BEYNƏLXALQ ƏMƏKDAŞLIQ

1994-cü ildən etibarən Ali Baş Komandan Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun formalaşması istiqamətində daim ardıcıl və məqsədyönlü iş aparmağa başladı. Heydər Əliyev NATO-nun «Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulan Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığını, maddi-texniki təminatını, müasir döyüş texnikası və silah-sursatla təmin olunmasını, şəxsi heyətin geyim və ərzaq təminatını, ordunun daimi dislokasiya və döyüş məntəqələrindəki şəraitinin yaxşılaşdırılmasını və şəxsi heyətin mənəvi-psixoloji ruh yüksəkliyi ilə təmin olunmasını daim diqqətdə saxlayırdı.

NATO ilə sıx əməkdaşlığın əsas missiya və məqsədi də məhz milli ordu quruculuğu prosesini təkmilləşdirmək, modernləşdirmək və Qərb standartlarına uyğunlaşdırmaqdır. Bu prosesi uğurla həyata keçirən siyasi və hərbi rəhbərlik Azərbaycanı qısa bir zamanda regionun ən nüfuzlu dövlətinə və sivil dünya üçün ən etibarlı tərəfdaşlardan birinə çevirə bilib. İndi Azərbaycan Sülhməramlılarının xoş sorağı beynəlxalq miqyasda yayılır və hər birimizdə qürur hissi doğurur. Azərbaycan Silahlı Qüvvələri NATO-nun sülhməramlı qüvvələri və beynəlxalq antiterror koalisiyası tərkibində Kosovoda, Əfqanıstanda və İraqda nümunəvi xidmət göstərmişdir.

Azərbaycan Silahlı Qüvvələrinin müntəzəm güclənməsinin digər bir faydası özünü beynəlxalq aləmin və təcavüzkar Ermənistanda ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsinə baxışlarının dəyişməsinə təkan verir. Birinci növbədə bu amil xarici dairələrin münaqişə ilə bağlı mövqeyinə, Azərbaycanın haqq işinə münasibətinə müsbət təsir göstərir. Azərbaycanın hərbi qüdrətinin davamlı olaraq artması, təbii ki, dünya ictimaiyyətinin, beynəlxalq qurumların diqqətindən yayınmır. Eyni zamanda Ermənistanda da bunu təşviş hissi içərisində izləyirlər. Nəticədə həmin dairələrin Qarabağ məsələsinə münasibətlərində, həmçinin, Azərbaycanla davranışlarında müəyyən ehtiyatlılıq nəzərə çarpır. Onlar artıq qarşılarında kifayət qədər güclü orduya malik bir dövlətin dayandığını görürlər. Başa düşürlər ki, Azərbaycan regionda xüsusi çəkiyə, aparıcı statusa yiyələnib. Onlar Azərbaycan rəhbərliyinin torpaqların işğaldan azad olunması məsələsində qəti mövqe nümayiş etdirdiyini də anlayırlar. Bu isə münaqişənin həllinə yanaşmada Azərbaycanın ədalətli mövqeyinə uyğun gələn cəhətlərin üzə çıxmasına təkan verir. Təbii ki, xarici siyasətin düzgün qurulması da burada öz rolunu oynayır. Amma hərbi güc bu məsələdə əsas vasitələrdən biridir.

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 90 illiyilə bağlı yüksək səviyyədə təşkil olunan, 2008-ci il iyunun 26-da Azadlıq meydanında uğurla gerçəkləşən hərbi paradı xalqımızı və onun dostlarını sevindirdiyi kimi, düşmənləri daha dərindən məyus etdi. Məhz bu səbəbdən indi bütün Azərbaycan xalqı - dünyanın müxtəlif nöqtələrində yaşayan soydaşlarımız qüdrətli ordumuzun mövcudluğuna ürəkdən inanır. Bu güclü ordunun lazımi məqamda Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadir olduğu indi heç kəsdə şübhə doğurmur.