QANUNVERİCİLİK BAZASI

Maddə 9. Silahlı Qüvvələr

I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini tə`min etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.

II. Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir.

III. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.

 

Maddə 76. Vətəni müdafiə

I. Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

II. Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir.

 

Azərbaycan Respublikası Hərbi Qanunvericiliyindən çıxarışlar:

«AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ HAQQINDA»

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qəbul edildiyi tarix – 9 oktyabr 1991-ci il, № 210

 

Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir.

Maddə 1. Azərbaycan Respublikasının Silahlı Qüvvələri Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsinə, dövlətə silahlı hücumun qarşısının alınmasına təcavüz olarsa onun dəf edilməsinə xidmət edir.

 

Maddə 4. Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir.

Təşkilati cəhətdən Azərbaycan Respublikasının Silahlı Qüvvələri birliklərdən, birləşmələrdən, hərbi hissələrdən, hərbi təşkilatlardan və hərbi təhsil müəssisələrindən ibarətdir.

 

«AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SƏRHƏDİ HAQQINDA»

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qəbul edildiyi tarix – 9 dekabr 1991-ci il, №13

 

Maddə 1. Azərbaycan Respublikasının dövlət sərhədi

Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fazasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur.

 

«AZƏRBAYCAN RESPUBLİKASINDA HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞIN ƏSASLARI HAQQINDA»

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qəbul edildiyi tarix – 10 iyun 1992-ci il, № 166

 

Maddə 1. Hərbi xidmətə çağırışın əsasları haqqında qanunvericiliyin məqsədi və vəzifələri

Azərbaycan Respublikasında hərbi vəzifə müəyyən edilməsinin məqsədi Azərbaycan Respublikasının Konstitusiyasına, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına və «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün onları komplektləşdirməkdir.

Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında qanunvericiliyin vəzifələri hərbi vəzifənin əsaslarını, gənclərin hərbi xidmətə hazırlıq qaydalarını, hərbi xidmətə çağırışın və qəbulun şərtlərini və qaydalarını, hərbi vəzifəlilərin və çağırışçıların hərbi uçot qaydalarını, səfərbərlik üzrə çağırışın və səfərbərlikdən tərxisetmə üzrə buraxılmanın əsaslarını müəyyənləşdirmək və həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün kadrlar hazırlamaq və Silahlı Qüvvələrin daimi döyüş və səfərbərlik hazırlığını saxlamaqdır.

 

Maddə 2. Azərbaycan Respublikasında hərbi vəzifə

Azərbaycan Respublikasının Konstitusiyasına və «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və hərbi xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur.

Bu qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir.

Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmək üçün göndərilən şəxslərdən başqa Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir. Qanunla müəyyən edilmiş hallarda öz əqidəsinə və başqa əsaslara görə həqiqi hərbi xidmətə qəbul edilə bilməyən Azərbaycan Respublikası vətəndaşları 24 ay müddətində alternativ xidmət (əmək mükəlləfiyyəti) keçməlidirlər.

Azərbaycan Respublikasının tibbi və ya başqa ixtisas təhsili olan 19 yaşından 40 yaşınadək qadın vətəndaşları özlərinin razılığı ilə hərbi uçota götürülə bilər və müqavilə əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin köməkçi və ya başqa bölmələrində xidmət edə bilər.

 

«DAXİLİ QOŞUNLARIN STATUSU HAQQINDA»

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Qəbul edildiyi tarix – 8 fevral 1994-cü il, № 781

 

Maddə 1. Azərbaycan Respublikasının daxili qoşunları

Azərbaycan Respublikasının daxili qoşunları (bundan sonra daxili qoşunlar) onlara həvalə olunmuş vəzifələri yerinə yetirməklə şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusiya hüquqlarını və azadlıqlarını cinayətkar və digər hüquqa zidd qəsdlərdən qoruyur.

 

Maddə 2. Daxili qoşunların fəaliyyəti haqqında qanunverilicilik

Daxili qoşunların fəaliyyəti haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, habelə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və digər müvafiq dövlət orqanlarının normativ aktlarından ibarətdir.

 

Maddə 3. Daxili qoşunların fəaliyyətinin əsas prinsipləri

Qanunçuluq, insan hüquqlarına və azadlıqlarına hörmət, humanizm, təkbaşçılıq, mərkəzləşmiş idarəetmə, ümumi hərbi vəzifə və qoşunların könüllülük qaydasına bağlaşma üzrə komplektləşdirilməsi, hərbi qulluqçuların xidmət çəkməsinin əraziyə bağlı olmaması daxili qoşunların fəaliyyətinin əsas prinsipləridir.

Daxili qoşunlar hər bir şəxsi onun vətəndaşlığından, yaşayış yerindən, sosial mənşəyindən, əmlak və vəzifə mövqeyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, yaşından, təhsilindən, dilindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq cinayətkar qəsdlərdən müdafiə edirlər.

Vətəndaşların hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasına ancaq qanunla nəzərdə tutulmuş əsasda və qaydada yol verilir.