Azərbaycan D-8 təşkilatında
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir.
Birliyin bayrağındakı altı ulduz onun əsas prinsiplərini simvollaşdırır:
- müharibə deyil, sülh, münaqişə deyil, dialoq;
- ikili standartlar deyil, ədalət;
- üstünlük deyil, bərabərlik;
- müstəmləkə deyil, ədalətli düzən;
- zülm və hökmranlıq deyil, insan haqları, azadlıq və demokratiya.
“İslam Səkkizliyi” adlanan D-8-in üzvlərinin əhalisinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir və böyük iqtisadi potensiala malikdir. D-8 indiyədək 11 zirvə toplantısı keçirib. Təşkilat qurulanda üzv ölkələrin adambaşına düşən gəliri 872 dollar idisə hazırda 1500 dollar civarındadır, ixracat 239 milyard dollardan 600 milyard dollara yaxınlaşıb, idxalat 235 milyard dollardan təxminən 500 milyard dollara yüksəlib.
D-8 regional deyil, qlobal mahiyyətli təşkilatdır. O, qrupun məqsədlərini, prinsiplərini qəbul edən və ümumi əlaqələri paylaşan inkişaf etməkdə olan başqa ölkələr üçün də açıqdır. Təşkilat regional və beynəlxalq təşkilatlara üzvlükdən irəli gələn ikitərəfli və çoxtərəfli öhdəliklərinə heç bir mənfi təsir göstərməyən bir forumdur.
Birliyin məqsədi böyük iqtisadi potensiala, müxtəlif resurslara, çoxsaylı əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanları əldə etmək, ticarət əlaqələrini şaxələndirmək, beynəlxalq qərarların qəbulu proseslərində iştirakını artırmaq, daha yaxşı yaşayış təmin etməkdir.
D-8 “yeni dünya” qurmaq istiqamətində atılan mütərəqqi addımlardandır. Quruma üzv ölkələrin yerləşdiyi bölgə uzun illər, əsrlərdir güclərin toqquşan maraqlarının meydanına çevrilib. Bu ziddiyyətlər regionda əməkdaşlığa, əmin-amanlığa, firavanlığa, sülhə daim əngəl olub. D-8 yeni dünyanın qurulmasına dəvətlər, çağırışlar edir. 2014-cü il dekabrın 10-da BMT Təhlükəsizlik Şurasına üzvlüklə bağlı müraciət etmişdi. Hazırda təşkilatın qurumda müşahidəçi statusu var.
D-8 çərçivəsində əməkdaşlıq aşağıdakı sektorlar əsasında həyata keçirilir: regionların, kənd təsərrüfatı və balıqçılığın inkişafı, yoxsulluğa qarşı mübarizə və insan resursları, elm və texnologiya, maliyyə, bankçılıq və özəlləşdirmə, ticarət, energetika, sənaye, sağlamlıq və ətraf mühit.
Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub.
Qahirə şəhərində keçirilən XI Sammitdə ölkəmizi Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.
D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir.
Ədaləti və beynəlxalq hüququn norma və prinsiplərini özünün prioritet məqsədi kimi qarşıya qoyan ölkəmiz D-8-in təməl prinsiplərinin qorunmasında, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq.
Azərbaycanın belə bir təşkilata üzv olması onun beynəlxalq aləmdə nüfuzunun artmasına nümunələrdəndir. Bu, respublikanın etibarlı bir dövlət olduğunu, davamlı, ardıcıl xarici siyasət yürütdüyünü göstərir. Azərbaycanın D-8-ə qəbul edilməsi ona etimaddan irəli gəlir.
Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.