illər arasında Bosniya müharibəsi ilə müqayisə etdiklərini söylədi. 

İsrail
Yisrael Beiteinu partiyasının lideri, ölkənin keçmiş Xarici İşlər və Müdafiə naziri Aviqdor Liberman yerli "Vesti" nəşrinə açıqlamasında Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu xatırladıb: "Elə buna görə də BMT üzvü olan heç bir dövlət, o cümlədən Ermənistanın özü də Dağlıq Qarabağı suveren qurum kimi tanımayıb. Tarixi gerçəklik, beynəlxalq hüquq, İsrail dövlətinin mənafeyi baxımdan bizim mövqeyimiz tamamilə birmənalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu ərazi bütövlüyü bərpa olunmadan regionda məsələnin həllinin mümkün olmadığını düşünürük. Azərbaycanın ərazi bütövlüyü tarixi, beynəlxalq, milli mənafe baxımdan İsrailin rəsmi mövqeyidir", — deyə bildirib.

Macarıstan
Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin verdiyi bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşir

 

Beynəlxalq təşkilatların münasibəti

Avropa İttifaqı
Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi tərəflərini döyüş əməliyyatlarını dayandırmağa, gərginliyi azaltmağa və atəşkəsə ciddi əməl etməyə çağırıb. Həmçinin Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Cozef Borrellin bəyanatında ATƏT-in Minsk qrupu həmsədrlərinin rəhbərliyi altında Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə heç bir ilkin şərt qoyulmadan danışıqlara dərhal qayıtmağın zəruriliyi vurğulanmışdır. Ümumiyyətlə, Avropa qurumları münaqişəyə münasibətdə ikili standartlar nümayiş etdirmiş, Azərbaycanın beynəlxalq hüquqda təsbit olunan ərazi bütövlüyünü bərpa etmək hüququnu real olaraq dəstəkləməmişdir.

BMT
Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antoniu Quterreş "hər iki tərəf dərhal döyüşləri dayandırmalı, gərginliyi azaltmalı və təxirə salınmadan danışıqlara qayıtmalıdır" sözləri ilə çıxış edib. Təşkilat 29 sentyabrda vəziyyətlə bağlı qapalı formada təcili müzakirə keçirib.  

ATƏT
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı hər iki tərəfi hərbi əməliyyatları dayandırmağa və danışıqlara qayıtmağa çağırdı.

Qoşulmama Hərəkatı
Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qəti dəstəyini ifadə edib və Hərəkatın prinsipial mövqeyinə uyğun olaraq, Azərbaycan Respublikası ilə həmrəy olduqlarını bildiriblər.

Türk Şurası
Türk Şurasının Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hərbi qarşıdurmadan dərin narahatlığını bildirdi. Türk Şurası Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qorumağa çağırdı və  Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb etdi.