AZƏRBAYCAN – NATO
Azərbaycan özünün çoxvektorlu xarici siyasət startegiyasını həyata keçirərkən təhlükəsizlik məsələlərinə hər zaman böyük diqqət ayırmışdır. Buna görə də Azərbaycan müasir dünyanın ən böyük hərbi alyansı – NATO ilə əlaqələrə xüsusi önəm vermiş və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab etmişdir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. 1997-ci ildə Azərbaycan SNT Planlaşdırma və Analiz Prosesinə qoşulmuşdur. Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avratlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan–NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapmışdır. Beləliklə, Azərbaycanın hərbi qanunvericiliyi NATO standartlarından faydalanaraq daha da təkmilləşdirilmişdir.
Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (2004) öz əksini tapmışdır. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sahəsində islahatlar aparılması, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir. 1999-cu ildə Azərbaycan Kosovoda olan NATO-nun sülhməramlı əməliyyatlarına dəstək məqsədilə hərbi birlik göndərmişdir. Bu əməliyyatlarda iştirak vasitəsilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri NATO qoşunları ilə ortaq əməliyyatlar keçirilməsi təcrübəsi əldə etmiş, NATO standartları ilə yaxından tanış olmuş və sülhməramlı qoşunlarımızın peşəkarlıq səviyyəsini artırmışdır. Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə imkan verir.
2001-ci ildə Azərbaycan çoxmillətli “Qətiyyətli əməkdaşlıq – 2001” SNT hərbi təlimini həyata keçirmişdir. Növbəti il Azərbaycan Əfqanıstana NATO qüvvələrini dəstəkləmək məqsədilə hərbi birlik göndərmişdir. 2003-cü ildə Azərbaycan Virtual İpək Yoluna qoşulmuş və növbəti il İstanbul zirvə görüşündə müttəfiq liderləri Qafqaza xüsusi diqqət ayırmışdılar. Belə ki, NATO-nun xüsusi nümayəndəsi və əlaqələndiricisi bölgəyə təyin olunmuşdu. Həmin il Prezident İlham Əliyev Brüsseldə Azərbaycanın ilk Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planını NATO-ya təqdim etmişdir. 2005-ci ildə Azərbaycan NATO ilə ilk dəfə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində əməkdaşlığa başlamışdır. SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı NATO-ya üzv və bəzi tərəfdaş ölkələr tərəfindən təşkil edilən təcrübə mübadiləsi, hazırlığın artırılması, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır. Digər mühüm mexanizm hərbi islahatlar, təlim və təhsil, standartların tətbiqi, NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlara və hərbi təlimlərə göndərilə biləcək qüvvələri müəyyənləşdirmək və qiymətləndirməkdə tərəfdaşlara yardım etməyi nəzərdə tutan Planlaşdırma və Analiz Prosesidir (PAP). PAP tərəfdaş ölkəyə NATO təcrübəsinə uyğun müdafiə planlamasının təşkil edilməsinə yardım edir.
Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramının prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən genişspektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan və Azərbaycan arasında 10 noyabr 2020-ci il tarixinədək mövcud olmuş münaqişə ilə bağlı məsələlər, sülhməramlı əməliyyatlar, beynəlxalq sülh və təhlükəsizliyə töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və digər ortaq maraq kəsb edən mövzular müzakirə olunur.
NATO-nun əməliyyatlarına Azərbaycanın dəstəyi hazırda əməkdaşlığın mühüm sahələrindəndir. Hazırda Azərbaycan hərbçiləri Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrində (ISAF) iştirak edir.
2015-ci ilin yanvarından NATO-nun Əfqanıstanda keçirdiyi yeni “Qətiyyətli Dəstək” adlı qeyri-döyüş missiyasında Silahlı Qüvvələrimizin 120 hərbi qulluqçusu, 2 hərbi həkimi və 6 qərargah zabiti olmaqla 128 nəfərlik kontingenti NATO qüvvələri ilə birgə Əfqanıstandakı missiyada iştirak edir. Azərbaycan həmçinin Tərəfdaşlığın Qərargah Elementi konsepsiyası çərçivəsində NATO-nun Qərargah və Komandanlıqlarına töhfə verir. Bununla yanaşı, Azərbaycan nümayəndəsi Fəlakətlərə Cavabın Əlaqələndirilməsi üzrə Avro-Atlantik Mərkəzdə könüllü milli töfhə qismində xidmət edir.
Azərbaycan mühüm enerji infrastrukturunun mühafizәsi, terrorizmә qarşı mübarizә üzrә Avratlantika Tәrәfdaşlıq Şurası formatında İşçi Qrupun sәdri olmaqla bu sahədə öz töhfəsini verir. Belə töhfə NATO ilə kəşfiyyat və təhlil mübadiləsindən, NATO müttəfiqləri ilə birlikdə milli əks-terror təlim imkanlarını gücləndirməkdən, sərhəd və infrastruktur təhlükəsizliyinin təkmilləşdirilməsindən ibarətdir.
2021-ci il dekabrın 14-də Prezident İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Daha sonra Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.
Hal-hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Digər tərəfdən, NATO üçün əhəmiyyətli starateji coğrafi mövqeyə malik, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanla tərəfdaşlıq çox önəmlidir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, hərbi və iqtisadi imkanları NATO tərəfindən yüksək qiymətləndirilir.