BAKI METROPOLİTENİ

Müstəqil Azərbaycan Respublikasının paytaxtı olan müasir Bakı şəhəri Yaxın şərqdə ən iri şəhərlərdən biridir. Təbii amfiteatr şəklində 150 kv.km qədər sahəni əhatə edən Bakı şəhəri, Xəzər dənizinin sahilində 20-km-ə kimi körfəzboyu uzanır.

Bakı və neft bir-birilə əlaqəli, biri-birini tamamlayan iki məfhum. Hələ qədimdən Abşeron yarımadasında, aşkar edilmiş neft yataqları, XIX əsrin axırı, XX əsrin əvvəllərindən başlayaraq burada, bir sıra iri müəssisələrin, o cümlədən neftçıxarma və neft emalı, enerji, maşınqayırma, kimya, metaltökmə və başqa müəssisələrin yaranmasına və bunların yüksək templə inkişafına səbəb oldu. Həmin istehsal müəssisələrinin ətrafında fəhlə qəsəbələri və yaşayış sahələri durmadan inkişaf edir, artırdı. 30-cu illərin əvvəlləri, iri istehsal sahələri, sıx əhalisi və durmadan inkişaf edən elmi-texniki və mədəni mərkəzə çevrilən Bakı şəhəri təkcə Qafqazda deyil, o cümlədən keçmiş SSRİ ərazisində iri şəhərlərdən birinə çevrilir. Bu səbəbdən keçmiş SSRİ-nin iri şəhərləri olan Moskva və Leninqrad şəhərlərindən sonra 1932-ci ildə Bakı şəhərinin Baş planında yerüstü nəqliyyatın işini yüngülləşdirən və şəhər nəqliyyatında gərginliyi aradan qaldıran rahat nəqliyyatın — metropolitenin layihələndirilməsi və tikilməsi nəzərdə tutulmuşdu.

Lakin 1941-1945-ci illərdə baş vermiş ikinci Dünya müharibəsi bu planların həyata keçirilməsinə mane oldu. Yalnız müharibədən sonra 1947-ci ildə SSRİ Nazirlər Soveti Bakıda metro tikilməsi barəsində qərar qəbul edir və Bakı metropolitenin tikintisi intensiv sürətlə aparılır, bir neçə tikinti şaxta sahələri yaranır və xeyli tunellər tikilir. Metropolitenin ayrı-ayrı sahələrini tezliklə istifadəyə vermək məqsədilə onun tikintisi bir neçə növbəyə bölündü.

1967-ci ildən metropolitenin növbələri istifadəyə verilməyə başlandı.

1-ci növbə "Bakı Soveti - Nərimanov" sahəsi, uzunluğu 9,92 km və Depo 1967-ci ilin noyabrın 6-da istismara verildi. Bundan bir az sonra 1968-ci ilin aprel ayında, uzunluğu 2,2 km olan "28 May-Xətai" təhvil verilir.

Şəhərin sərnişin daşıma nəqliyyatına Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin daimi qayğısı və diqqəti nəticəsində şəhər nəqliyyatının inkişafı sxemi hazırlandı, bu da metropoliten tikintisinin 2-ci növəbəsinin istiqamətini təyin etdi.

Bakı şəhəri 8-ci kilometr qəsəbəsi əhalisini ən sürətli və rahat nəqliyyatla tezliklə təmin etmək məqsədilə şəxsən Azərbaycan xalqının ümummilli lideri Heydər Əlivevin tapşırığı ilə metronun "Nərimanov-Neftçilər" sahəsinin uzunluğu 6,3 km olan tikintisi irəli salındı və bu sahədə yerləşən "Ulduz" stansiyası 1970-ci ildə, qalan üç stansiyası "Əzizbəyov", "Qara Qarayev" və "Neftçilər" isə 1972-ci ildə istismara verildi.

Tikintini işləri "Şimal" sahəsi istiqamətində davam etdirilərək, 1976-cı ildə "Nizami" stansiyası və ona bitişik 2.2 km uzunluğu olan tunellər istismara verildi.

1979-cu ildə şəhərin Cənub-Şərq hissəsində iri istehsalat müəssisələri, o cümlədən Bakı kondisionerlər zavodu, "Elektroştamp" və s. olan ərazidə "Bakmil" stansiyası istifadəyə verildi.

Metropolitenin 2-ci növbəsinin tikintisi 1985-ci ildə başa çatdı, "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar" və "Memar Əcəmi" stansiyaları istismara verildi.

1972-ci ildə 1-ci növbənin 3-cü sahəsinin istismara verilməsindən sonra əhalisi 300 mindən çox artmış Əhmədli yaşayış massivini sürətli və rahat nəqliyyatla təmin etmək məqsədilə şəxsən cənab Heydər Əliyevin qərarı ilə Şərq sahəsinə aid 3-cü növbənin, uzunluğu 5,1 km olan "Neftçilər-Həzi Aslanov" xəttinin tikintisi başlandı.

Əhmədli yaşayış sahəsinin yüksək sürətli və rahat nəqliyyatla təmin edilməsini sürətləndirmək məqsədilə bu sahənin birinci buraxılış kompleksi olan "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyalarını ilk növbədə tikilib istismara verilməsi qərara alındı və 1989-cu ildə həmin stansiyaların tikintisi başa çatdırıldı.

Bakı metropoliteninin tikintisinin gedişatı və onun vaxtında istismara verilməsi Heydər Əliyevin təşəbbüsü ilə dəfələrlə Mərkəzi Komitənin bürosunda müzakirə edilmiş və Nazirlər Kabinetinin qərarlarında öz əksini tapmışdır.

Metropolitenin başqa bir sahəsi olan "28 May" stansiyasının yenidən qurulması obyektində 1-ci buraxılış kompleksi olan "Cəfər Cabbarlı" stansiyası 1993-cü ildə istismara verildi.

1990-cı illərin əvvəlində SSRİ-nin süqutu və respublikada yaranmış vəziyyətlə əlaqədar Şərq sahəsini tamamlamalı olan "H.Aslanov" stansiyasının tikintisinə kapital qoyuluş ayrılmadığı üçün kompleksin tikintisində durğunluq yarandı.

1993-cü ildən ulu öndərimiz Heydər Əliyevin Respublika rəhbərliyinə qayıtması ilə əlaqədar olaraq, tikintiyə münasibət dəyişmiş, Bakı metropoliteninin tikintisini davam etdirmək üçün maliyyə vəsaiti mənbələrini müəyyənləşdirmək və investisiya almaq məqsədilə danışıqlar aparılması barədə müvafiq tapşırıqlar verildi.

Azərbaycan hökuməti rəhbərlərinin Avropa Birliyi ilə apardığı intensiv işgüzar danışıqları öz müsbət nəticəsini verdi və "Həzi Aslanov" stansiyasında yarımçıq qalmış işləri başa çatdırmaq üçün Avropa Birliyi tərəfindən, 4,1 mln. avro ayrıldı.

Bu stansiyanın 2002-ci ildə təhvil verilməsi Prezident Heydər Əliyev tərəfindən Bakı metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin kollektivinin qarşısında vəzifə kimi qoyuldu.

Stansiyanın tikintisinə Bakı metropoliteninin və Səhmdar Cəmiyyətin bütün qüvvələri səfərbər edildi və respublikada fəaliyyət göstərən xüsusiləşdirilmiş müəssisələr tikintiyə cəlb edilərək qarşıya qoyulmuş vəzifə vaxtında yerinə yetirildi.

"Həzi Aslanov" stansiyası və ona gələn tunellərin istismara verilməsindən sonra Bakı metropoliteni 20 stansiya və uzunluğu 31,5 km xətlərdən ibarət oldu.

2006-2009-cu illərdə metropolitendə yeni inkişaf mərhələsi başlanmışdır. Nəticədə 2008-ci il oktyabrın 9-da “Nəsimi” stansiyası, 2009-cu il dekabrın 30-da “Azadlıq prospekti” stansiyası və “28 May” stansiyasının ikinci giriş-çıxışı istismara verilmişdir. 2011-ci ildə “Dərnəgül” stansiyasının istismara verilməsi ilə metro stansiyalarının sayı 23-ə, xətlərin ümumi uzunluğu isə 34,56 km-ə çatmışdır. Bundan başqa, 2008-ci ildə “İçərişəhər” stansiyası, 2011-ci ildə isə “Koroğlu” stansiyası tam yenidən qurularaq sərnişinlərin istifadəsinə verilmişdir.

2008-ci il noyabrın 10-da Prezident İlham Əliyevin sərəncamı ilə metropolitenin perspektiv inkişaf planının hazırlanması işlərinə başlanılması nəticəsində gələcək üçün mühüm vəzifələrin müəyyənləşdirilməsinin əsası qoyuldu. Konseptual inkişaf sxeminin texniki-iqtisadi əsaslandırmasını yerinə yetirmək üçün tender keçirildi və metro tikintisi sahəsində böyük təcrübəyə malik, beynəlxalq miqyasda tanınmış Fransanın SYSTRA, İngiltərənin “Mott McDonald” və Koreya Respublikasının “Saman” şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium yaradıldı. İki il ərzində konsorsiumla birgə Bakının yeraltı dəmir yolları şəbəkəsinin beynəlxalq standartlara uyğun ictimai nəqliyyat sistemi səviyyəsində inkişaf etdirilməsi məqsədilə metropoliten xətlərinin yeni sxemləri hazırlandı. Yekun olaraq, 14 layihədən 4-ü ən münasib variant kimi, ümumi müzakirəyə çıxarıldı.

2010-cu il noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında keçirilən geniş müşavirədə metropolitenin perspektiv inkişaf planı müzakirə edildi. 20 illik inkişaf planına əsasən, yeraltı dəmir yol xətlərinin ümumi şəbəkəsi 2 mövcud və 3 əlavə yeni xətdən ibarət olacağı müəyyənləşdirildi. Tunellərin uzunmüddətli istismarını təmin etmək məqsədilə onların xarici diametri 6 metr müəyyən olunmuşdur. Texniki-iqtisadi əsaslandırmada stansiyaların uzunluğu 7 vaqon üçün və ya 144 metr nəzərdə tutulmuşdur.

2011-ci ilin martında ölkə başçısının “Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı əsasında “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edilmiş, “Bakı Metropoliteninin 2011-2015-ci illərdə inkişafına dair Dövlət Proqramı” təsdiq olunmuşdur. Bu sənəd metro sahəsində çox böyük quruculuq işlərinin əsasını qoymuşdur. 

2015-ci il dekabrın 28-də Elmlər Akademiyası stansiyasının 2 çıxışı, 2016-cı il aprelin 19-da 3-cü Bənövşəyi xətt və onun tərkibində olan Avtovağzal və Memar Əcəmi stansiyaları istifadəyə verilmişdir. Bu stansiyaların tikintisində ən müasir texnologiyalardan istifadə edilib.

Gələcəkdə Bakı metropoliteni xətlərinin sayını 5-ə, şəbəkənin uzunluğunu 36 kilometrdən 119 kilometrə, stansiyaların sayı isə 25-dən 76-ya çatdırılması planlaşdırılır. Bunun əsas məqsədi metronun mövcud şəbəkəsinin genişləndirilməsidir. Bunun üçün, ilk növbədə, yeni xətlər inşa olunmalıdır. Bu isə ictimai nəqliyyat növlərinin yükünün azaldılmasına kömək edəcək. Əsas məqsədlərə metropolitenin vaqon parkının mütəmadi modernləşdirilməsi, qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə maksimum rahatlıq yaradılması daxildir. Yeni proqram sayəsində metro digər ictimai nəqliyyat vasitələri ilə uzlaşdırılacaq və inteqrasiyası təmin ediləcək (Avtovağzal stansiyasının çıxışlarından biri Bakı Beynaxalq Avtovağzal Kompleksinə aparır). Bu isə əsasən, metropoliten şəbəkəsinin təkmilləşdirilməsi nəticəsində baş verəcək. Yeni xətlərdə sərnişinlərin rahatlığını təmin etmək üçün platformaların uzunluğu artırılacaq və bunun hesabına alınacaq qatarlar ən müasir texnologiyalarla təchiz olunmaqla yanaşı, vaqonlarının sayı 5-dən 7-yə çatdırılacaq.Tikilən obyektlərdən daha biri — Bakı Metropoliteninin texnoloji korpusunun bu ilin noyabrında — metropoliten işçilərinin peşə bayramında istifadəyə verilməsi gözlənilir. 2-4-cü mərtəbələrdə dispetçer məntəqələri yerləşəcək. 3-cü mərtəbədə akt zalı da olacaq. Burada son tamamlama və dizayn işləri görülür. 9-cu mərtəbədə hər biri 100 nəfərə qulluq edəcək iki yeməkxana olacaq və burada tikinti işləri yekunlaşıb və təchizatla bağlı məsələlər həll olunur.