AZƏRBAYCAN – QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI

1992-ci ildə 11 dövlət tərəfindən (Azərbaycan, Türkiyə, Albaniya, Bolqarıstan, Gürcüstan, Ukrayna, Rumıniya, Moldova, Rusiya, Yunanıstan, Ermənistan və 1999-cu ildə Serbiyanın təşkilata qoşulması ilə) yaradılan QDİƏT-in başlıca məqsədi region dövlətləri arasında qarşılıqlı iqtisadi, siyasi əməkdaşlığın inkişaf etdirilməsi və bölgədə birgə səylər nəticəsində təhlükəsizliyin qorunmasından ibarətdir.

Təşkilatda müşahidəçi statusunda ABŞ, Avstriya, Polşa, Almaniya, İtaliya, İsrail, Çexiya, Slovakiya, Xorvatiya, Belarus, Misir, Tunis kimi dövlətlər və Avropa İttifaqı Komissiyası, Beynəlxalq Qara Dəniz Klubu, Enerji Xartiyası Katibliyi, Qara Dəniz Komissiyası kimi təşkilatlar iştirak edirlər.

Azərbaycan 1992-ci il iyunun 25-dən etibarən QDİƏT-in təsisçi üzvüdür. Həmin tarixdə təşkilatın 11 təsisçi üzv ölkəsinin dövlət başçıları tərəfindən QDİƏT-in Bəyannaməsi imzalandı. Bəzən “İstanbul Bəyannaməsi” adlanan bu sənəddə Qara dəniz əməkdaşlığının prinsipləri, əsasları, istiqamətləri və ilkin mexanizmləri əks olunmuşdur. Azərbaycanın bu təşkilatın işində iştirakının əsas məqsədi Qara dəniz regionunda xüsusi rola malik olduğunu sübut etmək və onu möhkəmləndirmək, regiona mütərəqqi qurucu münasibət bəslədiyini göstərmək, Avropaya inteqrasiya siyasətini həyata keçirmək, Azərbaycanın nəqliyyat-tranzit potensialını gücləndirmək, üzv ölkələrlə çoxtərəfli əməkdaşlıq mexanizmi qurmaq, bununla da strateji maraqlarını qorumaq idi.  Təşkilat daxilində əməkdaşlığın inkişaf etdirilməsində 1995-ci il iyunun 30-da Buxarestdə keçirilən QDİƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşü mühüm rol oynamışdır. Bu zirvə görüşündə Ümummilli lider Heydər Əliyev də iştirak etmişdir. Tədbirdə çıxış edən Heydər Əliyev münaqişələrin həllində regionda siyasi şəraiti sabitləşdirmək üçün inteqrasiya proseslərinin genişləndirilməsinin vacib olduğunu bildirmişdir. Zirvə görüşünün sonunda qəbul edilən Buxarest Bəyannaməsində region ölkələri arasında iqtisadi əməkdaşlığı sürətləndirmək, müxtəlif sahələrdə əməkdaşlıq etmək, xüsusi layihələri həyata keçirmək,  biznes dairələri arasında əlaqələri təşviq etmək və s. məsələlərin vacibliyi vurğulanmışdır. 1998-ci il iyunun 5-də təşkilata üzv dövlət və hökumət başçılarının Yalta şəhərində keçirilən görüşündə təşkilatın nizamnaməsi imzalanmışdır. Dövlət başçısı Heydər Əliyev tərəfindən 1998-ci il dekabrın 1-də imzalanmış sərəncamla QDİƏT-in Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən təsdiq edilmişdir.  Azərbaycan müxtəlif dövrlərdə təşkilatın qaydalarına uyğun olaraq  QDİƏT-in sədrliyini həyata keçirmişdir. Azərbaycanın sədrliyi dövründə əsasən nəqliyyat, energetika, kommunikasiya, ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün layihələr həyata keçirilmişdir. Azərbaycan Respublikası QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya, elmi tədqiqat, texnologiyalar və s. üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verir. Təşkilatın prioritet istiqamətləri olan enerji və nəqliyyat sahələrinə Azərbaycan mühüm önəm verir. Azərbaycan Respublikası tərəfindən istər QDİƏT-ə daxil olan, istərsə də bu təşkilata üzv olmayan dövlətlərlə bu sahələrdə geniş əməkdaşlıq qurulmuşdur. Azərbaycanın əsas iştirakçısı olduğu və tam gücü ilə dəstəklədiyi enerji layihələri (Bakı–Tbilisi–Ceyhan, Bakı –Novorossiysk və Bakı– Supsa neft kəmərləri, Bakı – Tbilisi – Ərzurum, hazırda həyata keçirilən TANAP, TAP qaz boru kəmərləri və bütövlükdə “Cənub Qaz Dəhlizi”) və nəqliyyat layihələri (Bakı–Tbilisi–Qars) Xəzər hövzəsi ilə Qara dəniz hövzəsi arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir. Azərbaycanın coğrafi-strateji mövqeyi, bir sıra mühüm nəqliyyat dəhlizlərinin bu ərazidən keçməsi ölkəni Avropa ilə Asiya arasında etibarlı tranzit məkanına çevirmişdir.

26 iyun 2012-ci il tarixində İstanbulda Prezident İlham Əliyevin də iştirakı ilə QDİƏT-in 20 illik Yubiley Sammiti keçirilmişdir.

Təşkilat yaranandan bəri fəaliyyəti dövründə QDİƏT üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşmasına yeni imkanlar açmışdır. Təşkilatın beynəlxalq iqtisadiyyatda önəmli rolu olmuş, bölgədə iqtisadi əlaqələrin, o cümlədən üzv ölkələr arasında əməkdaşlığın genişlənməsinə, özəl sektorun, ticarətin, mədəniyyətin, turizmin inkişafına təkan vermişdir. Bütün bunlar isə üzv ölkələrin səyləri nəticəsində mümkün olmuşdur. Avrasiyanın mərkəzində yerləşən, Qara dənizətrafı və ona yaxın ölkələri, o cümlədən Azərbaycanı birləşdirən bu təşkilat tarixi İpək Yolunun bərpasında və enerji resurslarının daşınmasında  mühüm rola malikdir.

Azərbaycan QDİƏT yaranandan bəri bu qurumdan regional və regionlararası iqtisadi əməkdaşlıq platforması kimi yararlanmışdır. Qarşılıqlı iqtisadi maraqlara söykənən beynəlxalq əməkdaşlığı dəstəkləyən Azərbaycan üçün QDİƏT gələcəkdə də ölkənin iqtisadi inkişafı, Qara və Xəzər dənizləri regionları arasında əlaqələrin möhkəmləndirilməsi baxımından müəyyən rol oynamaq imkanlarına malikdir.